"Yeni doğulmuş körpənin xəstəxanada çox qalması əksinə ziyanlıdır" - Həkim-ginekoloq 

"Çünki körpə “xəstəxana pnevmaniyası”na tutula bilər. Köprənin burada virus infeksiyalarına yoluxması risqi daha artıqdır"

"Körpə dünyaya gətirmiş ananın 5 gün, 1 həftə doğum evində saxlanılması köhnə əyyamlarda qaldı"


 
Doğuşdan 2-3 sonra anaların xəstəxanadan evə buraxılması, həm də israrla – “gəlin, yoldaşınızı çıxarın!” şəklində, valideynləri narahat edir. Çünki körpə evə gələndən sonra sağlıq durumunda bəzi problemlər başlayır.
Xəstəxanada “quzu” kimi yatan körpə, evdə “şir”ə dönür, ata-anasına göz verib işıq vermir, səhər yatıb, gecələr oyaq qalır. Bəzən də körpələrin rəhgində sarılıq əmələ gəlir ki, valideyn körpəni yenidən müayinələrdən keçirmək məcburiyyətində qalır, hətta təkrar xəstəxana şəraitində müalicəyə alınanlar da olur. Sual yaranır ki, bu zavallı körpə 3 gün sonra təkrar xəstəxanaya yerləşdiriləcəkdisə, daha niyə tez-tələsik evə yazılırdı, olmazmı ki, körpənin sağlamlığına tam əminlik yarandıqda ana evə buraxılsın? Digər “daimi” problem isə körpələrə doğuşdan dərhal sonra süni qidaların verilməsidir. Bəzən körpələr süni qida daddıqdan sonra daha ana südü əmmir. Valideyn də məcbur olur, “od qiyməti”nə süni qidalar almağa. Yeni doğulmuş körpələr əmizdirilmək üçün niyə analara verilmir?

Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında bildirdi ki, dünya tibbində qəbul olunmuş qaydalar var: 

- Təbii doğuşdan 2 gün, qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşdan 3 gün sonra ana xəstəxanadan buaxılır. Bu qayda hər yerdə belədir. Doğuşdan sonra əsasən 3 əlamətə diqqət edilir. Uşaqlığın yığılma vəziyyəti, qanaxmanın olub-olmadığı və ümumi hemodinamika (təzyiq, qanın faizi və sair). Qadın körpəsinin qeysəriyyə əməliyyatı ilə dünyaya gətiribsə xəstəxanada bir gün əlavə saxlanılır, çünki əməliyyatdan sonra bağırsaq keçirməzliyi ola bilər, bu hal aradan qalxmalıdır. Körpə dünyaya gətirmiş ananın 5 gün, 1 həftə doğum evində saxlanılması köhnə əyyamlarda qaldı. Xəstəxanada çox qalmaq, əksinə anaya da, körpəyə də ziyandır, çünki körpə “xəstəxana pnevmaniyası”na tutula bilər. Xəstəxanada köprənin virus infeksiyalarına yoluxması risqi daha artıqdır. Ona görə də analar da, körpələr də 2-3 gün müddətində evə buraxılır. Qaldı ki, körpədə müşahidə olunan sarılığa, bu barədə hesab edirəm ki, pediatrlar söz deməlidir. Qısaca bunu deyə bilərəm ki, var fizioloji sarılıq, bir də var pataloji sarılıq. Fizioloji sarılıq bir neçə günə məhz ana südü sayəsində özü tədricən keçib gedir. Sarılığın pataloji olub-olmadığını isə reanimatoloqlar müəyyən edir. Və buna müvafiq olaraq da müalicə təyin edirlər. Körpənin sidiyi, qanında sarılığın faizi müəyyən edilir. Ana südü isə ilk vaxtdan etibarən körpəyə verilməlidir. Analar tənbəllik etməyib körpəsini əmizdirməlidir. İlk günlər bu, çətin ola bilər, amma vacibdir. Normal halda körpə ana südünü 2 saatdan-bir 15-20 dəqiqə əmməlidir. Süni qida olduqda isə körpənin yedizdirilməsi intervalı 3 saat olur. Çünki süqi qida gec həzm olunur, ana südü isə təbii olduğundan tez həzmə gedir. Və körpədə aclıq hissi özünü biruzə verir. Ana südünün körpə üçün yetərli olub-olmadığını da ana özü müəyyənləşdirməlidir. Əgər körpə ana südünü normal, istədiyi qədər əmirsə və rahatlanırsa, deməli, problem yoxdur. İstənilən halda süni qidanı körpəyə pediatr təyin etsə, yaxşıdır. Məcburiyyət olmadıqca, körpəyə süni qida verilməməlidir. 

Məlahət

Paylaş

Bizi Facebookda izləyin
menu
menu