Polkovnik istisna etmir: “...Azərbaycan anti-terror əməliyyatına başlayacaq”

“Bununla əlaqədar ölkəmiz mövqeyini beynəlxalq qurumlara bildirir"

“Azərbaycanın başqa seçimi olmadığı və ölkəmizin hərb varianta keçə biləcəyi haqqında fikirlər səsləndirilir. Ona görə də düşmən müəyyən narahatlıq keçirir”



Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. Təlimlər Ağdamın Uzundərə adlanan ərazisinə keçirilir. Təlim zamanı ağır artilleriya qurğularından istifadə olunur. Atəş səsləri rayonun bütün yaşayış məntəqələrindən eşidilir.

Düşmənin keçirdiyi təlimlərlə bağlı Azərbaycan Ordusunun daim hazırlıqlı olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında deyib ki, ermənilər bütün təlimləri adətən Uzundərə ərazisində gerçəkləşdirir.
Ekspert bildirib ki, ermənilərin irimiqyaslı təlimlər keçirmək üçün heç vaxt imkanları olmayıb:


“Düşünmürəm ki, bu təlim düşmənə nəsə qazandıracaq. Düzdür, keçirilən təlimdə silahlı qüvvələr, hərbi hissə və birləşmələr var. Amma hansısa gərginlik hiss olunmur. Son zamanlar Azərbaycanın sərt mövqeyi və silahlanması düşməni narahat edir. Məlumdur ki, Rusiyanın hərbi ekspertləri də Azərbaycanın Silahlı Qüvvələri haqqında müəyyən fikirlər söyləyirlər.  Ölkəmizin Ermənistana nisbətən daha çox silah və müasir texnikalarlar əldə etməsini bildirirlər”. 


Ş.Ramaldanovun sözlərinə görə, ola bilsin,Azərbaycan anti-terror əməliyyatına başlayacaq:

“Bununla əlaqədar ölkəmiz mövqeyini beynəlxalq qurumlara bildirir. Azərbaycanın başqa seçimi olmadığı və ölkəmizin hərb varianta keçə biləcəyi haqqında fikirlər səsləndirilir. Bu fikirlərin aidiyyəti qurumlara çatdırılması artıq vərdiş halı alır. Yəni anti-terror əməliyyatı qəfil olmayacaq. Azərbaycan indidən mövqeyini bildirir. Bütün qurumlar da bilirlər ki, sülh yolu və ya konskruktiv mövqe istiqamətində vəziyyət inkişaf etməsə, Azərbaycan güc variantını istisna etmir. Artıq beynəlxalq qurumlar sabahısı gün ölkəmiz hansısa addım atmalı olsa, məlumatlanmış olurlar. Çünki bu barədə dəfələrlə söhbət aparılıb. Ona görə də düşmən müəyyən narahatlıq keçirir.Məlumdur ki, Rusiya erməniləri silahlandırır və bu fonda Azərbaycanı addım atmağa vadar edir. Yəni bütün bunlar ticarət və siyasətdir”. 

Azərbaycanın işğal olunmuş ərazilərdə gedən proseslərə nəzarət etdiyini bildirən ekspert təlimlər haqqında ölkəmizin yetərli məlumatı olduğunu diqqətə çatdırıb:

“Təbii ki, təlimlər keçirilən zaman əlavə tədbirlər görülür. Bu tədbirlər işğal olunmuş ərazilərimizdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilir. Mövcud durumun nəzarətdən çıxmaması üçün lazımi addımlar atılır. Təhlükəsizlik məsələləri götür-qoy edilib gərəkli tapşırıqlar verilir. Ona görə də əlavə addımlar atmağa ehtiyac yoxdur. Ermnilərin planlı şəkildə hərbi təlimləri keçirirlər. Azərbaycan belə təlimlərə qarşı tədbirlərini çoxdan görüb”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu