Kamil Zeynallı gözləri oyulmuş itdən DANIŞDI:“Onkoloji şiş şübhəsi də var”


“Analiz götürülüb, bu gün-sabah cavab bilinəcək. Əgər şiş olsa, o əməliiyatın xərcini də çəkəcəm”

“Hamı, hər kəs itə işgəncə verənlərin tapılıb cəzalanmasını tələb etməlidir. Hüquq-mahafizə orqanlarına ictimai çağırış edilməlidir . Bunu edən tapılıb cəzalanmalıdır”




Məşqçi Kamil Zeynallı gözləri oyulub, cinsiyyət orqanı kəsilmiş iti himayəsinə alıb. Sosial şəbəkədə bu barədə xəbər yayıldıqda K.Zeynallı ilə əlaqə yaratdıq və işgəncəyə məruz qalmış itin vəziyyəti ilə maraqlandıq. K.Zeynallı “Şərq”ə açıqlamasında bildirdi ki, hadisə təxminən ay yarım əvvəl baş verib: 

- Oxşar hallar olanda dostlarım məni məlumatlandırır. Mən də maraqlanıram. Görəndə ki, kömək edə bilərəm, məsələ mənlikdi, işə qarışıram. Əks halda, hərəkətə keçmirəm. İtin vəziyyətini görəndə “bu, mənlikdir” dedim və hərəkətə keçdim. Məlumat aldım ki, zavallı it Bakı-Şamaxı yolunda, Müşviqabada çatmamış sahibsiz heyvanlar üçün nəzərdə tutulmuş xüsusi yerdə - Azərbaycan Heyvanları Xilasetmə Mərkəzində (AARC) saxlanır. Ora getdim. İtin vəziyyəti çox dəhşətlidi. Köməksiz, zavallı heyvana bu işgəncələri verənin insan övladı olduğuna inanmaq istəmirsən. Sosial şəbəkədə itin fotolarını görəndə bunun bizdə baş verəcəyinə inanmadım, fikirləşdim, yəqin, hansısa başqa ölkədə olub. Amma biləndə ki, yox, bizdə ediblər bunu, inanın, hisslərimi ifadə etməyə söz tapmadım. Bunu edən kimdirsə, mütləq tapılıb cəzalanmalıdır. Mənim polis əməkdaşı olan dostlarım çoxdu.  Onlar da mənə zəng edirlər, hadisəyə qəzəblərini, nifrətlərini bildirirlər. Hesab edirəm ki, media bu məsələdə aktivlik nümayiş etdirməlidir. Qardaş Türkiyədə əclaflar bir itin ayaqlarını kəsmişdilər. İctimai qınaq o qədər böyük oldu ki, hüquq-mühafizə orqanları o adamın axtarışına başladı, müəyyənləşdirib məsuliyyətə cəlb etdilər. Bizdə də belə olmalıdır. Hamı, hər kəs itə işgəncə verənlərin tapılıb cəzalanmasını tələb etməlidir. Hüquq-mahafizə orqanlarına ictimai çağırış edilməlidir. Mən özüm də demişəm ki, itə bu işgəncəni verənin kimliyini mənə deyən şəxsə pul mükafatı verəcəm. Hadisənin baş verdiyi yer təxminən bəllidir. Zavallı it Balaxanı ərazisində tapılıb. Gözləri oyulmuş it çox uzaq gedə bilməz. Görmədiyindən qoxu hissi ilə ay yarım zibilliklərdə gəzib, qida axtarıb. İtə işgəncə verənlər bəlkə də, həmin ərazi, ya da ora yaxın yerlərdə yaşayanlardır. Hər halda bunu polis əməkdaşları, əməliyyatçılar müəyyənləşdirə bilər. 

K.Zeynallı itin vəziyyətinin ağır olduğunu, lakin həkimlərin onun xilası üçün çalışdıqlarını dedi: 

- İtin gözləri əməliyyat olunacaq. Görməyəcək, çünki gözləri yoxdur, artıq. Amma bəbəklərin yeri qapanmalıdır ki, infeksiya düşməsin. Həkimlə danışmışam, bu əməliyyatı edəcək. Bütün xərclər də mənlikdi. Başqa problem də var: itdə onkoloji şiş şübhəsi var. Analiz götürülüb, bu gün-sabah cavab bilinəcək. Əgər şiş olsa, o əməliiyatın xərcini də çəkəcəm. İt daim nəzarətimdə olacaq. Gününə 15 manatdan ödəyəcəyəm. Saxlanma yeri, qidası normal olsun deyə. Özüm də tez-tez gedib baş çəkəcəm. Allah rizası üçün bunu edirəm. Allah-təala bizə ruzi, bərəkət verir, biz də gərək Allahın yaratdığı canlılara sahib çıxaq. Ən əsas itə bu işgəncələri verənlərin tapılıb cəzalanmasıdır. Onlara ən ağır cəza verilməlidir.                               

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu