Professor: Toz-duman qatı ciddi fəsadlara yol açır



 “Tozun tərkibində elə radiasion fon ola bilər ki, tənəffüs yollarında irritasiyalar yaradaraq xərçəng şişini inkişaf etdirər”



Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın məlumatına görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.

Maraqlıdır, paytaxtda müşahidə olunan toz-duman hansı ciddi fəsadlara yol aça bilər?
 
Ekoloqlar bu cür hava şəraitinin ciddi fəsadları olmadığını deyiblər. Onların fikrincə, havada toz kütləsinin çoxalması nəfəs yollarına mənfi təsir göstərir. Digər tərəfdən də evlərimiz, ofislərimiz toz olur. Amma bu toz dumanının ciddi fəsadları yoxdur. Ona görə də təhlükəli, sensasiyalı nəsə gözləmək lazım deyil.



Adil Qeybulla: “Toz-duman qatı xüsusilə astma xəstəliyi, gözlərində yaz kataraktası və allergiyası olan insanlara problemlər yaradır”


Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, öncə ölkəyə daxil olan tozun mənbəyi müəyyən edilməli və toz nümunələri tədqiq edilməlidir: 

“Həmin toz hissəcikləri yerin cazibə qüvvəsi nəticəsində yer atmosferinə daxil olur və bir ölkənin səmasında uzun müddət qalmır. Toz nümunələrinin nə qədər radioaktiv olub-olmadığı aydınlaşmalıdır. Bu toz külək yerin fırlanması nəticəsində öz yerini tədricən dəyişir. Çoxsaylı təbiət faktorları onun öhdəsindən gəlir. Bir hissəsi çökür, bir hissəsi isə səpələnir, yağış yuyub aparır. Toz yer atmosferində uzun müddət qala bilməz”. 

A.Qeybulla toz qatının ağciyər xərçənginə səbəb olduğu barədə deyilənlərə toxunub: “Bunun üçün də tozun tərkibində hansısa radioaktiv elementlərin, yaxud digər konserogen maddələrin olub-olmadığı müəyyən edilməli, radiasiya fonu öyrənilməlidir. Həmin konserogen effekti olan maddələr bronx tellərini mexaniki qıcıqlandırıb ciddi dəyişikliklər törədə bilər. Təbii ki, tək bir amil xərçəng yaratmaq üçün yetərli deyil, amma tozun tərkibində elə radiasion fon ola bilər ki, tənəffüs yollarında qıcıqlanmalar yaradaraq gələcəkdə xərçəng şişinin inkişafı üçün əsas ola bilər. Bundan başqa, gips mənşəli müxtəlif toz hissəciklərinin nəfəs yollarına düşməsi bronxları ciddi şəkildə qıcıqlandırır. Bu da ciddi problemlərə gətirib çıxara bilər. Toz-duman qatı xüsusilə astma xəstəliyi və allergiyası olan insanlara problemlər yaradır. Gözlərində yaz kataraktası olan insanlara bu cür havanın pis təsiri var. Toz hissəcikləri dəridə allergik reaksiyalar da yarada bilər. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir. Harada toz hissəciyi ilə təmas varsa, orda qıcıqlanma ehtimalı böyükdür. Ona görə insanlar ehtiyatlı olmalıdırlar".  

Professor belə hallarda insanların maarifləndirilməsinin vacibliyini vurğulayıb: 

“Həmin dövr ərzində insan sağlamlığına məsul olan qurumlar xəbərdaredici tədbirlər görməlidir. Həmin gün ərzində açıq havada çox dayanmaq olmaz, tibbi maskalardan istifadə etmək lazımdır. Ağız örtüyü çox vacibdir. Qapı-pəncərələrin bağlı saxlanılmasına diqqət etmək lazımdır. Toz nümunələrinin tənəffüs yollarına daxil olması, nəfəs alma mümkün qədər məhdudlaşdırılmalıdır. Bu dövrdə insan orqanizminin, eləcə də heyvanların bu tozla təması nə qədər az olsa, tozun zərərverici təsiri də az olar”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu