ETİRAZ: “Nizami Gəncəvi adına kitabxanaya biganəlik...”


Nəriman Əbdürrəhmanlı: “Bu məsələ ölkə ictimaiyyəti tərəfindən gündəmdə saxlanılmalı və tez zamanda öz həllini tapmalıdır”

“O cür oxucu  potensialı olan bir şəhərdə kitabxana binasının uçub- dağılması yolverilməzdir”


Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana acınacaqlı vəziyyətdədir. Baxımsız qalan  kitabxana binasının vəziyyəti ürəkaçan deyil. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar kitabxananın vəziyyəti ilə maraqlanmır. Qeyd edək ki, problem Gəncə şəhəri ilə məhdudlaşmır. Bölgələrdəki kitabxanaların hamısında vəziyyət eynidir. 

Halbuki Prezident İlham Əliyevin  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında ötən il imzaladığı fərmanda əks olunan maddələrdən biri də kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması idi.  Görünür,  hələlik bu istiqamətdə real addımlar atılmır.



Yazıçı-publisist  Nəriman Əbdülrəhmanlı məsələ ilə bağlı "Sherg.az" açıqlamasında  deyib ki, Nizami Gəncəvi adına kitabxanaya qarşı bu cür biganəlik  xoşagəlməz haldır:

"Hesab edirəm ki, Mədəniyyət Nazirliyinin rəsmiləri bu problemlə bağlı açıqlama verməlidir. Belə bir faktın olması aidiyyəti qurumun  laqeydliyindən xəbər verir.  Xalqın mədəniyyətinin böyük bir hissəsi kitabxanalarda toplanır. Kitabxanalara qarşı biganəlik xalqın mədəniyyətinə, ədəbiyyatına qarşı  hörmətsizlik deməkdir. Bu məsələ ölkə ictimaiyyəti tərəfindən gündəmdə saxlanılmalı və tez zamanda öz həllini tapmalıdır. Gəncə Azərbaycanın böyük  və qədim şəhərlərindən biridir. O cür oxucu  potensialı olan bir şəhərdə kitabxana binasının uçub- dağılması yolverilməzdir. Onsuz da  əhalinin çox az təbəqəsinin kitab almağa maddi gücü çatır. Heç olmasa, kitabxalarımızın vəziyyəti yaxşı olsun ki,  mütaliə marağı olan insanlarımız  oxumaq üçün kitabxanalara üz tutsunlar".


Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu