Rüstəm Usubov niyə məhkəməyə verildi?


Qazax RPŞ-nin müstəntiqi Nurlan Vəliyevin obyektiv araşdırma apararaq qəzanın Etibar Qocayevin idarə etdiyi maşınla törədilməsini müəyyən etdiyi halda, DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru Azər Hüseynovun, ölümlə nəticələnən avtomobil qəzasında iki sürücüdən biri, təqsiri hələ ibtidai istintaqda sübut olunmayan Qazax rayon Daş Salahlı kənd sakini Qafqaz Məmmədovu həbs etdirməkdə niyə maraqlıdır?



Vəkil Əlizadə Kazımov: “Cənab prokuror Rüstəm Usubov müstəntiqin vəsatətdə həbs qətimkan tədbirinin seçilməsi üçün yazdığı, həqiqəti əks etdirməyən yalan dəlillərin, əsasında yəni, baş vermiş hadisədə sürücünün təqsirli olması haqda məhkəmə avtotexniki ekspertin rəyinin və digər mötəbər sübutların olub-olmamasını yoxlamadan, müstəntiqin vəsatətdə yazdıqlarını olduğu kimi həbs qətimkan tədbiri seçilməsi haqda təqdimata köçürməklə Qazax Rayon Məhkəməsinə təqdim etmişdir”.


“Buradan belə bir sual meydana çıxır: - Baş müstəntiq Azər Hüseynov “NİVA”-nın sürücüsü Qafqaz Məmmədovun adına 13 yaşlı Vüqarın bütün xasarətlərini yazdığı halda, bəs sürücü Qocayev Etibar Rəşid oğlunun idarə etdiyi VAZ-21015 markalı 20 DU 445 dövlət qeydiyyat nişanlı avtomobili piyadanın üzərindən keçib sürüməklə ona hansı xəsarətlər yetirilməsini niyə qeyd etməyib?”.



Prezident cənab İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı islahatlar öz bəhrəsini verməkdədir. Artıq Prezident tərəfindən müxtəlif vəzifələrə təyin olunan gənc kadrlar xalqın içində olurlar, onların problemlərinin həllinə çalışırlar. Köhnə kadrların bəziləri isə yeni sistemə uyğunlaşa bilmirlər, aparılan islahatlara badalaq vururlar. Prezident cənab İlham Əliyev “toxunulmaz kadr yoxdur” prinsipinə əməl edərək, artıq belə kadrlara qarşı çox ciddi tədbirlər görür. Ötən il əhalinin canını boğazına yığmış Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin, Yevlağın sabiq icra başçısı Qoca Səmədovun, ötən həftə isə korrupsiya və rüşvətdə ittiham olunan Neftçalanın icra başçısı İsmayıl Vəliyevin  kabinetdəcə həbs edilməsi aparılan islahatların məntiqi nəticəsidir. 

Bütün bunların fonunda məhkəmə islahatları olduqca zəif gedir. Bu səbəbdən də günahsız insanlar həbs edilir, bunun acısını isə başsız qalmış ailələr çəkir. Hansısa hakimin qərəzli qərarı, nəinki günahsız həbs olunan insanın və onun ailəsinin, hətta ölkəmizin adına ciddi zərbə vurur. Bu məqsədlə mən hesab edirəm ki, korrupsiya və rüşvətxorluğun kökünü kəsmək, iqtisadiyyatımızı, sənayemizi yüksələn templə inkişaf etdirmək üçün birinci növbədə məhkəmə islahatları sürətləndirilməlidir. Nə qədər ki, qərəzli hakimlər var və verdikləri qərəzli qərarlara görə cəzasız qalırlar, onda aparılan islahatlar bir o, qədər yetərincə dəstək almayacaq. Çünki bütün iqtisadi mübahisələrin, dava-dalaşların sonu məhkəmədə tamamlanır. 

Nəhayət, bu yöndə yenə də redaksiyamıza şikayət daxil olub. Qazax rayonunun Daş Salahlı kənd sakini Məmmədov Elbrus Bərşad oğlu qardaşı Qafqaz Məmmədovun düşdüyü müsibət barədə redaksiyamıza müraciət edib. Müraciətdən və təqdim edilən sənədlərdən aydın olur ki, qardaşı Qafqaz Məmmədov həm bəzi hakimlərin, həm də polis müstəntiqinin qərəzli qərarının qurbanı olaraq həbs edilib. Əlbəttə, polis müstəntiqi səhv eləyə bilər, amma bu səhvlər məhkəmədə araşdırılıb düzəldilərək, obyektiv qərarlar çıxarılmalıdır. Bunu qanun da belə tələb edir, vicdan da... 

Amma çox təəssüf ki, hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları, eyni zamanda, bəzi hakimlər nə qanun tanıyırlar, nə də vicdan. Nəticədə yuxarıda qeyd etdiyimiz kimi, günahsız insanlar həbsə məhkum edilir, ailələr dağılır, başsız qalır. 
E.Məmmədovun bizə müraciəti və təqdim etdiyi sənədlər həqiqətən də Qafqaz Məmmədovun günahsız yerə həbs edildiyini sübut edir. Maraqlıdır ki, yol-nəqliyyat hadisəsinə görə hələ heç bir məhkəmə qərarı olmadan, yəni istintaq getdiyi dövrdə cəmiyyət üçün heç bir təhlükə törətməyən Q.Məmmədovun həbsinə qərar verilir. Axı ola bilər, məhkəmə getdiyi dövrlərdə bu insanın günahsızlığı sübut ediləcək, bəs onda bu həbs tələskənliyi kimə və nə üçün lazımdır?!  Bir də maraqlıdır ki, baş vermiş qəzada iki sürücü istintaqa cəlb edilsə də, birini həbs etmək məqsədəuyğun sayılıb. Hər halda bütün bu və ya digər suallara yazılarımızda aydınlıq gətirməyə çalışacağıq. 

İndi isə bizə təqdim olunan sənədlərlə tanış olaq və görək istintaq getdiyi dövrdə  Qafqaz Məmmədovun həbsi vacibdirmi? Deməli, sənədlərdən məlum olur ki, 14 iyul 2019-cu il tarixdə saat 21.30 radələrində Qazax rayonu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi “Vaz-21015” markalı “20 DU 445” dövlət qeydiyyat nişanlı avtomobillə Şiştəpə döngəsi deyilən istiqamətdə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 2007-ci il təvəllüdlü Qazax rayonunun Daş Salahlı kənd sakini Aqqiraxlı Məhəmməd Vüqar oğlunu vurmuş, nəticədə sonuncu hadisə yerində dünyasını dəyişmişdir. Özü də maraqlıdır ki, Etibar Qocayevin idarə etdiyi maşının altına düşən uşağı bir müddət maşın sürümüşdür. Bu zaman əks tərəfdən gələn “VAZ-2121” markalı “99 PH 832” dövlət qeydiyyat nişanlı “NİVA” avtomobilinin sürücüsü Məmmədov Qafqaz Bərşad oğlu 015 markalı Jiquli maşınının altında qaraltı görür və maşını saxlatdırır. Hadisə barədə dərhal Qazax Rayon Polis Şöbəsinin (RPŞ) məlumat verilir. 

Hadisə yerinə Qazax rayon prokurorunun müavini 1-ci dərəcəli hüquqşüqnası Ağayev Qasım Nizami oğlu, Qazax RPŞ-nin İB-nin rəisi polis mayoru  Poladov Kazım Ziyadxan oğlu, polis baş leytenantı Vəliyev Nurlan Nəsib oğlu da baxış keçirmək üçün  gəlirlər. Hadisə yerinin apaşdırılması nəticəsində müəyyən olunur ki, qəza 015 markalı jiquli maşınının sahibi Etibar Qocayev tərəfindən törədilib. Bəli, faktla bağlı 15 iyul 2019-cu il tarixdə Cinayət Məcəlləsinin (CM) 263.2 maddəsi ilə cinayət işi başlanılır. İş isə Qazax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Vəliyev Nurlan Nəsib oğluna həvalə olunur. N.Vəliyev işə əvvəldən obyektiv yanaşaraq  qəzanın“VAZ 21015” markalı “20 DU 445” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Etibar Qocayev tərəfindən törədilməsini müəyən edir. Amma E.Qocayev və onun yanında olan şahid Osmanov Yaşar Bayram oğlu eyni ifadə verərək, bildiriblər ki, 13 yaşlı piyada Aqqiraxlı Məhəmməd Vüqar oğlunu Qafqaz Məmmədovun idarə etdiyi “NİVA” markalı maşının sol tərəfi ilə vuraraq, onun idarə etdiyi “015” markalı Jiquli maşının altına atmışdır. Müstəntiq N.Vəliyev isə apardığı təhqiqat işində iki şahidin, yəni hadisəni törədən sürücü ilə sərnişinin söylədikləri qərəzli ifadələrini yox, ekspert rəylərinə əsaslanaraq günahkarın hadisəni uzaqdan görən NİVA markalı maşının sürücüsü Q.Məmmədov olmadığı qənaətinə gəlir. Nəticəni belə görən maraqlı qüvvələr müstəntiq Nurlan Vəliyevi işdən kənarlaşdırırlar. Görünür Müstəntiq N.Vəliyevin obyektivliyi, prinsipiallığı və işinə vicdanla yanaşması kimlərəsə sərf eləmirdi. Çünki N.Vəliyev törədilən qəza zamanı hadisə yerində dünyasını dəyişmiş 13 yaşlı Məhəmmədə “NİVA” markalı, yoxsa 015 markalı maşınla xəsarət yetirilməsini müəyyən etmək məqsədi ilə komision qaydada Məhkəmə-Tibbi ekspertiza təyin olunması barədə qərar qəbul edir. Bundan sonra cinayət işi Respublika Prokurorluğu tərəfindən öyrənildikdən sonra, iş Qazax RPŞ-nin istintaq bölməsindən alınaraq, istintaqın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işləri üzrə (YNHDİ) istintaq və təhqiqat şöbəsinə verilir. İşin aparılması isə, DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru Azər Hüseynova həvalə edilir.  Azər Hüseynov 01 oktyabr 2019- cu il tarixdə cinayət işini icraatına qəbul edir. İşi qəbul edəndən sonra polis mayoru Azər Hüseynov, avtotexniki ekspertizanın  rəyini almamış, hadisə barədə açıq qalan suallara cavab tapmamış  16 oktyabr 2019- cu il taridən Qafqaz Məmmədovu şübhəli şəxs qismində həbsə alınması barədə qərar qəbul edir.

18 oktyabr 2019-cu il tarixdə Q.Məmmədova CM-in 263.2 maddəsi ilə ittiham elan edir. Eyni zamanda barəsində həbs qətimkan seçilməsindən ötrü ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Respublika Baş prokurorunun birinci müavini cənab Rüstəm Usubova vəsatətlə  müraciət edir. Müstəntiq vəsatətində piyada Məhəmmədin bədənindəki bütün xəsarətlərin Q.Məmmədova məxsus NİVA markalı maşınla yetirildiyini  qeyd edib. Həmçinin o, Q.Məmmədovun hərəkətlərində guya “Yol hərəkəti haqqında”  Azərbaycan Respublikası Qanunun 50.1 maddəsinin tələblərinin pozulması halı olmasını göstərmişdir. Qanunun bu tələbinə əsasən sürücünün hərəkəti üçün təhlükə yaranan andan idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq üçün lazımı tədbirlər görməlidir. Qanunun bu tələbinin pozulması iki yolla müəyyən edilir.  İfadənin hadisə yerində yoxlanması və ya ictintaq eksprementi yolu ilə. Bu istintaq hərəkətləri zamanı əldə olunmuş məlumatlar əsasında sürücünün günahkar olub olmamasını yoxlamaq üçün iç üzrə avtotexniki ekspertiza təyin edilməlidir. Müstəntiq Azər Hüseynov isə vəzifə səlahiyyətlərini aşaraq mövcud qanunun tələblərinə əməl etməyərək Q.Məmmədovun həbsi üçün Baş prokurorun birinci müavini cənab  Rüstəm Usubova müraciət edib. R.Usubov da müstəntiqin vəsatətində göstərdiyi dəlillərin  obyektiv olub-olmamasını yoxlamadan Qafqaz Məmmədov barəsində həbs qətimkan tədbiri seçməkdən ötrü təqdimatla Qazax Rayon Məhkəməsinə müraciət edib və məhkəmə də müraciəti təmin edib.

Günahsız bir insanın, iki az yaşlı uşaq atasının niyə həbs edilməsinin səbəbini DİN-nin Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru Azər Hüseynovdan və Qazax rayon məhkəməsinin hakimindən soruşmaq lazımdır.. Görəsən, bu haqsızlığa, hakimin belə özbaşınalığına hadisə yerinə  elə həmin gün gəlib, qəzanın Etibar Qocayev tərəfindən törədildiyini müəyən etdikləri halda, Qazax rayon prokurorunun müavini, 1-ci dərəcəli hüquqşüqnas  Ağayev Qasım Nizami oğlu, Qazax RPŞ-nin İB-nin rəisi, polis mayoru  Poladov Kazım Ziyadxan oğlu niyə etiraz səslərini ucaltmayıblar? Etibar Qocayevin cinayətini bilib gizlətməklə kimə və nəyə xidmət edirlər?

Yaxşı, bəs niyə Azərbaycan Respublikası Baş Prokurorunun I müavini, II dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Rüstəm Usubov belə bir təqdimata imza atmışdır? Cənab R.Usubovun təqsirləndirilən şəxs Qafqaz Məmmədovun vəkili Kazımov Əlizadə Şəfi oğlunun vəsatətini və həbs barədə  03 fevral 2020-ci il tarixdə qəbul etdiyi qərara şərh vermək bizim səlahiyyətimizdə deyil. Ancaq burada bizi narahat edən suallara cavab axtarmaq isə səlahiyyətimizdədir. Biz R.Usubovu peşəkar və bacarıqlı prokuror işçisi kimi tanıyırıq. Uzun müddətdir bu vəzifədə işləməsi də o deməkdir ki, cənab R.Usubov öz işində məsuliyyətli və ciddidir. Ona görə də tam əminliklə deyə bilərik ki, ətrafında olan inandığı adamlar, bu məsələdə cənab R.Usubova yalan məlumat veriblər. R.Usubovun adından hazırlanmış qərarı sadəcə ona qol çəkdiriblər və bunun da sayəsində günahsız bir insan hələ istintaq başa çatmamış artıq həbsdədir. 
Mən istəyirəm cənab R.Usubovun qərarı barədə hüquqşünas rəy versin. Bu məqsədlə də Qafqaz Məmmədovun müdafiəçisi, 18 saylı Vəkil Bürosunun və Vəkillər Kollegiyasının üzvü, 30 ilə qədər yol-nəqliyyat hadisələri üzrə müstəntiq işləmiş, indiyə qədər 50-yə yaxın bəraət hökmünün çıxarılmasına nail olmuş, öz işinin peşəkarı Əlizadə Kazımovla əlaqə saxladıq. Cənab R.Usubovun onun vəsatətinin niyə rədd etməsi barədə münasibət bildirməsini xashiş etdik. Məlum oldu ki, həmin qərarla vəkil Ə.Kazımov qətiyyən razı deyil. Ona görə də cənab R.Usubova qərarın düzgün olmaması və bu barədə daha ətraflı məlumat verilməsi üçün onu qəbul etməsini əks etdirən teleqramla müraciət edib. Həmin teleqramı olduğu kimi təqdim edirik:

“DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Azər Hüseynov tərəfindən  CM-nin 263.2-ci maddəsi ilə  təqsirliliyi  sübut olunmamış, vəkili olduğum  Qafqaz  Məmmədova  18 oktyabr 2019-cu il tarixdə CM-in 263.2-ci maddəsi ilə ittiham elan olunub. Həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü,  Qazax rayon məhkəməsinə  təqdimat  verməyiniz üçün vəsatətlə  Sizə müraciət edib. Müstəntiqin vəsatətində göstərdiyi dəlillərin  obyektiv olub-olmamasını yoxlamadan Qafqaz Məmmədov barəsində həbs qətimkan tədbiri seçməkdən ötrü təqdimatla Qazax rayon məhkəməsinə müraciət etmisiniz.    

Qazax rayon məhkəməsi tərəfindən 18 oktyabr 2019-cu il tarixli qərarla baş vermiş hadisədə təqsirliliyi sübuta yetirilmədən Qafqaz Məmmədov haqqında həbs qətimkan tədbiri seçilb və hazırkı vaxta qədər  Qafqaz Məmmədov həbsdə saxlanılır.

İbtidai istintaq orqanının və Qazax rayon məhkəməsinin yol verdiyi bu qanun pozutularana  son qoymaq və Qafqaz Məmmədovun pozulmuş hüquqlarının bərpa olunması haqda  17 yanvar 2020-ci ildə  vəsatətlə sizə müraciət etmişəm. 
Lakin hazırkı vaxta qədər verdiyim vəsatətə cavab verilməyib. Obyektivliyi təmin etmək naminə verdiyim vəsatətə cavab verməyinizi və məni qəbul etməyinizi  xahiş edirəm”. Göndərdiyi teleqrama vəkil cavab almayıb. Lakin qaldırdığı vəsatətin rədd edilməsi barədə R.Usubovun imzaladığı qərardan vəkil Ə.Kazımov Səbail Rayon Məhkəməsinə nəzarət qaydasında şikayət verib. İndi hörmətli R.Usubov çıxardığı qərarın düzgün olub-olmamasına məhkəmədə aydınlıq gətirməlidir. R.Usubovun məhkəməyə verilməsi demək olar ki, yeganə haldır. Vəkil Ə.Kazımov bizimlə söhbətində dönə-dönə vurğuladı ki, bacarıqlı prokuror kimi R.Usubova böyük hörməti var. Lakin bu işdə maraqlı olan müəyyən qüvvələr hazır qərarı hansı yollasa, ona imzalatmağı bacarıblar. Ancaq bütün bunlara məhkəmədə aydınlıq gələcək və məlum olacaq ki, Qafqaz Məmmədovun həbsə alınması və həbs müddətinin uzadılması üçün R.Usubovun adından verilmiş təqdimat həqiqəti əks etdirmir. 
Ə.Kazımov onu da qeyd etdi ki, R.Usubovun adından 03.02.2020-ci il tarixdə verilmiş vəsatətinin rədd edilməsi barədə qərarda göstərilən bütün xüsusatlar, məhkəməyə təqdim etdiyi şikayətində Azərbaycan Respublikası CM-nin və CPM-nin konkret maddələri ilə təkzib olunur. 
Bizim üçün maraq kəsb etdiyindən Ə.Kazımovdan, müdafiə etdiyi şəxs Qafqaz Məmmədovun həbsində kimlərin maraqlı olması və ibtidai istintaq dövründə müstəntiq Nurlan Vəliyev tərəfindən, hadisənin  qanun pozuntularına yol vermədən necə düzgün araşdırılması barədə əlavə məlumat öyrənmək istədik. 

Ə.Kazımovun dedikləri: “Məlumat üçün qeyd edim ki, uzun illər yığdığım təcrübəyə əsaslanaraq mənə təqdim olunan işdə, hadisəni törədən şəxsin günahsızlığına əmin olmasam, o işi qəbul etmirəm. Burada da işlə tanış olandan sonra Qafqaz Məmmədovun günahsız olduğunu tam aydın etdim. Q.Məmmədov ziyalı bir insan olaraq, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin DSMF-nin Qazax rayon filialında sığorta sektorunun müdiri vəzifəsində işləyib. Onunla istintaq dövründə dəfələrlə görüşmüşəm. Kimin yalan, kimin düz danışdığını müəyyən edə bilirəm. Bu məsələdə Q.Məmmədovun danışdıqları hadisənin başvermə şəraitinə uyğun gəldiyi üçün o həqiqət kimi qəbul edirəm və onun heç bir günahı yoxdur.Ona görə də mən Rüstəm Usubovun 03.02.2020-ci il tarixli qərarından Səbail Rayon Məhkəməsinə verdiyim şikayətdən sizin maraqlandığınız məsələlərə aydınlıq gətirmək üçün bəzi məqamları diqqətə çatdırıram:

Yuxarıda göstərilənlərə  əsasən  Məmmədov Qafqaz  Bərşad oğlu 16 oktyabr 2019-cu il tarixdən  hazırkı vaxta qədər  qanunsuz və əsassız olaraq həbsdə saxlanılır.

Bunlardan başqa, hüquqlarını müdafiə etdiyim Məmmədov Qafqaz Bərşad oğluna qarşı CM-nin 263.2-ci maddəsi ilə ittiham irəli sürülərək 16 oktyabr 2019-cu il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanması həm də ona görə qanunsuz və əsassızdır ki, aşağıda göstərilən iş materiallarına əsasən onun hərəkətlərində CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur.

Belə ki Qazax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Vəliyev Nurlan Nəsib oğlu tərəfindən 26.09.2019-cu ildə təyin etdiyi komisyon  məhkəmə tibbi ekspertinin 11 dekabr 2019-cu il tarixli №T429/2019 saylı rəyinin nəticə hissəsində göstərilib: Zərərçəkmişin meyitinin müayinəsi zamanı aşkar edilən sağ bud sümüyünün qapalı sınığının konstruktiv quruluşu nəzərə alınaraq “VAZ 2121” markalı avtomobilin sol qabaq yan səthi ilə vurulmasından yarana bilməsini inkar etmək olmaz”.                           

Beləliklə, cinayət işinin materiallarında olan sənədlərin ilkin  məcmusuna əsasən istintaq birtərəfdən hadisənin baş vermə mexanizmini müəyyən etmədən, yuxarıda göstərildiyi kimi baş vermiş hadisənin Qafqaz Məmmədova aidiyyəti olub-olmamasını aidiyyəti olduğu halda onun baş vermiş hadisənin qarşışısını almaqdan ötrü texniki imkanının olub-olmaması haqda məhkəmə-yol-nəqliyyat hadisələri üzrə ekspertizadan rəy alınmadan, digər tərəfdən də, komisyon qaydada Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyin ekspertləri tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli №T429/2019 saylı rəydən görünür ki, mərhum Aqqiraxlı Məhəmməd Vüqar oğlununm meyitinin məhkəmə - tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlərdən sağ bud sümüyünün qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Komisyon qaydada verilmiş məhkəmə tibbi ekspertin 11 dekabr 2019-cu il tarixli №T429/2019 saylı rəydən görünür ki, “VAZ-21214” markalı avtomobildən zərərçəkmiş şəxs Aqqıraxlı Məhəmməd Vüqar oğluna yetirilmiş xəsarətlərdən ancaq sağ bud sümüyünün qapalı sınığı sübuta yetirilib. Sağ bud sümüyünün qapalı sınığı ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Yol nəqliyyat hadisələrində zərərçəkmiş şəxsə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirilməsi CM-nin 263.1-ci maddəsinə aiddir.CM-nin 263.1-ci maddəsinin dispozisiyasında göstərilir: “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olduqda-

İki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

CM-nin 15.2-ci maddəsində qeyd edilib: “Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.

Komisyon qaydada verilmiş məhkəmə tibbi ekspertin rəyindən görünür ki, Qafqaz Məmmədovun idarə etdiyi “VAZ-21214” markalı avtomobildən zərərçəkmiş şəxs Aqqıraxlı Məhəmməd Vüqar oğluna yetirilmiş xəsarətlərdən ancaq sağ bud sümüyünün qapalı sınığı  sübuta yetirilməsi ehtimal ounur. Sağ bud sümüyünün qapalı sınığı ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aidd olduğu üçün böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Qanunvericilikdə böyük ictimai təhlükə törətməyən cinayətlərdə qətimkan tədbiri kimi həbs nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikası CPM-nin 157.7-ci maddəsinin tələbinə əsasən Həbsin qətimkan tədbiri qismində seçilməsi barədə qərar çıxarmış məhkəmə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır.
Həmin Məcəllənin 157.8-ci maddəsinin tələbindən də  görünür ki, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər. Məcəllənin 157.8.1-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyrimümkünlüyü barədə tibbi rəy olduqda, 157.8.2-ci maddəyə əsasən təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsüf edilməsi barədə qərar çıxarıldıqda.
Yuxarıda göstərilənlərə əsasən obyektivliyi təmin etmək naminə təqsirləndirilən şəxs Məmmədov Qafqaz Bərşad oğluna Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 263.1-ci maddəsinə tövsüf olunmalı və Qazax Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş 18 oktyabr 2019-cu il tarixli, 4(023)-35\2019 saylı həbs qətimkan tədbiri haqda Qərarı və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə Qazax Rayon Məhkəməsi tərəfindən  çıxarılmış qərarlar ləğv edilməsi  və Məmmədov Qafqaz  Bərşad oğlu  həbsdən azad olunması haqda tədbir görülməsi  haqda  17 yanvar 2020-ci il tarixdə  ibtidai istintaqa  prosessual rəhbərliyi həyata keçirən  Azərbycan Respublikasının Baş Prokurorunun birinci müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubova vəsatətlə müraciət etmişəm. İbtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Respublikanın Baş Prokurorunun birici müavini cənab Rüstəm Usubov 03 fevral 2020-ci il tarixli qərarı ilə 17 yanvar 2020-ci il tarixdə verdiyim vəsatəti rədd etmişdir. Cənab prokuror verdiyim vəsatətin rədd ediməsi haqda qərarda göstərir...

Hazırladı: Elçin Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu