İntihar edən qızın atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”

“Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib”. Bunu Axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.

O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:

“Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət təhsilinə görə beş il Bakıda yaşayıb, semestr imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım.

Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.

Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da sayta açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:

“N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semestr imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Balahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilsə də, qızın ailəsi bunu təkzib etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu