Çingiz Qənizadə növbəti marafona hazırlaşır: "Bu dəfə qalib gələcəm" – MÜSAHİBƏ

 “Bu dairə üzrə mənim üçün elə bir ciddi rəqib yoxdur. Onlar sadəcə qarışıqlıq yaratmağa çalışırdılar”

“Opponentlərimin əsas məqsədi dairə haqqında mənfi imic formalaşdırmaq idi. Seçki günü məntəqələrdə heç bir qanun pozuntusu olmadı. Nəticələrin niyə ləğv olunduğunu bilmirəm” 




Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiq edib. Amma bir sıra dairələrin, o cümlədən 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri ləğv edildiyi üçün bu dairənin deputatı hələ ki məlum deyil. Həmin dairələr üzrə seçkilər yenidən keçiriləcək.
Maraqlıdır, görəsən həmin dairədən bir neçə dönəm deputat seçilmiş sabiq millət vəkili, dairə üzrə namizədlərdən biri Çingiz Qənizadə marafona yenidən qatılacaqmı? 

Keçmiş deputat “Sherg.az”ın suallarını cavablandırıb. 

-Çingiz müəllim, ləğv olunan dairə üzrə növbəti seçkilərdə iştirak edəcəksinizmi?

-Bəli qatılacam  və inanıram ki, bu dəfə qalib gələcəm. 

- Ən potensiallı opponentiniz kimdir?

-Bu dairə üzrə mənim üçün elə bir ciddi rəqib yoxdur. Onlar sadəcə qarışıqlıq yaratmağa çalışırdılar. Rəqiblərim arasında özünün fəaliyyəti ilə cəmiyyətə fayda verə biləcək bir adam da yoxdur. Opponentlərimin əsas məqsədi dairə haqqında mənfi imic formalaşdırmaq idi. Seçki günü məntəqələrdə heç bir qanun pozuntusu olmadı. Nəticələrin niyə ləğv olunduğunu bilmirəm. 

-Onda belə düşünmək olar ki, rəqiblərinizin əsas məqsədi sizin əleyhinizə koalisiya yaratmaq idi?

-Şəxsən mənə qarşı yox, ən güclüyə qarşı. Əgər məndən daha güclü namizəd olsa idi, ona qarşı birləşəcəkdilər. On il həmin dairə üzrə deputat seçildiyimə görə əhali məni yaxşı tanıyırdı. Mütəmadi olaraq yerli sakinlərlə görüşür, hesabatlar hazırlayırdım. Yəni faktiki olaraq, ən güclü namizəd mən idim. Rəqiblərim, ola bilsin, düşünürdülər ki, başqa dairədən namizədliyimi verəcəm. 

-Əhalinin bu məsələyə reaksiyası necə oldu?

-Çox pis. Onlarca zəng gəldi mənə. Dediyim kimi, insanlar uzun müddətdir, məni tanıyır və mənim onların yanında olduğumu bilirlər. Hətta bəziləri səhv addım atdıqlarını da etiraf edir. 

-Növbəti seçkilərdə qalib gəlmək şanslarınızı necə qiymətləndirirsiniz?

-Bu seçkilərdə daha çox namizəd olacaq. Buna baxmayaraq inanıram ki, təbliğat-təşviqat kampaniyamızı düzgün qurub, səhvlərimizdən dərs çıxararaq qalib gələ biləcəyik. Onu da deyim ki, mən hansı dairədən seçilməyimdən asılı olmayaraq təkcə bir bölgənin insanlarının yanında yox, bütün millətimin, xalqımın yanındayam.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu