Faciə hamımızındır: Ümumxalq hüzn gününü hamı birgə yaşamalıdı



Televiziyalar da, şadlıq sarayları, əyləncə yerləri, konsert salonları da bu qaydaya əməl etməlidir



Paytaxtın mərkəzində - Nizami küçəsində yerləşən “Face klub”da Xocalı şəhidlərinə hörmətsizlik edilib. Baş verənlərlə bağlı sosial şəbəkədə video paylaşılıb. Videodan görünür ki, adıçəkilən klubda fevralın 25-dən 26-na keçən gecə, yəni xalqımıza qarşı soyqırım – Xocalı faciəsi yaşanan tarixdə əyləncə dayandırılmayıb. Klubda həmin gecə parlaq işıq effekti altında musiqi və rəqslər davam edir. Klub rəhbərliyinə Xocalı faciəsinin 28-ci ildönümü olduğu xatırladılanda isə, “turistləri razı salmalıyıq” cavabı verilir. Klub rəhbərliyinin əksinə olaraq, oradakı turistlərə xalqımızın faciəni anım tarixi olduğu bildiriləndə, onlar bu barədə məlumatlı olmadıqlarını deyir və üzr istəyirlər. 

Deməli, əcnəbi xalqımızın kədər, hüzn günündə rəqs etdiyi üçün üzr istəyir, klub rəhbəri isə qazancından vaz keçmək istəmir. Təəssüf ki, buna bənzər hallarla başqa zamanlarda və məkanlarda rastlaşırıq. Yadınızdadırsa, ötən ay bir qrup hindistanlı gənc Şəhidlər Xiyabanında klip çəkmək adı altında rəqslər etmişdi. Bu hadisə ölkə ictimaiyyətinin haqlı təpkisi ilə üzləşdi və Hindistanın Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirmək məcburiyyətində qaldı. 

Faciə tarixlərimizin sayğı ilə anılmaması, işğal tarixlərinə, hüzn günlərinə bəzən tv-lərimizdə, şadlıq saraylarında, əyləncə mərkəzlərində, konsert salonlarında saymazlıq nəyin təzahürüdür?



Sabiq millət vəkili Həvva Məmmədova “Şərq”ə açıqlamasında bunu təbliğatın zəifliyi ilə əlaqələndirdi: 

- Əsrin faciəsi olan Xocalı soyqırımına, eləcə də xalqımızın zaman-zaman qarşılaşdığı, başına gətirilən müsibətlərə, işğal tarixlərimizə, hüzn günlərimizə bəzi hallarda hörmətsizlik, görməzdən gəlmək, hesab edirəm ki, aparılan təbliğatın zəifliyinin nəticəsidir. Xocalı faciəsi təkcə fevralın 25-i, 26-sı yad edilməməlidir. Bu faciə, mənfur qonşularımızın xalqımıza qarşı törətdiyi soyqırım daim diqqət mərkəzində saxlanılmalı, bu haqda daim danışılmalıdır. Fevral ayı isə, heç olmasa ayın ortalarından etibarən hüzn günləri hesab edilməlidir. Televiziyalar da, şadlıq sarayları, əyləncə yerləri, konsert salonları da bu qaydaya əməl etməlidir. Yoxsa bir gün, bir gecə, bir neçə saat Xocalıdan danışılır, soyqırım qurbanları yad edilir, ardınca yenə çal-çağır başlayır. Bu günlərdə xocalılar şəhidlərini yad edir, ehsan süfrələri açılır. Axı bu əyləncələr onları incidir, ruh düşkünlüyü yaradır. Bir əzizimiz rəhmətə gedəndə gözümüz axtarır ki, görən kim bizə başsağlığı verəcək, kim dərdimizə şərik olacaq. Xocalı isə ümumxalq hüznüdür. Deməli, bu günlərdə hamımız millət, xalq olaraq xocalıların yanında olmalıyıq. Hamımız bu dərdi sinəmizə çəkməliyik, xocalılarla bərabər olmalıyıq. Məncə, o əyləncə mərkəzində rəhbərlikdən biri əcnəbilər qarşısına çıxıb “bu gün xalqımızın soyqırım günü, hüzn günüdür, ona görə musiqi olmayacaq” desəydi, əcnəbilərə hörmətlə adi qaydada çay, başqa nələrsə təklif etsəydilər, əksinə, əcnəbilər də buna hörmətlə yanaşardı, həm onlar da maariflənmiş olardılar, soyqırım haqqında məlumatlı olardılar. Öz ölkələrinə qayıtdıqda bu barədə danışardılar. Əyləncə mərkəzlərinin, kubların 10-15 gün gəlirləri az olsa, dünya dağılacaq?! Həmin video nə qədər insanı narahat edib, xüsusən də xocalıları. Xalq olaraq hər birimiz özümüzə bu sualı verməliyik ki, mən Xocalı üçün nə etmişəm? Şərt o deyil ki, həmin vaxt orda olasan, döyüşəsən, şəhid olasan... İndiki zamanda da xocalılara mənəvi dəstək olmaq mümkündü. Xocalılar əsasən Pirşağı qəsəbəsində məskunlaşıb. Onların görüşünə gedilməlidir, hüzn məclislərində iştirak edilməlidir. Mətbuat, televiziya bu sahədə təbliğatı gücləndirməli, maarifləndirici proqramlar hazırlamalıdırlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu