Müəllim də yoxdur, vakant yer də... – Direktorlar gizlədib, satırlar - PROBLEM

Son zamanlar müəllimlərin işə qəbulu zamanı vakant yerlərin gizlədilməsi, süni vakant yerlərin çıxarılması ilə bağlı məlumatlar yayılır. MİQ imtahanında yüksək bal toplayanlar məktəblərdə vakant yerin olmamasından narazıdırlar. 

İmatahan verən şəxslər içərisində vakant yerlərin direktorlar tərəfindən gizlədildiyini iddia edənlər də var. Xüsusilə rayon yerlərindəki məktəblərdə kadr çatışmazlığı mövcuddur. Buna baxmayaraq direktorlar sui-istifadə edərək boş yerləri müəyyən pula “satırlar”.

Məsələni dəyərləndirən tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, vakant yerlərin gizlədilməsi ilə bağlı söylənilən iddialar həqiqəti əks etdirir.

Ekspert qeyd edib ki, şəhər və qəsəbə məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunmayan yerlərə vakant yerlərinin toplanması İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilir:

“Vakansiyaların toplanmasında məqsəd hər bir müəssisədə layiqli, yüksək bal toplamış bir müəllimin olmasıdır. Orada müəllim varsa, vakansiya çıxarılmır. Vakant yerlərin toplanması zamanı tədris edən müəllimlərin dərs yükündə dəyişiklik edilməməsinə də diqqət yetirilir. Çalışılır ki, həmin məktəbdə olan müəllimlərin dərs yükü və əmək haqlarında ciddi fərq yaranmasın. Vakansiyaların açıqlanması prosesində neqativ məqamlar qaçılmazdır. Əksər direktorlar mütləq şəkildə həmin yerlərə sonradan bu və ya digər qeyri-qanuni yollarla müqaviləli işçilər götürür. Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün müqaviləli işçilərin də işə qəbulunu mərkəzləşmiş qaydada həyata keçirəcək”. 



Kamran Əsədov: “Təhsil Nazirliyi qısa müddətdə müəllimlərin attestasiyasını və yüksək bal toplayan müəllimlərin işə qəbulunu həyata keçirməlidir”


Ekspertin qənaətincə, vakansiyalar imtahandan öncə çıxarılmalıdır ki, hər kəs istəyinə uyğun yeri tapa bilsin:

“Kimsə uyğun vakansiya tapa bilmirsə, imtahanda iştirak etməyəcək. MİQ imtahanlarında yüksək bal toplayan namizədlər var ki, məktəblərdə işə qəbulu çox aşağı səviyyədədir. Ona görə də Təhsil Nazirliyi qısa müddətdə müəllimlərin attestasiyasını və yüksək bal toplayan müəllimlərin işə qəbulunu həyata keçirməlidir”.

K.Əsədov bildirib ki, orta məktəblərdə vakant yerlərin gizlədilməsinin qarşısını almaq və vakant yerlər barədə məlumatların toplanılması üçün elektron sistem fəaliyyət göstərməlidir:

“Vakant yerlər barədə məlumatlar da elektron qaydada toplanmalıdır. Amma elektron sistemdə yalnız vakant yerlər haqqında deyil, həm də məktəblərdəki pedaqoji heyətin ümumi dərs yükü, müəllimlərin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatlar yer almalıdır. Çünki  bu zaman daha dəqiq vakant yerlər məyyənləşə bilər. Hesab edirəm ki, MİQ imtahanının və yerləşmənin Təhsil Nazirlyindən alınıb müstəqil bir quruma verilməsi bütün problemləri həll edə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu