Yasamal sakinləri təhlükə ilə üz-üzədir


Binanın yaxınlığında tikinti davam etsə də, təhlükəsizlik hasarı yoxdur

Bina sakinləri - yaşlı, uşaq hər gün bu özülün, əslindəsə dərin uçurumun kənarı ilə addımlayır. Gecə vaxtı birisinin ayağı uçurumun kənarından sürüşsə, ordan salamat çıxacağını təxmin etmək çətindir




Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı yaşayış binasının sakinləri real təhlükə ilə üz-üzədir. Məsələ burasındadır ki, son bir neçə il ərzində həmin ərazidə, həm də 84 saylı binaya bitişik artıq 7-ci hündürmərtəbəli bina tikilir. Binaların bir-birinə bu formada bitişik, yaxın tikilməsi sakinlərin təmiz hava, gün işığı, havanın normal sirkulyasiyası haqqını əlindən aldığı öz yerində, üstəlik real təhlükə mənbəyidir. Hazırda binanın yaxınlığında tikinti davam etsə də, təhlükəsizlik hasarı yoxdur. Halbuki əvvəlcə belə hasar vardı. Lakin küləkli havalarda qoruyucu hasar dağıldı, yenisi isə xeyli müddətdir ki, quraşdırılmır. Tikintisi aparılan bina üçün dərin özül qazılıb. Bina sakinləri - yaşlı, uşaq hər gün bu özülün, əslindəsə dərin uçurumun kənarı ilə addımlayır. Gecə vaxtı birisinin ayağı uçurumun kənarından sürüşsə, ordan salamat çıxacağını təxmin etmək çətindir.         



Şəhərdə aparılan təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi artıq heç kimi təəccübləndirmir. Hər hansı tikinti meydançasının yanından başına daş və ya nəsə bir tikinti materialının düşmədən ötüb keçmək, sadəcə, şansa bağlı qalır. Tikinti meydançalarında təhlükəsizlik qaydalarına niyə riayət edilmir?



Məsələ ilə bağlı «Şərq»ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsi başlıca şərtdir:  

- Çox vaxt şahid oluruq ki, tikinti, təmir-abadlıq işləri zamanı ətraf toz-dumandı, natəmizlikdir, fəhlələr təhlükəli şəraitdə işləyir. Hündürmərtəbəli binalarda çalışanların təhlükəsizlik kəmərləri olmur, qoruyucu libaslardan istifadə etmirlər və s. Buna icraçı şirkətlər cavabdehdir. Paytaxtda az təmir-tikinti meydançası tapılar ki, orada təhlükəsizlik qaydalarına riayət edilmiş olsun. Tikinti aparılan ərazidə də, təmir işləri aparılan binaların ətrafı da xüsusi mühafizə hasarıyla əhatələnməlidir. Həm də əhatə dairəsi görülən işin həcminə uyğun olmalıdır. İcraçılar nəzərə almalıdırlar ki, hündürlükdən hansısa material aşağıya doğru düşəcəksə, hansı arealı əhatə edə bilər.

Buna uyğun da ətraf hasarlanmalıdır, xüsusi örtüklərdən istifadə edilməlidir. Xüsusən də əgər ətrafda yaşayış binaları varsa, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə icra olunmalıdır. Binaların özülü qazılarkən dərin çuxurlar, yarğanlar əmələ gəlir. Tikinti meydançasının ətrafı mütləq hasarlanmalıdır ki, orada yaşayan sakinlərin, ətrafdan keçib gedənlərin həyatı risk altında olmasın.  Fasad hissələr yenilənərkən də binalar germetik örtüklə qapadılmalıdır. Bu, həm fəhlələrin təhlükəsizliyi, həm də ətrafdan keçib-gedənlər üçün vacibdir. Tikinti aparılan ərazilər xüsusi vasitələrlə lazımi şəkildə qapadılmadığından insanların başına yuxarıdan hər cür tikinti materialı düşə bilər. Ehtiyatlı olmaq lazımdı. Tikinti işləri zamanı tikintidə ümumi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Podratçı şirkət də təkcə fəhlələrin deyil, əhalinin də təhlükəsizliyini təmin etməlidir. 

V.Tofiqli qeyd etdi ki, tikintidə təhlükəsizlik məsələlərinə Bakı şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də cavabdehdir. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın. Yerli icra strukturları daim ərazilərdə monitorinqlər aparmalı və təhlükəli halların qarşısının alınmasını podratçı şirkətlərdən, iş icraçılarından tələb etməlidirlər. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu