Faciələrdən dərs almalıyıq: 30 ildir televiziyalarımız çevik qrafiklə işləməyi öyrənməyib




"Medianın üzərinə düşən budur ki, hüzn günlərində diqqəti buna yönəldə bilsin, cəmiyyətə bilgi versin. Faciənin bilinməyən tərəflərinə işıq salsın. Unudulmuş detalları xatırlatsın, başqa ölkələrdə baş vermiş bənzər faciələrlə bağlı paralellər aparsın"



"Statistik rəqəmlərlə artıq dünyanı heyrətləndirmək mümkün deyil. Dünya bundan qaçır artıq. Biz faciələrimizi musiqili kompozisiyalar formasında tanıtdıra bilərik"



"Müharibə şəraitində olan bir ölkədə KİV-lərin özünü necə aparacaqlarına dair direktivlər olmalıdır. Mətbuat, televiziya sahəsində böyük inkişaf var, amma ideoloji iş sahəsində durğunluqdur"



Faciələrimizə günlük yanaşma tərzi davam edir. İstər 20 Yanvar faciəsi, istər Xocalı soyqırımı, yaxud da hansısa digər hüzn günlərimiz, işğal tarixləri olsun, uzaqbaşı bir gecə və bir gün çəkir. Ertəsi gündən etibarən, xüsusilə də televiziyalarımızda sanki hər şey unudulur və çal-çağır yenidən  vüsət alır. Xocalı faciəsi fevralın 25-26-na keçən gecə baş verib deyə, fevralın 25-i axşam saatlarında şou-proqramlar dayandırılır və ertəsi gün də daxil olmaqla başlanır, adət etdiyimiz, artıq əzbər bildiyimiz “müharibə filmləri”nin nümayişi. “Dədə Qorqud”, “Babək”, “Axırıncı aşırım”, “Vətənpərvər”… bir az da yeni filmlər – “Dolu”, “Ağ atlı oğlan”… Amma pusquda dayanmış kimi, fevralın 26-sı saatların 24:00 olmasını gözləyirlər sanki. Fevralın 26-sı, ya da 21 yanvar, fərqi yoxdu, kədər bitir. 

Bununla heç də ilin 365 günü ağlamalı olduğumuzu qəsd etdiyimizi kimsə düşünməsin. Əlbəttə, hər şeyin öz yeri, vaxtı, məqamı var. Məsələ, faciə günlərinin nə qədər davam etdirilməsində deyil, əsas faciənin hansı formada təqdim olunmasıdır. Yəni, televiziyalarımız statistik rəqəmlər, arxiv materialları, müharibə məzmunlu filmlərin nümayişindən savayı bir şey düşünə bilmir? Hanı müasir texnologiyalar, onlayn medianın, internet televiziyası dövrünün yenilikləri? Necə təqdim edirik dünyaya soyqırım tarixini, xalqımızın məruz qaldığı faciələri, işğal faktlarını? Onlayn media, telekanallarımız nə zaman yaddaqalan, dünya ictimaiyyətinə nüfuz edə bilən, diqqət çəkici proqramlar, məlumatlar, paylaşımlar təqdim edə biləcək?

Çeviklik lazımdır

      
Yadınızdadırsa, bir neçə il əvvəl ermənilərin cəbhə boyu təxribatçı hərəkətləri nəticəsində şəhid vermişdik. O zaman telekanalların proqram siyasətinə millət vəkili Qənirə Paşayeva etiraz etmişdi və bildirmişdi ki, cəbhədə baş verən olaylara görə telekanalllardakı əyləncəli verilişlərin yayımı qaldırılmalıdır. Deputat Facebook səhifəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı vermişdi və telekanalları ucuz şouları efirdən yığışdırmağa səsləmişdi:
"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! 
Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırmalı, şəhidliklə bağlı müəyyən proqramlar hazırlayıb efirə verməlidirlər". 

Görünən bu idi ki, telekanallarımız 30 ilə yaxındır müharibə şəraitində yaşamağımıza baxmayaraq çevik qrafiklə işləməyi öyrənməyib. Bəlkə sabah ordumuza hücum əmri verildi, o zaman da telekanallarımızda əvvəlcə xörəklər bişib qurtaracaq, şou-proqramlar başa çatacaq, sonra xüsusi məlumatlar ictimaiyyətə çatdırılacaq? Ən yeni informasiya vasitəsindən tutmuş ənənəvi informasiya vasitələrinə qədər hər kəs bununla məşğul olmalıdır ki, faciələrimiz, hüzn günlərimiz, işğal tarixlərimizdə tv-lərdə diqqətçəkən, yaddaşlarda qalan proqramlar hazırlansın. İllərlə efirlərdə yayımlanan ənənəvi verilişlərlə, sosial şəbəkədə isə profillərə Xocalıyla bağlı dəyişiklik etməklə əsaslı nəyəsə nail olacağımız çox çətin görünür.      
 


Media hüzn günləri ilə bağlı cəmiyyətə bilgi verməlidir


Media eksperti Zeynal Məmmədli hesab edir ki, faciələrlə bağlı əsas müzakirə mövzusu “biz bundan hansı dərs aldıq” sualı ətrafında olmalıdır: 

- Bütün bu hadisələrdən nə dərs çıxardıq, onun bir də təkrarlanmaması üçün nə edilməlidir, hansı addımlar atılmalıdır? Xocalı faciəsi, yaxud da digər matəm, hüzn tarixlərimizlə bağlı faydalı iş əmsalı birmənalı olaraq sıfır dərəcəsindədir. Yalnız duyğulara qapılmaq, duyğulara əsaslanmaq, o deməkdir ki, Allah eləməmiş, bir də belə faciə yaşansa, biz yenə hazır olmayacağıq?! Hesab edirəm ki, televiziyalarda ciddi araşdırmalar, müzakirələr, debatlar aparılmalıdır. Bu məsələ üzərində düşünülməlidir ki, belə faciələrin qarşısının alınması üçün cəmiyyət nə etməlidir. Bunlar hamısı ciddi və vacib mövzulardır. Yoxsa, soyqırım oldu, faciə baş verdi, deməyin nəticəsi olmayacaq. Bütövlükdə media faciə günlərində necə davranmalıdır?  Sosial şəbəkələr fərdi xarakterlidir, hər kəs öz bildiyini yazır, öz bildiyi kimi davranır. Sosial şəbəkədə aktiv olanlar kimdir, hansı təbəqəyə mənsubdurlar, hansı yaşdadırlar, bunlar dəqiqləşməmiş məsələdir. Ümumiyyətlə, sosial şəbəkə bütün cəmiyyəti əhatə etmir. Amma media sosial şəbəkədən faydalı istifadə edə bilər. Medianın üzərinə düşən budur ki, hüzn günlərində diqqəti buna yönəldə bilsin, cəmiyyətə bilgi versin. Faciənin bilinməyən tərəflərinə işıq salsın. Unudulmuş detalları xatırlatsın, başqa ölkələrdə baş vermiş bənzər faciələrlə bağlı paralellər aparsın. Medianın işi bu olmalıdır. Amma təəssüf ki, biz yerli medianı arabanın 5-ci təkəri rolunda görürük. Televiziyada faciə, hüzn tarixlərimiz müxtəlif proqramlarda vaxtaşırı diqqətdə saxlanılmalıdır. İctimai qınaq, ictimai rəy məcbur etməlidir ki, televiziyalar başqa cür davransın. Amma başqa cür davranmasa, əhali də bunu normal qarşılayırsa, burada əlavə şərhə ehtiyac qalmır. 



Faciələrimizi fərqli formalarda çatdırmağı bacarmalıyıq


“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bu fikirdədir ki, statistik rəqəmlərlə dünyanı heyrətləndirmək artıq mümkün deyil: 

- Fikir verirsinizsə, bir müğənninin ailə üzvlərindən kimsə rəhmətə gedib, amma o müğənni deyir, toylarını dayandıra bilməz; “xalq bizi gözləyir, bizim oxumağımızı istəyir”. Sanki kimsə ancaq müğənnilik üçün yaranıb, bir başqası isə əsgər olmaq üçün, şəhid olmaq üçün. Hüzn günüdürsə, soyqırım qurbanları anılırsa, xalq olaraq hamılıqla eyni ovqatda olmalıyıq əslində. Medianın vəzifələrinə gəlincə, elə bir zamanda yaşayırıq ki, statistik rəqəmlərlə artıq dünyanı heyrətləndirmək mümkün deyil. Dünya bundan qaçır artıq. Biz faciələrimizi musiqili kompozisiyalar formasında tanıtdıra bilərik. Məsələn, “Nəsimi ili” çərçivəsində hamının yaddaşına həkk edilən Sami Yusifin “Məndə sığar iki cahan…” kompozisiyası oldu. Bu kompozisiya ilə Sami Yusif Nəsimiyə sanki yenidən həyat verdi. Dünyamız indi belə fövqəl təqdimatları bəyənir, baxır. Əlbəttə, ilin 365 gününü ağlaya bilmərik. Yaxud 31 martda ağlayıb, 1 apreldə gülmək də normal deyil, məncə. Sadəcə, hər kəs vəzifəsini bilməlidir. Bu da faciə tarixlərimizi, hüzn günlərimizi dünyaya fərqli formada çatdırmaqdan ibarətdir. 1992-ci ildən bu yana televiziyalarda hüzn günləri hansı filmlərin nümayiş olunacağını əzbərləmişik artıq. “Kiflənmiş” filmləri nə qədər göstərmək olar?! Kanadada yaşayan soydaşlarımız bu günlərdə Azərbaycan musiqisi sədaları altında yürüş etdilər. Hər kəs də onları təəccüblə, heyrətlə izləyirdi və maraqlanırdılar ki, bu yürüş nə məqsəd daşıyır. İnternet əsrində statistik rəqəmlər paylaşmaqla diqqət cəlb etmək mümkün olmayacaq. İnternetin bizə verdiyi imkanlardan yararlanmalıyıq, diqqət çəkən, maraq və sual doğuran məlumatlar, paylaşımlar edilməlidir. İstənilən paylaşımı saniyələr içində ABŞ-da görürlər. Niyə bu imkandan yararlanmayaq? Yeni yanaşma tərzi olmalıdır. Yoxsa, istədiyimiz məqsədə nail ola bilməyəcəyik.             



Faciə tarixləri ilə bağlı xüsusi direktivlər olmalıdır 


Televiziya sahəsinə yaxşı bələd olan «Ədalət» qəzetinin baş redaktoru, publisist İradə Tuncay isə «Şərq»ə açıqlamasında ölkədə ideoloji təbliğat sahəsində durğunluq olduğunu bildirdi:

-  Azərbaycan müstəqilliyini yenidən bərpa etmiş, gənc bir dövlətdir. Və bu dövlətin ideoloji işin düzgün qurulmasına böyük ehtiyacı var. Eşitmişik, Böyük Vətən Müharibəsi illərində sovetlər necə təbliğat aparıb. Hazırda televiziya ən güclü təbliğat ruporudur. Hamı internetdən, sosial şəbəkələrdən danışmağı sevir. Sosial şəbəkələrdə aktiv olan təbəqə var. Amma bununla əhalinin bir hissəsinin  məlumat bazası hələ də televiziyalardır. Müharibə şəraitində olan bir ölkədə KİV-lərin özünü necə aparacaqlarına dair direktivlər olmalıdır. Mətbuat, televiziya sahəsində böyük inkişaf var, amma ideoloji iş sahəsində durğunluqdur. Televiziyalar milliləşdirilməlidir. Xüsusi redaktorlar olmalıdır, operativ məlumatların ictimaiyyətə çatdırılması təmin edilməlidir. Ordu, müharibə çox ciddi mövzulardır. Professional heyət lazımdı ki, proqramın  içində dəyişiklik edə bilsin. Çevik işləyərək proqramın istiqamətini günün baş mövzusuna uyğun dəyişməyi bacarmalıdırlar. Amma hazırkı televiziyalarda bunu edə biləcək adamlar yoxdur. 
Elə ona görə də bir hadisə baş verəndə əlləri ancaq bədii filmlərə çatır. Hüzn günlərində də ən çox yayımlanan bədii filmlər olur.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu