Avropa Xocalı faciəsinə göz yummamalıdır - FOTO

Ötən gün Kiyevdə Ukrayna Ombudsman ofisinin təşkilatçılığı ilə Ali Radanın, Avropa Şurası Parlament Assambleyasının deputatları, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Silahlı münaqişələrdə dinc əhalinin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Oxu.Az xəbər verir ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə keçirilən Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində Ukrayna Ali Radasının İnsan Haqları üzrə komissiyasının sədri, Ombudsman Lyudmila Denisova, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ali Radanın Azərbaycanla deputat dostluq qrupunun sədri Valeriy Kolyux iştirakçıları salamlayaraq, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Xocalıda törədilmiş soyqırımın insanlığa qarşı baş vermiş cinayət olduğu vurğulanıb. Bu səbəbdən Xocalı üçün ədalətin tələb edilməsinin sadəcə Azərbaycan xalqının deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsi olduğu qeyd edilib. 

Açılış mərasimində “Xocalı – bəşəriyyətin vicdan yarası” mövzusunda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Üzrə səfiri Elşad İskəndərov müasir dünyada regional münaqişələr zamanı mülki əhalinin qorunmasına dair beynəlxalq və Avropa müstəvisində qəbul edilmiş normalar haqqında ətraflı məlumat verərək, bu prinsiplərin işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı kobud şəkildə pozduğunu, Xocalı soyqırımının isə bu cinayətlərin ən son həddi olduğunu vurğulayıb. 

Natiqin sözlərinə görə, istər dünya ictimaiyyəti, istərsə də Avropa təsisatları uzun illər ərzində elan etdikləri ali prinsiplərin Xocalı soyqırımı zamanı kobud şəkildə tapdalanmasına göz yumaraq, ikili standartlar nümayiş etdiriblər. Yalnız 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya Ədalət” kampaniyası nəticəsində beynəlxalq ictimaiyyət bəşəriyyətin vicdan yarası olan bu faciəni tanıyıb. Bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlar və parlamentlər tərəfindən Xocalı soyqırımına verilən hüquqi və siyasi qiymət haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra keçirilmiş panel müzakirələrdə çıxış edən Ukrayna Ali Radasının Sosial siyasət Komitəsinin sədr müavini Natalya Korolevska, BMT İnsan haqları monitorinq missiyasının sədr müavini Benjamin Moro, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası İdarə Heyətinin sədri Elçin Əsgərov, Avropa Parlamentinin Ukraynadakı nümayəndəsi Hanna Xristova, Ukrayna Helsinki insan haqları ittifaqının icraçı direktoru Aleksandr Pavliçenko və digərləri Xocalı faciəsinin son bir əsrdə mülki əhaliyə qarşı baş vermiş cinayət aktları ilə müqayisəli təhlilini apararaq, bütün faciələrin dünya ictimaiyyəti tərəfindən tanınması, onlara siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi məsələsini vurğulayıblar. 

Tədbirdə çıxış edən Valentina Əsədova mərhum həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədovun Qarabağ müharibəsi zamanı könüllü olaraq Vətənə döndüyünü, savaş zonasında mülki əhalinin xilasında iştirak etməsi əməliyyatları haqqında xatirələrini bölüşüb. O, Xocalı faciəsinin Azərbaycan xalqı ilə yanaşı, ukraynalılar üçün də yaralı tarix olduğunu qeyd edib.

Tədbiri yekunlaşdıran konfransın moderatoru - Ukraynanın nüfuzlu “Leviy Bereq” İnstitutunun nümayəndəsi Aleksandr Demçenko Xocalı faciəsinə Avropa təsisatları tərəfindən lazımi qiymət verilmədiyini bir daha vurğulayaraq, bu istiqamətdə Avropa Şurası Parlament Assambleyasını ikili standartlara son qoyaraq, həqiqət və ədalətin tərəfində olmağa çağırıb. O, tədbirin qurumdakı ukraynalı deputatların bu istiqamətdə fəallığına səbəb olacağına ümidini ifadə edib.
 
Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlər kontekstində Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran sənədli film nümayiş etdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu