Koronavirusla bağlı peşəkarların informasiyaları daha etibarlıdır


Təəssüf ki, bəzi həmkarlarımız, daha çox xaricdən idarə olunan media qurumları bu məsələdə kontentə və mətnə uyğun olmayan başlıqlardan istifadə edirlər

(Əvvəli ötən sayımızda) 

Son günlər dünyanın əsas müzakirə mövzusuna çevrilən koronavirus xəstəliyi sosial media və mətbuatın da gündəmini zəbt edib. Əfsuslar olsun ki, koronavirus infeksiyası ilə əlaqədar yayılan yalan və uydurma xəbərlər vasitəsilə cəmiyyətdə süni ajiotaj yaradılır. Özündən daha tez qorxusu yayılan virus ətrafında müxtəlif şayiələr yayılır. Bu da toplumda ciddi narahatlığa səbəb olur. 

Xatırladaq ki, ötən gün məhz bu məqsədlə Azərbaycan Respublikasının Baş Prokurorluğu “sozcu.az” xəbər portalının təsisçisi Elşən Əli oğlu Məmmədova xəbərdarlıq edib. Buna səbəb adıçəkilən xəbər portalında “koronavirus” epidemiyası ilə bağlı qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimaiyyətdə narahatlıq və təşviş yaratmağa xidmət edən yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi olub. Prokurorluğun məlumatında qeyd edilib ki, sözügedən saytda sensasiya naminə reallığı əks etdirməyən məlumatlar yaymaqla yanaşı səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə epidemiyanın, guya, respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatlar dərc edilib. Bu baxımdan portalın təsisçisi Məmmədov Elşən Əli oğlu Baş Prokurorluğa dəvət edilərək “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb. Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. 

Həmçinin, vurğulanıb ki, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan mediası koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu təbiidir. Mətbuat Şurasının müşahidələri də göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir. MŞ-yə görə, bəzi media orqanlarının, xüsusən də xəbər saytlarının koronavirusla bağlı təqdimatları peşəkarlıqdan tam uzaqdır. Onların reytinq qazanmaq naminə həyata keçirdiyi şübhə doğurmayan fəaliyyətlərində real vəziyyət nəzərə alınmır. Belə yanaşma cəmiyyəti yanlış yönləndirmək cəhdidir. Buna qarşı isə müvafiq hüquqi addımların atılması mütləqdir. Şura hesab edir ki, xəstəlik epidemiyasıyla əlaqədar kütləvi çaşqınlıq, hansısa idarəolunmaz durumun yarandığına dair fikirlərin təqdimatı yolverilməzdir: "Media məsələyə münasibətdə həssas davranmalı, yalnız həqiqətləri işıqlandırmalı, müxtəlif sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılmış mülahizələrin reallıq kimi insanlara çatdırılmasından uzaq durmalıdır. Jurnalistlər nəzərə almalıdırlar ki, yayılmış yalanın mənfi təsiri xəstəliyin özünün neqativ təsirlərindən daha güclüdür”.
KİV-lərin belə durumlarda nümayiş etdirdiyi həssaslıq, soyuqqanlılıq ən böyük peşəkarlıq göstəricisidir. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır: “Azərbaycan Mətbuat Şurası bunları bəyan edərək bildirir ki, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılacaqdır. Qurum rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş materialların hüquq çərçivəsində qiymətləndirilməsi üçün səlahiyyətləri daxilindəki bütün tədbirləri görəcək.  Mətbuat Şurası KİV təmsilçilərini indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişinə, tələskənliyə yol verməməyə, yalnız həqiqətləri qələmə almağa çağırır”. 
Ötən gün mətbuata açıqlama verən təhsil naziri Ceyhun Bayramov da bir sıra saytlarda və xüsusən sosial mediada koronavirus təhlükəsi ilə əlaqədar təhsillə bağlı yayılmış dezinformasiyalar məsələsinə toxunub. Nazir tədrisin dayandırılması ilə bağlı məlumatların əsassız olduğunu vurğulayıb: “Əfsuslar olsun ki, son günlərdə sosial şəbəkələrdə koronavirusla əlaqədar tədrisin dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən, heç bir mənbəyə əsaslanmayan məlumatlar yayılır. Ona görə də mən hazırkı şəraitdə hər kəsə yalnız rəsmi məlumatlara inanmağı tövsiyə edirəm”. Nazir hesab edir ki, ölkədə koronavirusla əlaqədar yaranmış vəziyyət qısa müddət ərzində düzələcək: “Əminəm ki, bu müddət uzun çəkməyəcək və bu müddət ərzində hər kəs öz vəzifəsini yerinə yetirməklə ölkəmizdə vəziyyətin tam qısa müddətdə düzəlməsinə öz töhfəsini verə biləcək. Bu müddətdə şagirdlər hazırkı boş vaxtlarından düzgün sərf edərək elektron təhsil resurslarından istifadə etməklə proqramı təkrarlaya bilərlər. Şagirdlərə yeni mövzuları öyrənərək mənimsəməyi də tövsiyə edirəm”. 

“APA” Media Qrupun rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu cür vəziyyətlərdə informasiya manipulyasiyası aparılır. Media rəhbərinin sözlərinə görə, sosial şəbəkələrin mövcudluğu informasiya manipulyasiyasını daha da artırır:

“Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı məsələni ilk gündən dövlətin öz nəzarətinə götürməsi, operativ qərargahın yaradılaraq mütəmadi rəsmi məlumatların verilməsi son dərəcə yaxşı hal oldu. Ancaq istənilən məsələ ilə bağlı sosial şəbəkələrdə manipulyativ və subyektiv baxışlar obyektiv və real baxışlardan, araşdırmalardan daha çoxdur. Bu, reallıqdır. Çünki araşdırmaların aparılması, kontentin hazırlanması yalnız Kütləvi İnformasiya Vasitələri ilə mümkündür. Amma milyonlarla insan bu gün sosial şəbəkədədir. Onların hamısı hər hansı prosesə sadəcə öz baxışlarını sərgiləyirlər. Özlərinin başa düşdükləri formada məsələyə şərh verirlər. Xüsusən, bu cür kütləvi və maraq doğuran məsələlərlə bağlı hər kəs “ekspert” olmaq istəyir, özünü daha ciddi formada təqdim etməyə çalışır. Bu da başadüşüləndir. Ancaq məsələ ilə bağlı dövlət tərəfindən konkret addımlar atılandan sonra insanlar prosesin dövlətin nəzarətində olduğunu gördülər. Bunun ən bariz nümunəsi cənab Prezidentin regionlara etdiyi səfərlərdir. Bu gün dünya mediası bir çox liderlərin xarici səfərlərinin, hətta daxili görüşlərinin belə təxirə salındığından yazır. Lakin bunun fonunda Prezident İlham Əliyev bölgələrə gedir və xalqla birbaşa təmasda olur. Bu da təbii olaraq dünya mediasının diqqətini çəkir. Koronavirus panikasının yayıldığı bir dövrdə dövlət başçısının əyalətlərdə xəstəxana açılışında iştirakı çox mühümdür. Çünki bir çox beynəlxalq tədbirlərin təxirə salınması ilə yanaşı, liderlər ikili görüşləri də məhdudlaşdırıblar. Belə bir məqamda cənab Prezident bölgələrdə insanlarla yaxın ünsiyyətdə olur və bu zaman heç bir qoruma vasitələrindən istifadə edilmir. Əslində dövlət başçısının əyalətlərə səfərləri bütün media nümayəndələrinin və müvafiq qurumların gördüyü işlərdən daha çox insanlara əminlik mesajı verdi. Ona görə də koronavirusun ölkələrin iqtisadiyyatını hədəfləyən bir panika olduğunu anlamalıyıq”. 

V.Mahirqızının sözlərinə görə, təəssüfləndirici məqamlardan biri də odur ki, bəzi həmkarlarımız, daha çox xaricdən idarə olunan media qurumları bu məsələdə kontentə və mətnə uyğun olmayan başlıqlardan istifadə edirlər:

“Əhali arasında panika yaratmağa səy göstərirlər. İnsanların narahatlığından istifadə edərək xəbərlərin oxunma sayını artırmağa çalışırlar. Ancaq biz həm media qurumlarında, həm də sosial şəbəkələrdə maskalarla bağlı ajiotaj yaradan, süni qiymət artımı ilə məşğul olaraq qazancını artıranları sərt qınayırıq və hesab edirik ki, bu məsələdə haqlıyıq. Virus təhlükəsindən yararlanaraq oxunma sayını çoxaltmaqla, maskaları baha qiymətə sataraq qazancını artırmaq arasında heç bir fərqi yoxdur, ikisi də eyni yanaşmadır. Əgər həmkarlarımızdan kimlərsə bunu bilmədən edirlərsə, mütləq nəzərə almalıdırlar ki, insanların narahatlığı və emosiyaları üzərindən reytinq və pul qazanmaq yolverilməzdir. Bu cür xəbər yayanların qarşısı həm hüquq-mühafizə orqanları tərəfindən, həm də mətbuatın etik kodeksinə nəzarət edən qurumlar tərəfindən ciddi alınmalıdır. Həmin saytlara qarşı müəyyən tədbirlər görülməlidir”. 

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da bildirib ki, ilk günlərdən koronavirus bioloji virus olmaqdan daha çox mental virusa çevrilib:

“Baş verən epidemiologiya daha çox psixidir. Bu vəziyyət təkcə bizim ölkədə deyil, başqa ölkələrdə də panika eyniylə bizdəki mexanimzlərlə yayılır. Məsələn, Rusiyada cəmi 5-6 nəfər xəstəliyə yoluxub. Rusiya kimi böyük bir ölkə, özü də Çinlə 4500 kilometr bir sərhəddə malik ölkə üçün sadəcə 6 nəfərin virusa yoluxması ciddi rəqəm sayılmır. Amma buna rəğmən, Rusiya Prezidenti Vladimir Putin koronavirus panikası haqqında danışmaq məcburiyyətində qaldı. Ona görə ki, Rusiyanın sosial şəbəkələrində, votsap qruplarında mesajlar yayılırdı ki, guya, hökumət ölənlərin sayını gizlədir. Demək olar ki, bənzər vəziyyət bizdə də var. Əksər ölkələrdə vahimənin və təşvişin yayılması oxşar sxemlə gedir. Yəni əvvəlcə votsapda səs yazılır və sonra dövriyyəyə buraxılır. Deməli, bunlar müəyyən bir mərkəzdən idarə olunur. Əgər qonşu ölkələrdə eyni tezislərlə panika yayılırsa, istər-istəməz belə nəticəyə gəlməliyik ki, bu, hansısa vahid mərkəz tərəfindən düşünülmüş bir metoddur. Onda da sual ortaya çıxır ki, burada hansı məqsəd güdülür? Bilirik ki, indiyə kimi neftin qiymətini aşağı salmaq üçün nə qədər cəhdlər edilib, siyasi oyunlara əl atılıb. Amma koronavirus çox qısa müddət ərzində neftin qiymətini 50 dollarlıq psixoloji həddən aşağı endirə bildi. Belə çıxdı ki, o qədər hay-həşirə, siyasi təzyiqlərə və oyunlara ehtiyac yox imiş. Sadəcə bir virus epidemiyası ilə neftin qiymətini aşağı salmaq mümkündür. Buradan məlum olur ki, indiki dövrdə informasiya epidemiyası siyasi və iqtisadi təzyiq yollarından daha effektlidir. Koronavirus məsələsi də bunu sübut etdi”. 






Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu