"AzərTac"ın yaranmasından 100 il ötür

Agentlik Şərqdə ilk xəbər yayıcısı kimi çətin və şərəfli yol keçib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın fəaliyyətə başlamasından 100 il ötür. Bir əsrlik tarixə malik agentliyin fəaliyyətinə nəzər salmaq, təbii ki, çox çətindir. Çalışacağıq, “Azərtac”la bağlı bu 100 ildəki fəaliyyətinin ən önəmli tərəflərinə işaq salaq. Bu məqsədlə 100 illik yubiley ərəfəsində “Azərtac”da yer almış geniş məqalədən istifadə edəcəyik. 
Öncə bundan başlamalıyıq ki, "AzərTac" Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. “AzərTac” suveren dövlətin xəbər agentliyi kimi ilk məlumatını 1920-ci il martın 2-də yayıb. 
Azərbaycanın ilk milli informasiya yayımçısı olan "AzərTac" 100 ildə çətin, lakin şərəfli yol keçib, hər bir tarixi mərhələdə üzərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirib. 1920-ci il martın 1-də fəaliyyətə başlayan agentliyə bir əsrlik tariximizin salnaməsini yazmaq şərəfi nəsib olub.

“AzərTac” üçün yeni ofis binası

“AzərTac”ın inkişafı və dövlət informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Agentlik hazırda səkkiz dildə fasiləsiz informasiya yayır, mötəbər xəbər qaynağı kimi qəbul olunur. Xarici ölkələrdə və bölgələrdə geniş müxbir şəbəkəsinə malikdir.
“AzərTac” bu gün dünya informasiya məkanında layiqli yer tutur, beynəlxalq və regional media qurumlarında fəal təmsil olunur. Bu istiqamətdə səmərəli fəaliyyətin nəticəsi olaraq 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və "AzərTac"-ın təşkilatçılığı ilə Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib. 2016-2019-cu illərdə hər iki quruma sədrlik edən "AzərTac" Azərbaycanın adını dünya mətbuat tarixinə yazdırıb.
Agentliyin fəaliyyətinin bəzi məqamlarını diqqətə çatdırırıq:

"AzərTac" 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.
 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edib.
Hər gün 8 dildə 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır.

Agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə), üç mobil tətbiqi, fotosaytı və zəif görənlər üçün resursu fəaliyyət göstərir.
Otuzdan çox sosial şəbəkə və messenger profili var.

2019-cu ildə mobil cihazlar vasitəsilə informasiya resurslarına müraciət 50 faiz, videolara baxış 75 faiz artıb.

“YouTube” kanallarında videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür.
Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər studiyası 2010-cu ildə "AzərTac"-da tətbiq olunmağa başlayıb. Agentlik hazırda beş dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video yayır.

İnfoqrafika, slaydşou, videoqrafika, “360” videolar hazırlanır.
Agentliyin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına baxışların sayı 73 faiz artıb.

Xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.

Ötən il "AzərTac"-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

Azərbaycanın ilk xəbər qaynağı olan agentlik əlamətdar yubileyini yaxın aylarda yeni ofisində qeyd edəcək. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq "AzərTac" üçün müasir memarlıq üslubunda inşa edilən binanın tikintisi başa çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən yeni binada ən müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılacaq, dünya standartlarına uyğun iş şəraiti yaradılacaq.

“Anemon” jurnalı 

Türkiyənin elmi nəşrlərindən olan “Anemon” jurnalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin – "AzərTac"-ın 100 illik yubileyi ilə bağlı məqalə dərc edib. “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti: "AzərTac"-ın yaranma zərurəti və keçdiyi yol” adlı məqaləsində bu günlərdə 100 yaşını qeyd edən, Şərqdə ilk xəbər agentliklərindən biri olan "AzərTac"-ın keçdiyi çətin və şərəfli yoldan danışılır.
Məqalədə agentliyin fəaliyyət dövrü üç mərhələdə təqdim olunur. Birinci mərhələ 1920-ci ilin mart–aprel aylarını ("AzərTac" ilk xəbərlərini bu qısa dövrdə yaymağa başlayıb), ikinci mərhələ təxminən 70 illik sovet dövrünü, nəhayət, üçüncü mərhələ müstəqillik illərini əhatə edir. Sovet hakimiyyəti illərində yeddi dəfə ad dəyişikliyinə məruz qalan "AzərTac"-a tarixi adı dövlət müstəqilliyimizin bərpasından sonra qaytarılıb. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı "AzərTac"-ın da fəaliyyətində yeni inkişafa səbəb olub, Prezidentin imzaladığı fərman və sərəncamlarla agentlik dövlət himayəsinə götürülüb, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması üçün ciddi tədbirlər görülüb.
Müəllif diqqətə çatdırır ki, "AzərTac"-ın beynəlxalq əlaqələrinin qurulması və formalaşması da dövlət müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Müasir Azərbaycanın siyasi, iqtisadi və sosial həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri daha geniş coğrafiyada və operativ işıqlandıran agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. "AzərTac" buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsilə nail olur. Azərbaycan tarixinin bir əsrlik salnaməsini yazan "AzərTac" ölkəmizin dinamik inkişafı və artan nüfuzu fonunda dünya arenasına inamla çıxır, beynəlxalq informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir.
Məqalədə agentliyin fəaliyyəti yüksək dəyərləndirilir, xüsusən Azərbaycanda informasiya siyasətinin formalaşmasındakı xidmətlərindən bəhs olunur.

Anadolu Agentliyi “AzərTac”ı təbrik etdi

Yubiley günlərində “AzərTac” dünyanın hər yerindən təbriklər aldı. Əlbəttə, qardaş Türkiyədən gələn təbriklər bizim üçün xüsusi önəm daşıyır. 
"Anadolu" Agentliyinin baş direktoru Şenol Kazancı təbrikində yazır ki, iki dövlət, bir millət olan Türkiyə və Azərbaycanın milli xəbər agentlikləri "Anadolu" Agentliyi və "AzərTac"C arasında beynəlxalq əməkdaşlıq, həm ikitərəfli, həm də üzvü olduğumuz beynəlxalq təşkilatlar çərçivəsində güclənərək davam etməkdədir.

Dünya miqyasında jurnalist fəaliyyətləri həyata keçirən "Anadolu" Agentliyinin ofislərinin məqsədli şəkildə hücuma məruz qaldığı və müxbirlərinin yaralandığı hadisələr zamanı, qlobal jurnalistika prinsipləri çərçivəsində beynəlxalq mətbuata etdiyimiz qınama çağırışlarına operativ və tutarlı cavablar verən xəbər agentliyi "AzərTac" olub. Buna görə "Anadolu" Agentliyinin çətin anlarında dəstəklərini əsirgəməyən başda siz, dəyərli həmkarlarım olmaqla, bütün "AzərTac" kollektivinə ən dərin minnətdarlığımı bildirirəm. Azərbaycan və Türkiyənin tarixi qardaşlığına bir nümunə kimi, Qurtuluş Savaşı illərində yanımızda olan, səsimizi dünyaya çatdırmaq üçün Mustafa Kamal Atatürk ilə birgə mübarizə aparan və həmçinin 1925-ci ildə "Anadolu" Agentliyi İdarə Heyətinin sədri olmuş hüquqşünas, siyasətçi və jurnalist Əhməd Ağaoğlunun ölümünün 81-ci ildönümündə fürsətdən istifadə edib onu yad etmək istəyirəm.

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov təbrikində qeyd edir ki, mən cəsarətlə qardaş adlandırdığım "AzərTac" agentliyini bu böyük yubiley münasibətilə ürəkdən təbrik edirəm. 100 il böyük tarixdir. Ötən il TASS-ın 115 illiyinin tamam olmasına baxmayaraq, biz sizdən azacıq yaşlıyıq. Bununla belə, 100 il hər bir təşkilat üçün çox əhəmiyyətli tarixdir. Əlbəttə, bu, Azərbaycan informasiya agentliyi üçün də başlıca tarixdir. Çünki informasiya resursu üçün əsas məsələ ilk növbədə onun imicidir. "AzərTac" isə praktiki olaraq qüsursuz imic qazanıb və keşməkeşli informasiya bazarında onun 100 il mövcud olması buna çox yaxşı sübutdur.

Biz "AzərTac"-la əsl strateji tərəfdaşlarıq. "AzərTac" bizim təklif etdiyimiz bütün layihələrə həmişə böyük və məzmunlu dəstək verir. Düşünürəm ki, TASS-la "AzərTac"-ın münasibətlərini təsvir etmək üçün yanvarın sonunda Bakıda, Heydər Əliyev Mərkəzində həyata keçirdiyimiz sonuncu iri layihənin adından istifadə edə bilərik. Biz "Onları Bakı və Moskva sevir" adlı böyük fotosərgi açdıq. Layihənin adı "AzərTac"-la qarşılıqlı münasibətlərimizi çox gözəl xarakterizə edir. "AzərTac"-ı Moskvada, TASS-ı Bakıda sevirlər. Qoy bundan sonra da belə olsun.

“AzərTac” ən qədim xəbər agentliklərindən biridir 

Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Maksim Minçevin də təbriki diqqətçəkən idi: 
“…Bu illər ərzində sizin agentliyiniz dünyada ən nüfuzlu və hörmətli agentliklərdən birinə çevrilib. Biz əminik ki, siz qarşıdan gələn illərdə də son dərəcədə peşəkar və düzgün fəaliyyət göstərməyə davam edəcəksiniz. Sizə nüfuzlu və çox mühüm işinizdə uğurlar, tərəqqi və böyük nailiyyətlər arzulayırıq. Biz həmçinin ümid edirik ki, "AzərTac" və BTA qarşıdan gələn illərdə də öz yaxın dostluq əlaqələrini məhsuldar və qarşılıqlı faydalı şəkildə davam etdirəcək. Əziz dostlarım, təbriklər.

Misirin Yaxın Şərq Xəbər Agentliyinin İdarə Heyətinin sədri, baş redaktoru Əli Həsən: “Misirin Yaxın Şərq Xəbər Agentliyinin İdarə Heyətinin sədri, Baş redaktoru kimi mən Əli Həsən dost Azərbaycan xalqını, xüsusilə Azərbaycan Dövlət Xəbər Agentliyinin kollektivini və şəxsən İdarə Heyətinin sədri Aslan Aslanovu agentliyin yaranmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq.
"AzərTac" dünyada ən qədim və ən çox inkişaf edən agentliklərdən sayılır. Agentliyin xəbərlərini izləyirəm. Qeyd edim ki, onlar yüksək səviyyədədir. Bizim MENA agentliyimiz də dost Azərbaycan dövləti haqqında məlumatları "AzərTac" vasitəsilə əldə etməyə çalışır. Azərbaycanda baş verən hadisələr barədə xəbərləri "AzərTac"-dan götürür və MENA agentliyinin saytında hər gün müxtəlif dillərdə yayırıq. "AzərTac"-a davamlı inkişaf, yüksəliş, dost Azərbaycan xalqına uğurlar arzulayıram.

Yaponiyanın Kyodo xəbər agentliyinin prezidenti Toru Mizutani isə təbrik məktubunda bunları yazıb: 

- …2016-cı ildə "AzərTac" Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib. Sizin xəbər agentliklərinin inkişafına verdiyiniz töhfəni yüksək dəyərləndirirəm.
Rəqəmsallaşmanın dünya miqyasında sürətlə inkişaf etdiyi dövrdə smartfonlar yeni rahat vasitələr təqdim edirlər. Bu, istifadəçilərə böyük miqyasda məlumatları paylaşmağa kömək edir. Eyni zamanda dünyada “feyk nyus” kimi problemlər ortaya çıxır. Artıq xəbər agentliklərinin ədalətli və dəqiq xəbərin çatdırılması kimi funksiyası bütün dövrlərdən daha vacib olmağa başlayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyini 100 illik yubileyi münasibətilə təbrik edirəm və "AzərTac"-ın yalnız xəbər agentliklərinə yox, dünya mətbuatı və jurnalistikasına verəcəyi töhfələri görməyi ümid edirəm”.



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu