İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi

Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Respublika müşavirəsi keçirilib. Nazirlikdən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər. 

Müşavirəni giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub:

“Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Son iki il ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır. Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir”.

Nazir qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər:

“Bu istiqamətlərdə bir sıra addımlar atılıb, qarşıda duran məsələlərin həlli istiqamətində çox ciddi işlər görülüb. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğundan biz məqsədlərimizə çatmaq üçün qarşımıza qoyulan bütün vəzifələrin icrasını təmin etməli və Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev “Aqrar xidmətlərin təşkili və keyfiyyətinə nəzarət”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev “Yeni subsidiya qaydalarının tətbiqi və bu sahədə mövcud vəziyyət”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Aqrar sahədə məhsuldarlığın və keyfiyyət göstəricilərinin artırılması istiqamətində təlimlərin keçirilməsi və innovativ texnologiyaların tətbiqi”, Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Asif İsmayılov “Elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər. Biləsuvar DAİM-in rəhbəri Nurəddin Quliyev isə çıxışında aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunub. 

Müşavirədə taxılçılıq, pambıqçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük  sahələri və şəkər çuğunduru istehsalı, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, yeni subsidiya qaydaları ilə bağlı görülən işlər ətrafında müzakirə aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. 

Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət Proqramlarının icrası, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarının fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. 

Müşavirədə yekun nitqi söyləyən nazir İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətlərində qarşıda duran əsas vəzifələrə toxunub. Yerli qurumların əsas vəzifəsinin daim fermerlərə yüksək səviyyədə xidmət göstərmək olduğunu deyən nazir bildirib ki, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyəti gücləndirmək vacibdir. Bu ilin Ölkə Prezidenti tərəfindən “Könüllülər ili” elan olunduğunu xatırladan İnam Kərimov DAİM-ləri Aqrar İnkişaf Könüllüləri ilə aktiv işləməyə və onlara davamlı dəstək göstərməyə çağırıb. 

Nazir DAİM-lərin Respublika Müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu