Koronavirusla bağlı mühüm detallar: Virusdan necə qorunmaq lazımdır? - VİDEO

Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Maraqlıdır, hətta yoluxma faktı qeydə alınmayan ölkələrdə belə virusla bağlı müxtəlif informasiyalar yayılır. Elə ölkəmizdə olduğu kimi. Hazırda Azərbaycanda vəziyyət necədir? Virusun yayılma ehtimallarına qarşı hansısa işlər görülür? Nələrə diqqət yetirilməlidir?

Koronavirusun dünyada yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanda xüsusi komissiya fəaliyyətə başladı. Riskin minimuma endirilməsi ilə bağlı tədbirlərə start verildi. Bəzi xəstəxanalarda xüsusi otaqlar yaradıldı. Hazırda vəziyyət tam nəzarətdə saxlanılır. Rəsmi məlumatlara əsasən, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Amma Çin, İtaliya, İran və digər ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri də belə hallardan sığortalanmayıb. Azərbaycan da dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər. Ona görə də ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür.

Xəstəxanalara yerləşdirilən insanlarda  virusa yoluxma faktı aşkarlanmayıb. 

Sanitar-epidemioloji vəziyyət də xüsusi nəzarətə götürülüb. Bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər gücləndirilərək, ölkəyə gələn sərnişinlər ciddi yoxlanılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə virusun yayıldığı ölkələrdən gələn vətəndaşlar müəyyən olunmuş müddətdə karantində saxlanılır. Bununla yanaşı, ölkə ərazisində bütün qurumlar dezinfeksiya işlərinə cəlb olunub. Artıq təhsil müəssisələrində də prosesə start verilib.

Virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir. Mütəxəssislər isə vətəndaşları təşvişə düşməməyə çağırır. Çünki koronavirus qripin bir növüdür, yəni deyildiyi qədər təhlükəli deyil. 

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumları ilə daimi əlaqədədir. Virusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar da yetərincədir. Ancaq bir çox məqamlara xüsusi diqqət yetirməlidir.

- Xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməmək, 

- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;

- Əlləri tez-tez yumaq, xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl etmək;

- Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

- Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda dərhal həkimə müraciət etmək;

- Üzərində dezinfeksiya vasitələri gəzdirmək və ondan istifadə etmək;

- İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq məsləhət görülür.

Qoruyucu maskaların istifadəsi də məsləhətdir. Psixoloqlar isə deyir ki,  bəzən insanlar arasında maskalardan istifadə edənlər xəstəlik daşıyıcısı kimi qəbul edilir. Amma bu, sadəcə virusa yoluxmamaq üçün atılan addımdır. Sərnişinlərin daha sıx olduğu yerlər, xüsusilə ictimai nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilir.

Yaşana biləcək risklərə qarşı Qida Təhlükəsizliyi Agentliyi də gücləndirilmiş iş rejimində çalışır. Qida Təhlükəsizliyi İnstitutunun laborotoriyaları hazır vəziyyətə gətirilib. Virusun yayılma hallarında riskli hesab olunacaq qidaların adları da açıqlanıb.

- İsti və soyuqqanlı vəhşi heyvanlar

- Zoopark heyvanları

- Vəhşi heyvanların trofeyləri

- Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Heyvan mənşəli ət məhsulları

- Ev heyvanları

- Quş və quş məhsulları riskli qidalara daxildir.

Ehtiyac yaranarsa, institutun laboratoriyalarında qidalarda virusun olub-olmadığını qısa vaxt ərzində müəyyənləşdirmək mümkündür. 

Mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilib. Həmçinin institutun əməkdaşları bu virusun laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub.

Dövlət Turizm Agentliyi isə ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib. Son günlər dünyanın bir sıra ölkələrində koronavirus epidemiyasının geniş yayıldığını nəzərə alaraq vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almaq tövsiyə olunur. Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmaq məsləhət görülür. Turoperatorlara tövsiyə edilir ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barədə məlumatlandırsınlar.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu