Bütün problemlər masaya çıxarılır

Daha əngəl olmayacaq, məmurlarla xalqın təması genişləndirilir

Bəzən yerlərdə nazirlə vətəndaşın görüşünə maneə yaradılır

Azərbaycan mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin mart ayında şəhər və bölgələrdə vətəndaşların qəbulu üzrə cədvəl açıqlanıb. Cədvəl hüquq-mühafizə orqanları da daxil, fəaliyyətdə olan bütün nazirlik və komitələri əhatə edir. Cədvəldə aşkar şəkildə hansı nazirin, komitə sədrinin nə zaman hansı şəhər və ya rayonda vətəndaşları qəbul edəcəyinin tarixi göstərilir. 

Bu qayda artıq bir neçə ildir ki, formalaşıb. Və onun formalaşması birbaşa Prezident İlham Əliyevin adıyla bağlıdır. Cənab Prezident bütün müşavirələrində, keçirdiyi görüşlərdə, əhali ilə təmasları zamanı istisnasız olaraq bütün məmurların xalqın xidmətçisi olduğunu deyir və onlara vətəndaşların problemləri ilə yaxından maraqlanmağı və həll etməyi tapşırır.    

Amma bəzən narazı qalanlar da olur. Narazılıq edənlər bunu əsas gətirir ki, qəbullar öncədən təsdiq edilmiş qrafikə uyğun keçirilsə də, hansısa nazirin, komitə sədrinin qəbuluna düşmək müşkülə çevrilir. Bildirilir ki, bəzən vətəndaşların nazirlərlə görüşünə, hansısa şikayətlərini, müraciətlərini çatdırmalarına süni maneə yaradılır. Xüsusən də yerli icra orqanları tərəfindən. Hansısa nazirin bölgədə keçirdiyi görüşləri əks etdirən süjetlər efirdə yayımlandıqda bu qəbulların necə şablon, sərt qrafik üzrə icra olunduğu onsuz da gözdən yayınmır. Sanki vətəndaşlar problemlərinin həlli üçün deyil, əksinə, problemin həll olunmadığına görə təşəkkür etməyə gəliblər.

Bu görüşləri, qəbulları daha çevik, daha canlı, yerli əhali ilə bilavasitə təmas halında keçirmək olmazmı?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev «Şərq»ə açıqlamasında mövzunun ciddi olduğunu dedi:
- Rəhbərlik etdiyim Fond vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində Avrasiya Əməkdaşlıq Fondu ilə birgə layihə həyata keçirib. Biz bu məsələni müxtəlif aspektlərdən öyrənmişik. Nazirlərin regionlara səfərləri və vətəndaşların qəbulu prosesi 2013-cü ildən başlanıb. Onu deyə bilərəm ki, 2013-ildən bu günə kimi proses daha da sadələşib və daha da aktivləşib. Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı 2015-ci ildə yeni qanun qəbul edildi. Nəticədə vətəndaş müraciətlərinin dairəsi genişləndi, forması dəyişdirildi. Məsələn, əvvəllər müraciətlərə yalnız fərdi qaydada baxılırdısa, indi kollektiv müraciətlərə baxılma praktikası, həmçinin elektron müraciət forması da tətbiq olunur. Vətəndaşların müraciətlərinə hansı hallarda baxılmayacağı da müəyyənləşib. Əgər bir vətəndaş eyni məzmunda 3 dəfədən artıq müraciət edirsə, həmin müraciətə artıq baxılmır. Müraciətlərə baxılma müddəti müəyyənləşib. Müraciətlərə əsaslandırılmış cavab verilməlidir. Müraciətlərə əsassız şəkildə baxılmadıqda İnzibati Xətalar Məcəlləsinə görə sanksiya tətbiq edilir. Həmçinin, bu da müəyyənləşib ki, aşağı instansiyalardan yuxarı instansiyalara şikayətlərin sayı azalıb. Bu da son vaxtlar vəzifə sahiblərinin öz işlərinin öhdəsindən gəldiyini göstərir. 

Ə.Nuriyev vətəndaş qəbulları ilə bağlı təkmilləşdirmə işlərinin aparıla biləcəyini də vurğuladı:

- Nəzərə alsaq ki, bəzi hallarda vətəndaşlar arasında müəyyən narazılıqlar olur, vətəndaş qəbulu prosesini təkmilləşdirmək mümkündür. Məsələn, bunun üçün hansı nazirin qəbulu olacaqsa, qəbula düşmək istəyən vətəndaşa əvvəlcədən kod verilə bilər, yaxud müraciətlərin elektronlaşdırılmasını daha da aktivləşdirmək işin səmərəliliyini artırar. İstisna etmirəm ki, yerlərdə hansısa məmurlar vətəndaşların müraciətini qeydə almasın, vətəndaşın nazirlə görüşünə mane olsun. Bəlkə də yerli icra hakimiyyəti orqanları hansısa problemin nazirlərə çatdırılmasında maraqlı deyil, istəmirlər, hansısa neqativ hal üzə çıxsın, belə halların ola biləcəyi istisna deyil. Bunun üçün də vətəndaş müraciətlərinin elektronlaşdırılması uyğun həll variantıdır. Hər bir nazirliyin saytı və elektron poçtu var, yaxşı olar ki, vətəndaşlar müraciətlərini ora yönləndirsinlər. Qəbul məsələsində şablondan çıxmağa gəlincə, bu, elə də asan deyil. Məsələn, yerli icra hakimiyyətləri tərəfindən əhali ilə canlı görüşlər təşkil olunur. İcra başçıları, aparat əməkdaşları yerli problemlərlə tanış olduğundan cavab vermək də çətin deyil. Amma hər mövzuda aidiyyəti olmayan qurum rəhbərinə sual vermək, problemin həllinə kömək istəmək, əlbəttə, doğru deyil. Belə vəziyyət nizamsızlığa səbəb olar. Forma dəyişikliyi məzmunsuzluq yaradacaq. Vətəndaş qəbullarının formatını zaman-zaman dəyişmək, bu praktikanı genişləndirmək olar. Bunun üçün uyğun variantlar tapılmalıdır.

Ə.Nuriyev hesab edir ki, vətəndaşların müraciətlərinə əsassız halda baxılmamasına görə cərimələrin miqdarı artırılmalıdır:

- Hakimiyyət orqanına və onun təmsilçisinə müraciət etmək, hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaşın müraciətinə əsassız yerə baxılmadıqda vəzifəli şəxsə 100-200 manat cərimə tətbiqi nəzərdə tutulur. Məncə, bu məbləğ artırılmalıdır. Və əlbəttə ki, müraciətlərə baxılmasında şəffaflığın təmini əsas şərtdir. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu