Prezident əsl məmurun portretini cızdı: dəyərlərə sadiq, sadə, qayğıkeş, şəffaf...


Əli Məsimli: “Məmurlarımızın əksəriyyəti intellektual göstəricilərə cavab versələr də, mənəvi dəyərlərin daşıyıcısı olmaqda maraqlı deyillər”

“Məmurların xalqla davranışı və münasibətində köhnə steriotiplər silinməlidir. “Burada mənəm, Bağdadda kor xəlifə” misalı ləğv edilməlidir”

“Prezident hər zaman dövlət başçısı kimi milli dəyərlərimizi qoruyub saxlayıb. Bu gün milli dəyərlərimizin qorunması bizə hava, su kimi lazımdır”


Dünən Prezident İlham Əliyev Neftçala və İsmayıllı rayonlarına yeni təyin olunan icra başçılarını qəbul edib. Qəbul zamanı ölkə başçısının yaşca böyüyə hörmətlə yanaşaq  məsələsini gündəmə gətirməsi diqqət çəkib. İlham Əliyev Neftçalaya icra başçısı təyin olunan 30 yaşlı Mirhəsən Seyidovdan özündən yaşca böyük olan Nahid Bağırova yer verməsini istəyib. 
Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missisya olmalıdır. Prezidentin bu davranışı və bu nəsnəni daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.

Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağsaqqal və ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə olub, örnək göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması fikirlərimizin ən bariz təsdiqidir.

Prezidentin hər zaman sərt tənqiq etdiyi məqamlardan biri də məmur özbaşınalığı, onların vətəndaşlara olan münasibətidir. Ölkə başçısı eyni zamanda məmurların geyimi ilə bağlı məsələyə də toxunub. Prezident qeyd edib ki, bəzi məmurlar iş zamanı cins şalvar geyinirlər. Bu, yolverilməzdir. Bir sözlə, ölkə başçısı əsl məmurun portretini cızıb. 



Prezidentin fikilərini müsbət dəyərləndirən millət vəkili Əli Məsimli “Sherg.az”a bildirib ki, ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyur. Dolğun inkişafa nail olmaq üçün zəruri islahatlar həyata keçirilir. Parlamentarinin sözlərinə görə, həmin islahatlar cəmiyyətdə özünü göstərməyə başlayıb:

“İslahatların mühüm tərkib hissələrindən biri də məhz insan amili ilə bağlıdır. Yəni islahatların sürətlə, keyfiyyətlə və hədəfə doğru yürüməsi üçün zəruri amillərdən biri də müasir çağırışlara cavab verən kadrların önə çəkilməsidir. İslahataların gözlənilən nəticə verməsi üçün ilk olaraq siyasi iradə olmalıdır. Sonra isə islahatları gerçəkləşdirmək üçün zəruri olan proqramlar var. Bu proqramların tətbiqinə nail olmaqdan ötrü müəyyən keyfiyyətlərə malik kadrlar olmalıdır. Məsələn, dünyada məşhur olan tibbi aparat alınır, amma onu işlətmək üçün kadr yoxdur. Deməli, bu aparat işləməyəcək. Ona görə də müasir dövrün tələblərinə cavab verən islahatlar gedirsə, həmin islahatların tələblərinə uyğun kadrlarımız olmalıdır. 

Ölkəmizdə gedən islahatların xalq tərəfindən dəstəklənməsi də vacibdir. Kadrlar islahatların yürüməsi və daha keyfiyyətli həyata keçirilməsi üçün mühüm rola malikdir. Ona görə də məmurlar ilk növbədə intellektual göstəricilərinə görə müasir dövrün tələblərinə cavab verməlidir”.

Ə. Məsimli həmçinin bildirib ki, məmurlar mənəvi dəyərlərin daşıyıcıları kimi çıxış etməlidir:

“Məmurlarımızın əksəriyyəti intellektual göstəricilərə cavab versələr də, mənəvi dəyərlərin daşıyıcısı olmaqda maraqlı deyillər. Bu da Azərbaycanda tərəqqinin olmasına ciddi əngəl yaradır. Korrupsiya, rüşvətxorluq, monopoliya, məmur özbaşınalığı hallarının geniş yayılmasında mənəvi amillər rol oynayır. Hesab edirəm ki, intellektual göstəricilərlə yanaşı müasir dövrün tələblərinə cavab verən məmurun insani parametrlərinin olması da vacibdir”.

Deputat ölkə başçısının məmurların geyiminə dair iradlarını dəstəkləyir:

“İş zamanı məmurun iş geyimi önəmlidir. Təbii ki, şənbə və bazar günləri məmurlar idman formasın ola bilərlər. Mən də iş olmayan günlər rahat geyinirəm. Amma iş zamanı məmurun xüsusi geyimi olmalıdır”. 

Ə.Məsimli vurğulayıb ki, məmurların xalqla davranışı və münasibətində köhnə steriotiplər silinməlidir:

“ “Burada mənəm, Bağdadda kor xəlifə” misalı ləğv edilməlidir. Çünki aparılan islahatların əsas məqsədlərindən biri şəffaflığın təmin olmasıdır. Məmurlar şəffaf şəraitdə müasir tələblərə cavab verməli, xalqla ünsiyyətdə olmalı, ya da çıxdaş olub getməlidir”.

Deputat bildirib ki, Prezident icra başçılarını qəbul edərkən gənc məmura oturma qaydasını söyləməklə hər kəsə nümunə olacaq bir addım atdı:

“Cənab Prezident regionlara gedəndə yaşlı nəsillə görüşləri zamanı sadəliyini açıq formada göstərir. Regionlarda tədbirlər və görüşlər keçiriləndə ölkə başçısı ağsaqqal və ağbirçəklərə böyük hörmətini göstərir. Sanki, Prezident olmasını unudaraq, yaşlılara təzim edirdi. Cənab Prezident hər zaman dövlət başçısı kimi milli dəyərlərimizi qoruyub saxlayıb. Bu gün milli dəyərlərimizin qorunması bizə hava, su kimi lazımdır. Ölkə başçısı bütün bunları davranışlarında göstərir”. 



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu