Arzular gerçəkləşir: Türklər burada, biz də Türkiyədə 90 gün vizasız qala biləcəyik

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Anadolu” agentliyinə bildirib. Səfir xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb. 

Özoralın sözlərinə görə, iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq: “Bununla da qarşılıqlı səfərlər asanlaşacaq”. 

Vizasız qalma müddəti ilə bağlı hər iki cəmiyyətdə müəyyən narazılıqların olduğu bəllidir. Ekspertlərin fikrincə, müddətin 30 gün olması insanlara qarşılıqlı səfərlər əsnasında bəzi problemlər yaradırdı. Sona çatmış bir aylıq müddətin yenidən uzadılması isə həm maddi, həm də zaman baxımından gərginliyə səbəb olurdu.



Azər Allahverənov: “Daim hərəkətdə olmaq, bir aydan bir sərhədi keçib, təzədən geri qayıtmaq məcburiyyətində qalırdılar”


Məsələni Sherg.az-a dəyərləndirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib ki, hər iki tərəf üçün bu qərar çox sərfedicidir. 

Ekspertin sözlərinə görə, indiyə qədər mövcud olan 30 günlük müvəqqəti yaşama icazəsi insanları gərgin vəziyyətdə saxlayırdı: 

“İnsanlar bundan narahat olurdular. Çünki daim hərəkətdə olmaq, bir aydan bir sərhədi keçib, təzədən geri qayıtmaq məcburiyyətində qalırdılar. Bu isə həm vaxt itkisi idi, həm də iqtisadi cəhətdən sərf etmirdi. Üstəgəl, başqa fəsadların yaranmasına da səbəb olurdu. Ona görə də insanlar arzusunda idilər ki, möhlət bir aydan çox olsun. Bu sahədə Azərbaycanın MDB ölkələri ilə gözəl təcrübəsi var. Həmin ölkələrin böyük əksəriyyətinin Azərbaycana vizasız gediş-gəliş imkanları 90 günlükdür. Bu da tərəflər arasında çox intensiv miqrasiya mübadiləsinin olmasından xəbər verirdi. Miqrasiyanın intensivliyi vizasız gediş-gəlişlə daha yüksək olur. Azərbaycanın Rusiya, Gürcüstan və Ukrayna ilə olan miqrasiya müqaviləsi bunu bir daha təsdiqləyir. Əlbəttə, Azərbaycan və Türkiyə arasında miqrasiya da kifayət qədər intensivdir. Sadəcə 30 günlük müddət intensivliyin daha çox olmasının qarşısını alırdı. Məsələ uzun zamandır ciddi müzakirə mövzusu idi”. 

Ekspert vurğulayıb ki, məhdud möhlətlə bağlı Türkiyə vətəndaşları dəfələrlə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya müraciət ediblər: 

“Bilirdik ki, bu məsələ həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına cavab verən haldır. Dövlət Miqrasiya Xidməti qarşısında təkliflərlə çıxış edirdik ki, Azərbaycanla Türkiyə arasında olan miqrasiya mübadiləsi üçün nəzərdə tutulan müddət bir aydan daha çox olsun. 90 gün bir ölkədə qalan şəxs 1 aylıq gediş-gəliş məsrəflərindən və əlavə vaxt itkisindən azad olur. Həm də bu müddət ərzində öz plan və perspektivlərini düzgün qura bilir. Düşünürəm ki, vizasız qalma müddətinin 30 gündən 90-a çıxarılması hər iki ölkə vətəndaşları üçün çox əlverişli mühit yaradacaq. Bundan əvvəl vətəndaşlar müəyyən əsaslar gətirərək müddətin uzadılmasına nail olmaq istəyirdilər. Amma bu qərardan sonra insanlara heç bir əsas olmadan 90 gün qalmaq imkanı verilir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu