“JEK”lər ləğv olunsun! - Əvəzində bələdiyyələrin səlahiyyəti genişləndirilməlidir - TƏKLİF

Kommunal xidmətlərlə bağlı Vahid Çağrı Mərkəzi yaradılacaq. Bu barədə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub.

Çağrı Mərkəzinin yaradılması ilə bağlı tədbirlərin görülməsi Nazirlər Kabineti, “Azərişıq”, “Azərsu”, “Azəriqaz”, ASAN Xidmət, Energetika, Maliyyə Nazirliklərinə həvalə olunub. Tədbirlər 2020–2022-ci illərdə həyata keçiriləcək.

Məsələ ilə bağlı Sherg.az-a danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu addımın müsbət nəticə verəcəyinə o qədər də inanmır. Ekspert fikrini onunla əsaslandırır ki, bizdə icra hakimiyyətləri və “JEK” dediyimiz Mənzil İstismar İdarəsi fəaliyyət göstərir: 

“Əgər hökumət həmin idarələrlə birlikdə paralel olaraq hansısa qurum yaratmaq istəyirsə, bu, kimlər üçünsə sadəcə əlavə gəlir mənbəyinə çevrilə bilər. Nəticədə zərər çəkən yenə vətəndaş olacaq. Bir məsələni bir qurum həll edirsə, ikinci birinə ehtiyac yoxdur. Bu səbəbdən də Vahid Çağrı Mərkəzi effekt verməyəcək”.



Mirvari Qəhrəmanlı: “Ümumiyyətlə bu gün “JEK”lərin hansı işlə məşğul olduğunu heç kim bilmir”


Hüquq müdafiəçisinin fikrincə, tədricən “JEK”lər sıradan çıxmalı, əvəzinə, bələdiyyələrin fəaliyyəti genişlənməlidir: 

“Ümumiyyətlə bu gün “JEK”lərin hansı işlə məşğul olduğunu heç kim bilmir. Bu qurumlar sadəcə arayış verib, pul yığmaqla məşğuldurlar. Artıq və lazımsız bir quruma çevrilən “JEK”lər ləğv edilməlidir. Yaxşı olar ki, bələdiyyələrin fəaliyyəti genişlənsin. Avropa ölkələrinin hamısında bütün kommunal işləri bələdiyyələr həyata keçirir. Heç kimin də başı ağrımır. İnsan onların idarəetməsinə baxıb, həsəd aparır”. 

M.Qəhrəmanlının sözlərinə görə, kommunal işlərdə elektron sisteminin tətbiq olunması ən yaxşı üsuldur:

“Belə olan halda vətəndaşlar da razı qalar. Bir çox sahələrdə olduğu kimi, kommunal məsələlərdə də tamamilə elektron hökumətə keçirilməlidir. Ödəmələr, sövdələşmələr və başqa işlər E-hökumət vasitəsilə həyata keçirilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu