Müsbət dəyişiklik gözlənilir: Vətəndaşlar daha kommunal problemlər yaşamayacaq




Vahid Çağrı Mərkəzinin yaradılması problemlərin daha operativ həllini tapmasına hesablanıb



Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi 2020–2022-ci illərdə  kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılmasını təmin etməlidir.

Bununla yanaşı, bu il qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdiriləcək.



Vahid Çağrı Mərkəzinin yaradılması xəbərini şərh edən Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədi Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələdə müsbət dəyişiklik gözlənilir:

- Hazırda kommunal xidmətlərlə bağlı baş verən hər hansı problemə görə vətəndaşlar ayrı-ayrı qurumlara müraciət edir. Məsələn, təbii qazın verilişində, qaz sayğaclarında hər hansı problem yarananda vətəndaşlar “104” Çağrı Mərkəzinə müraciət edir. Eləcə də elektrik enerjisi, su problemi ilə bağlı da bu məsələlərə cavabdeh olan qurumlara telefon edirlər. Bəzən də vətəndaşların müraciətləri vaxtında cavablandırılmır, problem gec həllini tapır. Düşünürəm ki, kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması bu sahədə təkmilləşmə aparılmasına və şəffaflığın təmin edilməsinə yönəlib. Vahid Çağrı Mərkəzinin yaradılması kommunal problemlərin daha operativ həllini tapmasına hesablanıb. Vahid Çağrı Mərkəzi yarandıqdan sonra cavabdeh bir qurum olacaq və vətəndaşlar kommunal problemlərlə bağlı o quruma müraciət edəcəklər. Məncə, bu, müsbət dəyişiklik vəd edən yenilikdir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu