Ekspert optimistdir: “Tətil imtahan nəticələrinə təsir etməyəcək!”

“Buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur”

“Şagirdlər bilik və bacarıqlara repititor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman tətil müddətinin uzanmasının imtahan nəticələrinə ciddi təsiri olacağını düşünmürəm”





Aprelin 6-na təyin edilmiş 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının təxirə salınması ətrafında müzakirələr davam edir. Təhsil eksperti Kamran Əsədov 
“Şərq”ə açıqlamasında bildirib ki, tətil müddətinin müvəqqəti uzadılmasının imtahan nəticələrinə ciddi təsir etməyəcəyini düşünür: 

- Bilirsiniz ki, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 3 martdan 9 mart tarixinədək elan edilmiş tətil yeni qərarla 2020-ci il martın 10-dan 20-dək artırıldı. Yəni bu müddətdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Bundan sonra təkcə dərslər yox, qeyd olunan müddətdə nəzərdə tutulmuş bütün imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən təxirə salındı. Bu onu deməyə əsas verir ki, aprel və may aylarında hər hansı bir tətil nəzərdə tutulmasa, şagirdləri bir -birinə sıx, yaxın imtahan günləri gözləyir. 



Dərslərin təxirə salınması aprel ayında DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının I mərhələsinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının təxirə salınması ilə bağlı fikirlərin səslənməsinə haqlı olaraq səbəb olur. Bununla bağlı bəzi vacib məqamları qeyd edim. Birincisi, aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur.

Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda-mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalıdır. Əgər növbəti tətil vaxtı uzadılması baş verərsə, bu zaman, zənnimcə, imtahan saxlanıla bilər. İkincisi, kurikulumun tələbinə görə şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır. Həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməz.

Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə əldə etmirlər, həmin bilik və bacarıqlara repititor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman tətil müddətinin uzanmasının imtahan nəticələrinə ciddi təsiri olacağını düşünmürəm. Əsas odur ki, qeyd etdiyim dərslər, məşğələlər öz axarında davam edir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu