Saakaşvili layihə idi – O, yenidən Gürcüstanın başına keçə bilərmi? - TƏHLİL

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili feysbuk səhifəsində müxalifətin parlament seçkisində qalib gələcəyini qeyd edib. “İvanişvili təslim olmaq istəmir və səsverməni saxtalaşdırmağa hazırlaşır. Məncə, bunu yalnız statistika ilə adlayıb keçmək mümkün deyil. Mənim partiyam aktiv seçki kampaniyası aparır və bu il uğur qaçılmazdır”.

Politoloq Azər Rəşidoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtması Rusiya ilə yenidən qarşıdurmaya gətirib çıxara bilər:

“Saakaşvili hakimiyyətə qayıdarsa, Gürcüstanda hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı, bunu demək çətindir. Əslində, Mixail Saakaşvili dövrünün bitməsi də Moskva – Tiflis münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. ABŞ politoloqu Zbiqnev Bzejinski yeni ideyalarla çıxış edir və açıq şəkildə bəyan edir ki, Ukrayna, Gürcüstan və Qırğızıstan üzərində nəzarət Rusiyaya qarşı sanitar dəhlizi rolunu oynaya bilər. Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu. Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. 



Azər Rəşidoğlu: “Əsəbi və dalaşqan Mixail Saakaşvili, Şevernadzenin zamanında diz çökən, oğruların meydan suladığı ölkəni bölgənin aparıcı oyunçusuna çevirə bildi”


Lakin Cənubi Osetiya üzərində nəzarəti  bərpa etməkdə Saakaşvili Vaşinqtondan dəstək ala bilmədi və bu layihə iflasa uğradı. Mixail Saakaşvili təzadlı simadır. Demokratiya uğrunda mübarizə aparan Mişa, öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edir, bunu qəzəblə qarşılayır. Onun üçün yalnız bir həqiqət var, o da onun öz şəxsi fikridir. Saakaşvili münaqişə yaradan, dalaşqan, tez özündən çıxan bir insandır. Bu emosionallıq Abxaziya və Cənubi Osetiyanın tam itirilməsinin səbəblərindən biri oldu. Əslində, onun karyerası sürətli olub. Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili, Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2003-cü ildə Gürcüstan prezidenti seçilib. 7 avqust 2008-ci ildə Pekin Olimpiadiasının açılışı ilə bağlı şənlik hazırlıqları əsnasında, rəsmi Tiflis Cənubi Osetiya torpaqlarının güc yolu ilə özünə birləşdirməyə başlamışdı. Tanınmayan Osetiyada separatçı rejimi ləğv etdikdən sonra Mixail Abxaziyaya girməyi düşünürdü. Lakin Qərb onu bu savaşda onu tək buraxdı və Mixail məğlub oldu. Onun prezident seçilməsi də maraqlı olmuşdu. 2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamentinin binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edərək, qəhrəmana çevrilmişdi. Qalanı sırf texnologiya idi. Şevardnadze tribunadan elə tələsik qaçdı ki, Mixail onun kürsüsünə atılaraq, Eduardın çayını bir nəfəsə başına çəkdi və beləliklə də, Gürcüstanda yeni eranın başlandığını nümayiş etdirdi. Siyasətdə populizm də vacibdir və "Amerika uşağı" olan Mixail bunu bilirdi. Saakaşvili yeni salınan yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarı olmuşdu. Demokrat prezident çoxsaylı tərəfdarları ilə küçələrdə görüşməyi sevirdi. Lakin çoxları hesab edir ki, Saakaşvili dövründə Gürcüstanda demokratiya və şəffaflıq elə yeni bina fasadları və polis ofislərindən kənara çıxmayıb. Saakaşvili Gürcüstanın turist potensialını tez-tez reklam etdirməyə həvəs göstərirdi. Dövlət başçısı televiziya ekranlarında gah Svanetiya dağlarını xizəkçi qiyafəsində, gah da Qara dəniz sahilini üzgüçü tumanında reklam etdirirdi. Ənənələrə qiymət verilən Gürcüstanda isə, belə hərəkət heç də hamının ürəyincə deyildi. Sadəcə, Qərb texnoloqları belə istəyirdilər və Mixail belə geyinirdi. Cinayətkarlıqla mübarizədə Saakaşvilinin siyasəti birmənalı olmayıb. Onun oğru qanunlarına nifrəti həbsxanaların dolması ilə nəticələndi. Elə buna görə də Saakaşvili islah müəssisələrində vəziyyətin ağırlaşmasına görə tənqid olundu. Onu elə Qərbin özü tənqid edirdi. 



Yaraşıqlı Mişa həm də "şorgöz kişi" kimi tanınır


Yaraşıqlı Mişa həm də "şorgöz kişi" kimi tanınırdı. Məşhur rusiyalı massajist qadın, jurnalistlərin əhatəsində çəkdirdiyi şəkillər də belə söz-söhbətlərə əsas verirdi. Mixailin tez-tez qadınlarla publika qarşısında görünməsi onun arvadbaz imicini gücləndirirdi. Yerli mediada deyilirdi ki, prezident özünü gözəl qadınlarla əhatə etməyə çalışır, o cümlədən, hökümətdə də. Çünki Saakaşvilinin prezidentliyi dövründə hökümətdə nazir kürsüsündə gözəl qadınların oturması heç də təəcüblü deyildi. Saakaşvili xarici səfərlərdə olarkən tərəfdarları onun xarici dildə sərbəst danışmasından qürür duyduqları halda, çoxları prezidentin büdcə vəsaitlərini şəxsi məqsəd və əyləncəyə xərclədiyini qeyd edirdilər. "İmedi" telekanalı Şaakaşvilinin 2009 və 2011-ci illərdə Nyu Yorkda 11 min avro büdcə pulunu kosmetik əməliyyatlara və botoks inyeksiyalarına sərf etdiyini bəyan etmişdi. Saakaşvili həmin iradları rədd edərək, edilmiş xərclərin Gürcüstanın təbliği və ölkəyə invastisiyaların cəlb edilməsi ehtiyacı ilə bağlı olduğunu vurğulamışdı. Mixail Saakaşvilinin Gürcüstanın tarixində hansı iz buraxacağını zaman göstərəcək. Onun 10 illik hakimiyyətindən sonra Gürcüstanda elə adam yoxdur ki, Mixail Saakaşviliyə münasibət barədə suala neytral bir cavab versin. Onu ya sevir, ya da nifrət edirlər. Buna baxmayaraq, əsəbi və dalaşqan Mixail Saakaşvili, Şevernadzenin zamanında diz çökən, oğruların meydan suladığı ölkəni bölgənin aparıcı oyunçusuna çevirə bildi. Buna görə ona ancaq təşəkkür düşür. Gürcülər isə təşəkkür etməyi o qədər də sevmirlər. Dağlarda yaşamaq insanları ifrat qürurlu edir. Hər halda, Gürcüstan Avropa deyil. Dağların öz qanunları var və Mişa bunu bilməmiş deyildi”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu