"İdmanımızda tərəqqi, idman mətbuatında geriləmə var" - MÜSAHİBƏ

 "Ümumilikdə ölkədə 120 idman jurnalisti çalışır"
Qabil Mehdiyev: “İdman jurnalistikası çətinliyinə görə yalnız hərbi jurnalistikadan geri qalır”

Həmişə olduğu kimi, bu il də martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2004-cü il martın 4-də imzaladığı Sərəncama uyğun olaraq, artıq 15 ildir ki, idman ictimaiyyətinin nümayəndələri bu əlamətdar gündə birlik, həmrəylik nümayiş etdirirlər. Əlbəttə, bu, ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan xəbər verir.
“İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir” deyən ulu öndər Heydər Əliyevin bu sahədəki siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Təbii ki, idmançılarımızın uğurlarının işıqlandırılmasında, onların beynəlxalq aləmdə tanınmasında idman mətbuatımızın da üzərinə böyük iş düşür. 1932-ci ildən nəşr olunan və böyük bir tarixi yol keçən “İdman” qəzeti də belə media orqanlarından biridir. 5 Mart - Bədən tərbiyəsi və idman günü münasibətilə qəzetin baş redaktoru, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyevlə həmsöhbət olduq.

 - Qabil müəllim, necə düşünürsünüz, martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunmasının əhəmiyyəti nədən ibarətdir?

- Hələ 25 il əvvəl, yəni 1995-ci ildə ümummilli lider Heydər Əliyev ilk dəfə idmançıları qəbul etdi, onların problemləri, qayğıları ilə maraqlandı. Heydər Əliyev hakimiyyətə gəldikdən və ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra onun qəbul etdiyi ilk şəxslər məhz idmançılar oldu. Bu, onun idmana olan qayğısı, marağı ilə əlaqədər idi. Ulu öndər həmin tədbirdə idmana qayğını öz üzərinə götürəcəyini dedi və biz sonrakı illərdə həmişə bu qayğını hiss etdik. Növbəti illərdə ümummilli lider ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı istiqamətində müxtəlif fərman və sərəncamlar imzaladı. Azərbaycanda idmanın maddi-texniki bazası yaxşılaşdırıldı. 2005-ci ildə Prezident İlham Əliyev bu siyasətin davamı olaraq hər il martın 5-nin ölkədə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunması haqqında Sərəncam imzaladı. İndiyədək bu əlamətdar gün hər il ən geniş miqyasda paytaxtda keçirilirdi. Lakin keçən il respublikanın ikinci ən böyük şəhəri Gəncə bu idman bayramına ev sahibliyi etdi. Bildiyiniz kimi, Gəncə ötən il Avropanın idman paytaxtı seçilmişdi. Bu il isə Bədən tərbiyəsi və idman günü Naxçıvan Muxtar Respublikasında daha böyük təntənə ilə qeyd olunacaq. Bu, həm ümummilli liderin ilk dəfə idmançıları qəbul etməsinin 25, həm də prezident İlham Əliyevin imzaladığı sərəncamın 15 illiyi münasibətilədir. Ölkənin idman ictimaiyyətinin əksər tanınmış simaları həmin tədbirdə iştirak edəcək. Bununla yanaşı, 5 mart - Bədən tərbiyəsi və idman günü ilə bağlı, bir gün öncədən başlayaraq paytaxt Bakıda da silsilə tədbirlər baş tutacaq. Onu da qeyd edim ki, belə bir günün təsis edilməsi və qeyd olunması həm də idmançıların öz hamilərini - ulu öndərin qayğısını unutmamaları baxımından əhəmiyyətlidir. Hərçənd ki, idmançılar hər an ümummilli lideri xatırlayır və onu yad edirlər.

- Azərbaycan gənc dövlət olsa da, bu gün bütün dünyada idman ölkəsi kimi tanınır. Siz ixtisasca politoloqsunuz. Maraqlıdır ki, bir politoloq kimi ölkəmizin beynəlxalq aləmdə qazandığı bu uğuru necə qiymətləndirirsiniz?

- İdman sağlamlıq, fiziki tərbiyə olmaqla yanaşı, həm də siyasətin bir qoludur. İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bizim bu sahədəki uğurlarımız daha da artdı. Bir vaxtlar başqa ölkələrə gedən idmançılarımız vətənə qayıtdılar. Hətta əcnəbi ölkələrin vətəndaşları da Azərbaycanın şərəfini qorumaq istədilər. Nəticədə həmin idmançıların azarkeşləri də Azərbaycanı tanıdılar, ölkəmiz haqqında məlumatlı oldular. İlk dəfə olaraq 1992-ci ildə Azərbaycan öz bayrağı altında planetin ən ali idman yarışında - Olimpiya Oyunlarında iştirak etdi. İlk dəfə olaraq cüdoçumuz Nazim Hüseynov olimpiya qızılını qazanmışdı. 1996-cı ildə Atlanta Olimpiadasında isə Azərbaycan tam müstəqil dövlət olaraq öz Olimpiya komandası ilə təmsil olundu. Əgər Atlantada Azərbaycan bir medal qazanmışdısa, növbəti dəfələrdə bizim medallarımızın sayı daha da artdı. İndi isə biz səkkiz olimpiya çempionumuzla fəxr edirik. Bundan başqa, 34 idmançımız olimpiya gümüşü və bürüncü qazanıb. 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxalq yarışlarda 11 346 medal qazanıblar. Bu, böyük nəticədir. Necə deyərlər, artıq imzalar içində imzamız var. Beynəlxalq aləmdə dəfələrlə bizə etimad göstərilməsi də dünya dövlətləri tərəfindən Azərbaycanın idman ölkəsi kimi tanınmasını bir daha sübut edir. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük diplomatik uğurlar qazanmaqdadır. Bu işdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi gedişi, şəxsən beynəlxalq tədbirlərdə fəal iştirakı, ingilis dilində həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bacarığı böyük rol oynayır. Bildiyiniz kimi, beynəlxalq tədbirlər zamanı dövlətin himni bir ölkə başçısının səfərləri zamanı, bir də idmançıların qələbələri şərəfinə səsləndirilir. Bu faktın özü idmanın bir diplomatiya, siyasət olaraq dövlətə faydasının ən əyani göstəricisidir.

- Bu işdə idman jurnalistlərimizin öhdəsinə hansı vəzifələr düşür?

- Təbii ki, biz daha fəal olmalı və fəaliyyətimizlə idmançılarımıza həm də dəstək verməliyik. İdman jurnalistləri idmançılarımızın üzləşdiyi haqsızlıqlarla əlaqədər lazım olduqca beynəlxalq idman təşkilatlarına müraciət etməli, təmsilçilərimizin hüquqları, haqları uğrunda mübarizə aparmalıdırlar.
- Ümumiyyətlə, ölkədə idmanın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Sovet dövründə idman jurnalistikamız çox inkişaf etmişdi. Hətta idman jurnalistlərimizin yazıları Rusiyanın populyar mətbu orqanlarında dərc olunurdu. Əfsuslar olsun ki, müstəqillik əldə etdikdən sonra idmanımız tərəqqi tapsa da, idman mətbuatımızda müəyyən geriləmələr oldu.

- Buna səbəb nə oldu?

- Bir neçə amil dediyim məsələyə təsir etdi. Əvvəla, dünya təcrübəsinə baxsaq, görərik ki, çox ölkədə idman mediası təşkilatlanmış formada fəaliyyət göstərir. Bizdə isə belə deyil. İkinci bir tərəfdən idman jurnalisti daim beynəlxalq aləmdə olur. Buna görə onun xarici dil, o cümlədən rus və ingilis dilini bilməsi vacibdir. İdman jurnalistikamızdakı mövcud çatışmazlıqların əsas səbəbi yerli media nümayəndələrinin xarici dil  bilməməsidir. Uzun illər “İdman” qəzetində müxbir kimi, sonralar isə rəhbər vəzifələrdə çalışmış, idman mətbuatımızın ağsaqqallarından biri - Əməkdar jurnalist Oqtay Bayramov ispan dili mütəxəssisidir. O, əvvəllər Kuba səfirliyində tərcüməçi işləmişdi. Ona görə də yarım əsri keçən jurnalistlik fəaliyyətində daim tərcümələr etmiş, idman mətbuatında uğur qazana bilmişdi.

- Qabil müəllim, bu sahədə çalışanların kifayət qədər idman biliklərinin olmaması da səbəb kimi göstərilə bilərmi?

- Bəli, bu məsələ də əsas problemlərdən biridir. Ölkə media sistemində idman sahəsində ixtisaslaşmış iki telekanal, 3 qəzet, 4 jurnal, 70-ə yaxın sayt var. Bu KİV-də ümumilikdə 100-120 idman jurnalisti çalışır. Amma onlardan təxminən 40-ı peşəkardır. Qalanları isə idmanı kifayət qədər bilmədiklərinə, terminlərdən, baş verən tendensiyalardan xəbərsiz olduqlarına görə uğur qazana bilmirlər. Bir çox idman jurnalistləri var ki, ancaq futboldan yazırlar. Bu, çox böyük problemdir. Məsələnin iki səbəbi var. Birincisi, digər idman federasiyalarına nisbətən, AFFA-nın maliyyə vəziyyəti daha yaxşıdır. İkinci səbəb isə ondan ibarətdir ki, demək olar, hamının futboldan başı çıxır. Lakin elə idman növləri var ki, heç kim onun haqqında danışa, şərh edə bilmir.

- Ümumiyyətlə, idman jurnalistikasını jurnalistikanın digər sahələrindən fərqləndirən səciyyəvi xüsusiyyətləri nələrdir?

- Mən vaxtilə ictimai-siyasi mövzuda da yazmışam. Bir müddət hərbi müxbir də olmuşam və 25 ildir idman mətbuatındayam. Müqayisə aparsaq, əminliklə bu sahəni çətinliyinə görə hərbi jurnalistika ilə müqayisə etmək olar. Yəni idman jurnalistikası medianın hərbidən sonra ən çətin sahəsidir. İdman jurnalistikası çox ağır sahədir. Təsadüfi deyil ki, idman jurnalistikasına maraq göstərənlərin əksəriyyəti kişilərdir. Doğrudur, idman jurnalistikası ilə məşğul olan qadınlar da var. Bu maraq onlarda idmana olan sevgilərindən yaranıb. Amma nəzərə almaq lazımdır ki, idman jurnalistikası ilə məşğul olan şəxs idmanın bir və ya bir neçə növündən deyil, bütün növlərindən xəbərdar olmalıdır. Dediyim kimi, idman jurnalistikası çətinliyinə görə yalnız hərbi jurnalistikadan geri qalır. Bununla belə bəzən idman jurnalistikasını ümumi mediadan ayıranlar var. Mən dəfələrlə belə halların şahidi olmuşam. Məsələn, bu yaxınlarda Milli Məclisə seçkilər zamanı bəzi ictimai-siyasi saytlar namizəd jurnalistlərlə bağlı yazılar dərc edirdilər. Lakin ölkədə kifayət qədər tanınmış üç idman jurnalisti namizədlər arasında olsa da onlardan bəhs olunmamışdı. Mən belə addımları düzgün hesab etmirəm və idman jurnalistikasının ümumi media ailəsindən təcrid olunmasını qəbul edə bilmirəm.

- Sizcə, bu yanlış tendensiya nə ilə bağlıdır?

- İnanın ki, bilmirəm. Bu yanaşma tərzini başa düşmürəm. Əslində idman mediası ölkədə ən böyük sahə jurnalistikasıdır. Təsadüfi deyil ki, idman sahəsində ixtisaslaşmış iki telekanal var. Başqa belə bir sahə varmı? Bu, idman jurnalistikasına olan tələbatdan və bu sahənin nüfuzundan xəbər verir.

- Bu yaxınlarda Azərbaycan İdman Jurnalistləri Federasiyası təsis edildi. Siz bu qurumun prezidenti seçildiniz. Təşəbbüs necə yarandı?

- Azərbaycanda idman mediasının 90-dan çox yaşı var. Respublikamızda ilk idman nəşri olan “İdman” qəzeti 1932-ci ildə işıq üzü görür. Ondan da bir neçə illər öncə ictimai qəzetlərdə idman xəbərləri dərc edilirdi. İdman mətbuatımızda ilk vaxtlar qeyri-azərbaycanlılar üstünlük təşkil edirdilər. Ancaq sonradan öz millətimizin nümayəndələri də bu sahədə fəallaşmağa başladılar. Nəticədə mərhum Mirpaşa Miriyev, Oqtay Atayev, Aqşin Kazımzadə, Vahid Sənani, hazırda öz fəaliyyəti ilə nümunə olan Oqtay Bayramov və digərlərinin köməyi ilə idman jurnalistikamız inkişaf etdi. Onu da qeyd edim ki, Mirpaşa müəllim “İdman” qəzetinin ilk azərbaycanlı redaktoru olub. O, 1951-ci ildən etibarən, 37 il bu vəzifədə çalışıb. Lakin təşkilatlanma, başqa sözlə desək, idman jurnalistlərini birləşdirən bir qurum yox idi. Mən 20 ildir ki, “İdman” qəzetinin baş redaktoruyam. Ötən illər ərzində “İdman” qəzetinin təşəbbüsü ilə idman jurnalistlərini iki dəfə bir araya toplamışıq. Bir dəfə "dəyirmi masa", bir dəfə də elmi-praktiki konfrans keçirilib. Amma sonradan düşündük ki, bu, bizim qəzetin təşəbbüsü ilə olmalı deyil. Nəticədə belə bir qurumun yaradılması zərurətə çevrildi. Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun dəstəyi ilə qısa zamanda təşkilatlanmağa nail ola bildik. Biz bu qurumun köməyi ilə lazımi hallarda beynəlxalq aləmdə öz sözümüzü deyə biləcəyik. Azərbaycan İdman Jurnalistləri Federasiyası qısa zamanda öz fəaliyyəti ilə əbəs yerə yaranmadığını sübut edəcək.
Fevralın 20-də Azərbaycan İdman Jurnalistləri Federasiyasının ilk iclası keçirildi. Tədbirdə ölkəmizin idman media orqanlarının nümayəndələri, tanınmış jurnalistlər, veteran jurnalistlər, eləcə də idman qurumlarının mətbuat katibləri iştirak etdi. İdman jurnalistikamızı narahat edən məsələlər müzakirə edildi və maraqlı təkliflər səsləndi. Maraqlıdır ki, “Qol.az” saytının redaktoru Aydın Bağırov təklif etdi ki, hər il fevralın 20-sini idman jurnalistlərinin qeyri-rəsmi günü kimi qeyd edək. Hər kəs bu təklifi bəyəndi. İnanıram ki, rəsmi olmasa da, qeyri-rəsmi formada idman jurnalistləri gününü qeyd edə biləcəyik. Bu da bir tarixdir. 

- Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəaliyyəti toqquşmayacaq ki?

- Düşünmürəm. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 ildir ki, fəaliyyət göstərir. Mən də vaxtı ilə bu qurumun İcraiyyə Komitəsinin üzvü olmuşam. Sadəcə, həyata keçirmək istədiyimiz tədbirləri bu qurumun fəaliyyətində görmədiyim üçün yeni federasiyanın yaranmasını məqsədəuyğun hesab edirəm. Düşünürəm ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası daha dinamik və təsirli təşkilat olacaq. Ancaq assosiasiya ilə qətiyyən əks mövqedə deyilik.

- Federasiyanın əsas məqsədləri nələrdir?
 
- Bayaq da dediyim kimi, Azərbaycan idman mediasının əsas problemlərindən biri xarici dilli jurnalistlərin olmamasıdır. Biz bu məsələni həll etmək üçün jurnalistlərin müxtəlif kurslarda xarici dillərini təkmilləşdirmələrinə şərait yaradacağıq. Ancaq etiraf etmək lazımdır ki, bu, həmişə arzuolunan səviyyədə nəticə vermir. Yəni təkcə sertifikat almaqla kifayətlənmək olmaz. Jurnalist xarici dili mükəmməl bilməlidir. İkinci bir tərəfdən, bildiyiniz kimi, Azərbaycan Bədən tərbiyəsi və İdman Akademiyasının magistr pilləsində xarici mütəxəssislər tərəfindən “İdman jurnalistikası” ixtisası tədris olunur. Lakin bununla belə, veteran jurnalistləri, necə deyərlər, bu işdə saç ağardanları gənclərlə görüşdürməyi də əhəmiyyətli hesab edirəm. Gərək onlar öz təcrübələrini gənclərlə bölüşsünlər. Eyni zamanda xarici ölkələrlə qarşılıqlı əməkdaşlıq da hədəflərimiz sırasındadır. Ümumiyyətlə, çalışacağıq ki, idman jurnalistikamızın inkişafı üçün əlimizdən gələn hər şeyi edək.

Digər tərəfdən idman mediamızın səviyyəsini də yüksəltməyə çalışacağıq. Bir çox hallarda idman mediasında təhqirlərə yol verilir. Əlbəttə, tənqid olmalıdır. Amma təhqirə, şantaja və böhtana yol vermək olmaz. Federasiya olaraq, buna qarşı mübarizə aparacağıq və idman mediasını təsadüfi insanlardan təmizləməyə çalışacağıq. Federasiyanın tərkibində müxtəlif komissiyalar fəaliyyət göstərir və hər birinin qarşısına konkret vəzifələr qoymuşuq. Beynəlxalq təcrübənin öyrənilərək ölkə idman mediasında tətbiqinə çalışırıq. İnanıram ki, qısa müddətdə nümunəvi media təşkilatı formalaşdırmağa nail olacağıq.

- Bəs yaxın gələcək üçün əsas planlar nələrdir?

- Mirpaşa Miriyevin və Aqşin Kazımzadənin adına mükafatlar təsis edəcəyik. Mirpaşa müəllimin adına mükafat idman jurnalistlərinin səsverməsi ilə hər il bir idman xadiminə, Aqşin müəllimin adına mükafat isə idman xadimlərinin səs verməsi ilə hər il bir idman jurnalistinə təqdim ediləcək. Bundan başqa, ilin sonuna kimi müxtəlif treninqlərin, təcrübə proqramlarının həyata keçirilməsi planlaşdırılıb. Düşünürəm ki, 2020-ci ilin tədbirlər planı daha geniş olacaq.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu