Heç kim mələk deyil:  İntizamsız piyada da var, intizamsız sürücü də

Amma piyadanın yolu qaydalara uyğun keçməsi şərtdir və bu, ilk növbədə onun həyatı üçün vacibdir. Biz artıq piyada məsuliyyətsizliyi ənənəsindən yaxa qurtarmalıyıq



Paytaxtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Martın 12-si, saat 23:00 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində "Mercedes" markalı, "10-EU-018" dövlət nömrə nişanlı avtomobil naməlum kişini vuraraq ağır xəsarət yetirib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları və istintaq qrupu cəlb edilib.  Hadisəyə diqqət ayırmağımızın səbəbi piyadanın yolun hərəkət hissəsinə çıxması nəticəsində vurulmasıdır.

Təəssüf ki, belə hadisələrin tez-tez şahidi oluruq. Piyadalar mənzil başına daha tez çatmaq üçün həyatlarını riskə atırlar. Hətta yaxınlıqda piyada keçidi, işıqfor, piyada zolağı olduğu halda yolu avtomobillərin hərəkət etdiyi hissədən keçirlər. Piyada keçidinə enmək bu qədərmi çətindir və ya nə qədər vaxt aparır ki, insanlarımız həyatlarını təhlükəyə atmağı üstün tuturlar? 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Şərq”ə açıqlamasında yol-nəqliyyat hadisələrinin baş verməsində sürücülərlə yanaşı vətəndaşların – piyadaların da məsuliyyət daşıdığını dedi:

-  Xatırladım ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən yüksək hərəkət sürəti müəyyən edilmiş magistral yollarda sürücü-piyada münasibətlərinə dair yeni müddəa yer alır. Sürət həddi 100 km/saat və daha artıq olan magistral yollarda piyada keçid nəzərdə tutulmamış yerdən yolu keçərkən sürücü tərəfindən vurularsa və piyadanın sağlamlığına az zərər dəyərsə, bu zaman sürücü heç bir məsuliyyət daşımayacaq. Yəni, yolu keçid olmayan yerdə keçən piyada baş vermiş bədbəxt hadisəyə görə özü günahkardır. Yalnız o halda sürücü cinayət məsuliyyətinə cəlb olunacaq ki, piyadanın sağlamlığına az ağır və ya ağır zərər dəysin, yaxud da, Allah eləməmiş, yol-nəqliyyat hadisəsi ölümlə nəticələnsin.

Bu zaman da araşdırma aparılacaq, ekspertiza keçiriləcək və sürücünün günahının dərəcəsi müəyyən ediləcək. Sürücünun qəzadan yan keçməsi üçün nə dərəcədə texniki imkanları olub, qəzadan qaçmaq mümkün idimi, yoxsa yox, bütün bunlar araşdırılacaq və qərar veriləcək. Bu yeni müddəa ölkədə sürücü-piyada münasibətlərində indiyə qədər mövcud olmuş subyektivliyin bir qədər azaldılmasına, yol-nəqliyyat hadisələrinin araşdırılması zamanı obyektivliyin təmin edilməsinə kömək edir.  Bu müddəa həm də piyadaların intizamını artırmağa yönəlib. Nə qədər şahidi oluruq ki, piyada həyatını təhlükəyə atıb, yolu harda gəldi, necə gəldi, keçir.

Bəzən piyadalar keçidləri, yeraltı, yerüstü keçidlər ola-ola yolu birbaş hərəkət zolağında keçməyə çalışırlar. Nə qədər piyada buna görə cərimə edilir. İnsan başa düşmür ki, yolun hərəkət hissəsinə çıxmaqla həm özünü təhlükəyə – ölümün ağuşuna atır, həm də sürücünü bədbəxt eləyir. Piyadanın səhlənkarlığı, intizamsızlığı, məsuliyyətsizliyi sürücünün cinayət məsuliyyətinə cəlb olunması, hətta bəzi hallarda azadlıqdan məhrum edilməsi ilə nəticələnir. Hər iki  tərəfdə faciə yaşanır. Piyada qəzada həlak olur, ailəsi bədbəxtliyə düçar olur, bu tərəfdən də sürücünün ailəsi bədbəxt olur.

Paytaxtımızda son illər nə qədər yeraltı, yerüstü keçidlər salınıb. Piyadalar üçün keçidlər təyin edilib, zolaqlar çəkilib. Niyə icazə verilən yerdən yolu keçmirlər?! Mən demirəm ki, sürücülər mələkdir, heç vaxt günahları olmur. Sürücünün məsuliyyətsizliyi, yüksək sürət səbəbindən baş verən yol-nəqliyyat qəzaları da kifayət qədərdir. Amma söhbət konkret piyada məsuliyyətindən gedirsə, bəli, etiraf etməliyik ki, bu sahədə problemlər var. Heç bir sürücü istəməz ki, kimisə maşınla vursun, yaxud başqa bir avtomobillə toqquşsun, əzilsin.

Sürücünün qarşısına toyuq-cücə çıxanda da çalışır, vurmasın, avtomobili döndərməyə, manevr etməyə çalışır. İntizamsız piyada da  var, intizamsız sürücü də. Amma piyadanın yolu qaydalara uyğun keçməsi şərtdir və bu, ilk növbədə onun həyatı üçün vacibdir. Biz artıq piyada məsuliyyətsizliyi ənənəsindən yaxa qurtarmalıyıq. Yolun yalnız keçid olan hissədə keçilməsi təcrübəsinə yiyələnməliyik. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu