Media peşəkar davranmalıdır

Təşviş xarakterli məlumatlar insanlara virusun özündən çox ziyan vurur

"İnternet mediaya nəzarətin yox səviyyəsində olması xoşagəlməz vəziyyət yaradıb. Prokurorluğun müdaxiləsi də bu amillə bağlıdır"

Azərbaycan Respublikasının Baş Prokurorluğu “sozcu.az” xəbər portalının təsisçisi Elşən Əli oğlu Məmmədova xəbərdarlıq edib. Buna səbəb adıçəkilən xəbər portalında “COVİD-19” adlanan virus və ya “koronavirus” epidemiyası ilə bağlı qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimaiyyətdə narahatlıq və təşviş yaratmağa xidmət edən yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməklə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır.  

Prokurorluğun məlumatında qeyd edilib ki, sözügedən saytda sensasiya naminə reallığı əks etdirməyən məlumatlar yaymaqla yanaşı səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə epidemiyanın, guya, respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatlar dərc edilib. Qeyd edilənlərlə əlaqədar portalın təsisçisi Məmmədov Elşən Əli oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb. Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan mediası koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

MŞ-dən "Sherg.az"a bildirilib ki, bəzi media orqanlarının, xüsusən də xəbər saytlarının koronavirusla bağlı təqdimatları peşəkarlıqdan tam uzaqdır. Onların reytinq qazanmaq naminə həyata keçirdiyi şübhə doğurmayan fəaliyyətlərində real vəziyyət nəzərə alınmır. Belə yanaşma cəmiyyəti yanlış yönləndirmək cəhdidir. Buna qarşı isə müvafiq hüquqi addımların atılması mütləqdir.

Mətbuat Şurası hesab edir ki, xəstəlik epidemiyasıyla əlaqədar kütləvi çaşqınlıq, hansısa idarəolunmaz durumun yarandığına dair fikirlərin təqdimatı yolverilməzdir: "Media məsələyə münasibətdə həssas davranmalı, yalnız həqiqətləri işıqlandırmalı, müxtəlif sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılmış mülahizələrin reallıq kimi insanlara çatdırılmasından uzaq durmalıdır. Jurnalistlər nəzərə almalıdırlar ki, yayılmış yalanın mənfi təsiri xəstəliyin özünün neqativ təsirlərindən daha güclüdür".

KİV-lərin belə durumlarda nümayiş etdirdiyi həssaslıq, soyuqqanlılıq ən böyük peşəkarlıq göstəricisidir. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır.
"Azərbaycan Mətbuat Şurası bunları bəyan edərək bildirir ki, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılacaqdır. Qurum rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş materialların hüquq çərçivəsində qiymətləndirilməsi üçün səlahiyyətləri daxilindəki bütün tədbirləri görəcək.
Mətbuat Şurası KİV təmsilçilərini indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişinə, tələskənliyə yol verməməyə, yalnız həqiqətləri qələmə almağa çağırır", - MŞ-nin məlumatında bildirilir.

Mövcud durumu şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli “Şərq”ə açıqlamasında bildirdi ki, Baş Prokurorluğun addımı düzgün yanaşmadır:

- 2 gün əvvəl beynəlxalq jurnalist təşkilatları Avropada toplandı və koronavirus təhlükəsi ilə bağlı dünya mediasına çağırışlar edildi. Bildirildi ki, təşviş xarakterli məlumatlar insanlara virusun özündən daha çox ziyan vurur. Sosial şəbəkələrdə vahiməli informasiyaların yayılmasında maraqlı olan qüvvələr var və onlar əhali arasında təşviş yaradılmasında maraqlıdırlar. Dünya mediasına, KİV-lərə müraciət olundu ki, ictimaiyyəti operativ xəbərlərlə daim təmin etsinlər ki, insanlar şayiə xarakterli məlumatların ardınca düşməsin. Azərbaycanda da Operativ Qərargah yaradılıb, dövlət qurumları medianı məlumatlandırır, kifayət qədər informasiya verilir. Ona görə də məlumatların yayılmasında istisnasız şəkildə dövlət orqanlarına istinad edilməlidir. Bizim peşəkar media qurumlarımız çoxdur və onlar peşəkarcasına davranır. Lakin təəssüf ki, İP yığmaq xatirinə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olmadan xəbər yayan media qurumları da var. Bu mənada Baş Prokurorluğun addımı düzgündür və buna normal yanaşılmalıdır. Vətəndaşların təhlükəsizliyi, insanlarımızın sağlamlığı xəbər yayıcılığından öndə gəlir.

“Cebhe.info” saytının və “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli "Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadəsinin  yolverilməz olduğunu xatırladıb. 

 Media orqanlarının bu məsələdə diqqətli olmasını vacib hesab edən baş redaktorun  sözlərinə görə, xüsusi vaxtlarda, fövqəladə vəziyyətlərdə kütləvi informasiya vasitələri (KİV) məsuliyyətli olmalıdır: "Dövlətlər ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlamış, artıq bütün dünyanı bürümüş COVİD-2019 virusuna qarşı səfərbər olunub. Çində, İranda virusdan ölənlərin sayı artır. İranda hətta yüksək rütbəli dövlət məmurları, deputatlar, ali ruhanilər virusa yoluxub. Turizmdən milyardlarla gəlir götürən ölkələr əhalinin sağlamlığını əsas götürərək sərhədlərini bağlayır. Vəziyyət çox ciddidir. İndi hər kəsdən vətəndaş məsuliyyəti tələb olunur. Jurnalist də vətəndaşdır. Hər bir jurnalist, KİV İP naminə rəsmi qurumlarla dəqiqləşdirilməmiş informasiyaları yaymaqdan çəkinməlidir. Virusla bağlı panika yaradılması ancaq bədniyyətli insanlara sərf edə bilər. Ajiotajın yaradılması nəyə fayda verir ki? Onda insanlar sağalır? Virusun yayılmasının qarşısı alınır? Bu günlərdə KİV İP tutmaqdansa, maarifləndirici materiallar yerləşdirməlidir. Koronavirusla bağlı elementar bilgisi olmayan insanlar var. Onlara bilgi vermək daha faydalıdır".

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri  Seymur Verdizadə isə hesab edir ki, İP uğrunda mübarizə peşəkarlığı, jurnalist obyektivliyini arxa plana keçirib. Dəqiqləşdirilməmiş, bəzən isə yalan xəbərlərin yayılması adi hala çevrilib:

"Mətbu mühitimizdə xaosun hökm sürdüyünü heç kim inkar edə bilməz. İnternet mediaya nəzarətin yox səviyyəsində olması xoşagəlməz vəziyyət yaradıb. Prokurorluğun müdaxiləsi də bu amillə bağlıdır. Mən İP üçün yalan yazmağın əleyhinəyəm. O cümlədən, xaos yaratmağa da lüzum yoxdur. Həqiqətən, koronavirus məsələsində əndazəni aşmışıq. Hesab edirəm ki, mətbuat əhalini maarifləndirməlidir, qorxutmalı deyil. Biz isə maarifçilik ənənəmizdən tədricən uzaqlaşırıq. Problem təkcə ayrı-ayrı jurnalistlərin qeyri-peşəkarlığından qaynaqlanmır. Biz jurnalistlər harda səhv etdiyimizi görür və onu düzəltməyə çalışırıq".

Mərkəz rəhbərinin sözlərinə görə, ən böyük problem odur ki, müvafiq dövlət qurumlarının etdiyi səhvləri də jurnalistlərin ayağına yazırlar. Koronavirusla bağlı şayiələrin havada dolaşması təkcə mətbuatın günahı deyil:

"Dəqiqləşdirilməmiş xəbərlərin ortaya çıxması həm də Səhiyyə Nazirliyinin günahıdır. KİV əldə etdiyi məlumatları Səhiyyə Nazirliyi ilə dəqiqləşdirə bilmir. Bu nazirliyin məsul şəxsləri necə qeybə çəkiliblərsə, onların izinə düşmək mümkün olmadı. Çox yaxşı olardı ki, prokurorluq arada Səhiyyə Nazirliyinə də xəbərdarlıq etsin. Mətbuatı operativ informasiya ilə təmin etmək lazımdır. Dövlət qurumu bunu etməyəndə, jurnalist ağlına gələni  yazır. Məsələ bu qədər bəsitdir".


Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu