Əməkdar artist: "Böhtan atmıram, gördüyümü deyirəm" - MÜSAHİBƏ



"Özlərinə kişi deyirlər, toylara yanlarında apardıqları qadın müğənniləri masalara, pullu kişilərə satırlar"


"Şou-biznesə ər tapmaq, sponsora tor atmaq üçün gələn o qədər üzdəniraq müğənnilər var ki, onlara görə müğənnilərin adı ləkələnir"


Bəzən cəsarətli olmaq lazımdı. Elə bizim bugünkü qonağımız kimi. Onun son cəsaərtli açıqlaması şou-biznesdə olan, toy bazarındakı bir çox kişi müğənnilərinə şillə kimi dəydi. Söhbət Əməkdar artist Sevinc  Sarıyevadan gedir. 

Əməkdar artist bəzi kişi müğənnilərini toylarda tərəf-müqabillərini pula satmaqla suçladı. Biz də daha ətraflı bu söz-söhbətlərə aydınlıq gətirmək üçün Əməkdar artistlə həmsöhbət olduq.

- Son açıqlamanız əməlli-başlı səs-küyə səbəb oldu...

- Mən həqiqətləri danışdım. Hər kim ki, mənə zəng edib deyir ki, niyə belə deyirsən, xanım müğənniləri 150-200  manata satanlar da o müğənnilərdi. Özlərinə kişi deyirlər, toylara yanlarında apardıqları qadın müğənniləri masalara, pullu kişilərə satırlar. Mən böhtan atmıram. Nə görmüşəm onu deyirəm. 

- Yəni sizə zəng edib irad bildiriblər ki?

- Bəli, ad çəkməyəcəm, bir neçəsi zəng edib narahat oldular. Dedilər, Sevinc xanım, niyə bunu efirdən deyirsiz? Mən də onlara dedim ki, hamını demirəm ki, kim edir, onları qınayıram. Əgər sən o qələti etməmisənsə niyə narahatsan? Soğan yeməmisən, için niyə göynəyir? Mən sözümü dedim, sözün sahibləri  götürdülər. Elə zəng edənlər də o adamların özləridir. O qədər zəng edən oldu ki.

- Zəng edənlərin çoxu elə toy bazarında at oynadanlar idi?

- Bəli, toylarda at oynadanlar ki  var, onlar zəng etdilər. Dəqiq bilirəm ki, o kişi müğənnisi  duet ortağını məcbur edir ki, yaxınlaş masalara, səni burda oxumaq üçün toya gətirməmişəm. Yaxınlaş pul yığ.

- Qeyd etdiniz ki, böhtan atmırsız, başınıza gələn əhvalat sizi danışmağa məcbur edir?

- Bəli, mən iştirak etdiyim toyda bir xanım müğənnini 150 manata satırdılar. Mən də narazılığımı bildirmişəm. Səhv etmişəm. Mən sənətkaram, özümə hörmətim var. Mənə kimsə artıq nəsə deyə bilməz. Amma gənc xanımdı, hələ səhnəyə təzə gəlir, sən də kişi müğənnisi olaraq onu məcbur edirsən ki, yaxınlaş kişilərin masasına özünü sat. Bu nə qədər doğrudur. Susmalıydım? Mən buna necə susa bilərəm. Axı sonra xanım müğənnilərin hamısı haqqında yanlış təəssürat yaranır.

- Bəlkə bir az da açıq danışaq. Belə hadisəyə görə kişi müğənnisinin başında mikrofon sındırmısız. Doğrudurmu?

- Bəli, doğrudur. Bəs mən niyə odlanıb danışıram. Gözümün qabağında gənc xanım müğənnini məcbur edirdilər ki, kişilərin masasına yaxınlaş. Özünü pula sat, sənətini 150 manata sat. Mən toya yarım saatlıq dəvət almışdım. Repertuarımdan oxuyurdum. Həmin toyu da bir tanınmış kişi müğənnisi idarə edirdi. Yanında da bir cavan xanım oxuyan gətirmişdi. Arada cavan xanım mənə qoşulub mahnılar ifa etdi. Mən də istədim ona dəstək olum. Özünü hörmətli bilən həmin kişi müğənni qıza yaxınlaşıb dedi ki, niyə burda dayanıb oxuyursan. Mən sənə 150 manat pul verəcəm, yaxınlaş kişilərin masasına, pul yığ. Bura nə üçün gəlmisən? Mən də buna qəzəbləndim. Toy gedən vaxtda mikrofonu götürüb vurdum həmin kişi müğənnisinin başına, başı yarıldı, qan başını götürdü. Təbii ki, toy sahibi də bildi, hamı nəyə görə bu hərəkəti etdiyimi gördü deyə mənə haqq qazandırdılar. Amma mikrofon kişi müğənnisinin başını yaralamışdı deyə təcili yardım cağırdılar. Təcili yardım da gələndə polisə məlumat verməyə məcbur qaldı. Polis bölməsinin rəhbəri də mənim bu addımı nəyə görə atdığımı bilib mənə hörmətlərini bildirdilər. Özü də bilirdi ki, böyük qələt edib deyə şikayət etmədi. 



- Səhnədə olan xanım müğənnilərə qarşı birmənalı münasibət yoxdu. Xanım sənətçilərlə ailə qurmağa ehtiyat edirlər. Niyə belə fikir formalaşıb ki, müğənnidən ailə sahibi olmaz?

- Deyim niyə? Çünki şou-biznesə ər tapmaq, sponsora tor atmaq üçün gələn o qədər üzdəniraq müğənnilər var ki, onlara görə müğənnilərin adı ləkələnir. Özlərini açıb qoyublar çöldə. Səhnədə danışıqlarını bilmirlər, toylara gedib pullu kişi ovuna çıxırlar, ordan da qazandıqları pulları efirə töküb olurlar tanınmış. Sonra da səhnəyə hörmətdən danışırıq. Sənətçiyə dəyəri gözləyirik. Müğənni səhnəyə ov mənbəyi, gəlir yeri kimi baxanda, efirə çıxıb pullu kişi axtaranda əlbəttə, sənətçi qadına dəyər qalmaz. Biz niyə elə əxlaqsızların qurbanına çevrilməliyik. Efirdə az qala özlərini satışa çıxarırlar. Bu bizim sənətimizə, adımıza ləkədir. Sənət aləmində o qədər ailəsinə dəyər verən xanım sənətçilərimiz var ki, onlar örnəkdir. Mələkxanım Eyyubova, Nəzakət Teymurova, Nuriyyə xanım səhnədə istər sənətləri, istər əxlaqları ilə örnək olan xanımlardı. Mən insanları da qınamıram, o qədər səhnədə olan bəzi əxlaqsızları görürlər ki, ailə adı gələndə səhnədə olanlardan qorxurlar. Mən şahidi olmuşam ki, müğənni xanımın qızına elçi gəlmək istəyiblər, biləndə ki filankəsin qızıdır, fikirlərindən daşınıblar ki, anası müğənni olandan gəlin olmaz. Amma yenə deyirəm, örnək olan sənətçi xanımlarımız da var ki, bu fikirləri səhnədəki əxlaqları, mədəniyyətləri ilə dağıda biliblər. Bu yaxınlarda Aybəniz xanım qızını el adəti ilə köçürtdü. Bunlar örnək olmalıdır. Efirdə o qədər xanımlığı ilə hörmət qazanan sənətçilərimiz var ki.  Hər oxuyana da əxlaqsız kimi  yanaşmasınlar. Bu, doğru deyil. Burda efirlərin da rolu böyükdü. Başa düşürəm ki, kommersiya maraqları var. Amma hər pul verib  kanala üz tutanı, oxuyanı efirə çıxaranda, əlbəttə, əxlaqsızlar məşhur olacaq. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu