Bu gün də çal-çağır etdilər: Bakı barları Xocalı soyqırımına məhəl qoymadı - Ziyalılardan ETİRAZ

Bu gün sosial şəbəkələrdə yayılan müəyyən görüntülər əhali tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, görüntülərdən aydın olur ki, paytaxt Bakıda yerləşən bəzi diskoteka və barlar bu gecə də fəaliyyətlərini davam etdiriblər. Axı heç olmasa bu gün - Xocalı faciəsininm növbəti ildönümündə həmin obyektlər qapılarını bağlaya bilməzdimi? Buna nə ad vermək olar? Şəhidlərin ruhuna həqarət, etinasızlıq, yoxsa sadəcə işbazlıq? 

Sherg.az-a açıqlamasında məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, belə neqativ hallara qarşı mübarizədə gənclər fəal olmalıdırlar: 



Əhməd Qəşəmoğlu: “Onları maraqlandıran ancaq biznesləridir”


“Düzdür, ikraha yol vermək də yaxşı deyil. Ancaq heç olmasa belə günlərdə ovqat fərqli olmalıdır. Təkcə əyləncə mərkəzləri yox, televiziya kanalları da fəaliyyətlərinə diqqətlə yanaşmalıdırlar. Bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür”. 

Sosioloq həmin məkan sahiblərini puldan başqa heç nəyin düşündürmədiyini deyir: 

“Bəlkə, onları da qınamq olmaz. Çünki həmin şəxslər vətəndaşlıq mövqeyindən çox uzaqdırlar. Onları maraqlandıran ancaq biznesləridir. Bu səbəbdən də heç bir tarixi hadisəyə, faciəyə önəm vermədən müşətərilərinə normal xidmət göstərməyə çalışırlar”. 



Sabir Rüstəmxanlı: “Həmin şəxslərin Azərbaycan tarixini nə qədər bilməsi, hansı millətin vətəndaşı olmaları şübhə doğurur”


Vətəndaş Həmrəyliyi partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı isə düşünür ki, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəs, belə məsələlərə diqqətlə yanaşmalıdır: 

“Mənim ziyalı, yazıçı, şair olmağımın heç bir fərqi yoxdur. Əsas odur ki, azərbaycanlıyam. Bu mənada özünü vətəndaş hesab edənlər belə hallara biganə yanaşmamalıdırlar. Xocalı faciəsinin baş verdiyi tarixdə barların, diskotekaların fəaliyyətini davam etdirməsi sadəcə ikrah doğurur. Həmin şəxslərin Azərbaycan tarixini nə qədər bilməsi, hansı millətin vətəndaşı olmaları şübhə doğurur. Hər halda milli heysiyyata sahib olanlar faciə günü əyləncəni dayandırmalıdırlar”. 

S.Rüstəmxanlı obyektləri işlədənlərlə ora gedənlərin eyni dərəcədə günahkar olduğu qənaətindədir: 

“Heç bir tərəfə haqq qazandırmaq olmaz. Obyekt sahibi pul, müştəri isə əyləncə düşünür. Heç birini Vətən və Vətən üçün canından keçənlər  maraqlandırmır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu