Müjdə: “Minimum əməkhaqqını Rusiyadakı həddə çatdırmaq istəyirlər”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir. Lakin nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb. A.Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.


Təklifləri şərh edən itisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bu məsələnin təsadüfi olmadığını deyib:



 “Bir müddət əvvəl respublikada minimum əməkhaqqı çox ciddi şəkildə artırıldı. Lakin indi də məsələnin müzakirə edilməsi təəccüblü deyil. Çox güman ki, minimum əməkhaqqını MDB məkanına daxil olan  digər ölkələrdəki, xüsusilə Rusiyadakı minimum əməkhaqqına yaxınlaşdırmaq istəyirlər. Əlbəttə, bu çox yaxşı haldır və əhali üçün sevindiricidir”.
 
 N.Cəfərli düşünür ki, sözügedən məsələ özəl sektorda çalışanlar üçün çətinlik yarada bilər:

"Özəl sektorda işləyənləri də nəzərə almaq lazımdır. Onlar Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini minimum əməkhaqqına uyğun olaraq ödəyirlər. Yəni əgər minimum əməkhaqqı artsa, buna uyğun olaraq özəl sektorda çalışanların fonda ödədikləri məbləğ də dəyişəcək. Nəticədə dolayı vergi öhdəlikləri yaranacaq. Özəl sektorda çalışanların minimum əməkhaqqlarının artırılmasından istifadə etmələri üçün qanuna düzəlişlər edilməlidir. Hazırkı qanunvericiliyə görə, DSMF-yə ödənilən vəsait minimum əməkhaqqından asılıdır”. 
                                                             

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu