Sənə soyuq deyilmi, qardaşım...

Aydın Uluxanlı oxucuları ilə görüşə "Ana"sı ilə gəldi

Şair-yazıçı Aydın Uluxanlının  “Ana” kitabı işıq üzü görüb. 
"Ana" kitabı, mübaliğəsiz və tərifsiz, mənalı və oxunaqlı bir poeziya toplusudur. Kitaba daxil edilən şeirlər, Anamız Vətən haqqında müəllifin qəlb yanğısı, həsrət təranələridir. "Vektor" nəşriyyatında çıxan “Ana” kitabına şeirlər və üç poema daxil edilib.
Qələm dostu Aydın Canıyevin Qarabağ essesinə  nəzirə olaraq yazdığı "Bizim günümüz adlı" şeirində özünü  daha çox haqlı hesab edən şair bir gün dünyanın bizim olacağına inandırmağa çalışır.

Bir gün həlbət yıxacağıq,
sürüyəcəyik bir gün həlbət hər şeyi.
Bir gün dünya bizim olacaq,
dünya varmış deyəcəyik bir gün.
Darıxma, adaşım, darıxma.
 
"Efiri mundarlayanlar" adlı şeirində isə A.Uluxanlı televiziyalardakı biabırçı vəziyyətdən, "əttökən" verilişlərdən, aparıcıların özbaşınalığından yazıb.  Düşük və bayağı verilişlərin heç kəsə lazım olmadığını qeyd edən şair TV-lərdə əhaliyə böhtan üfürüldüyünü, şər- xata yağdırıldığından yazıb:

Çörək kimi yeyir insanlar
iftiranı, zəhəri.
Acı qoxuyur, kiflənmiş dadır
axşamları məmləkətin.
 
Aydın Uluxanlı poeziyasının təkrarolunmaz olduğunu vurğulayan                                                                                                                                  yazar Aydın Canıyev müəllifin sərbəst şeirdə gözəl nümunələr yaratdığını qeyd edib. Adaşının sözlərinə görə, o həm də əxlaqı, mübarizəsi və cəsarəti ilə xalqın sevimlisidir: 
- Aydın Uluxanlı yaradıcılığındakı kreativliyi  sərbəstliyi ilə oxucuların yaddaşında özünəməxsus yer tutub. Yaşıdlarından fərqli olaraq  Ramiz Rövşənin şeirlərini təqlid edib, Nüsrət Kəsəmənlinin poeziya aurasına düşməyib.  Heç vaxt təqlidçi olmayıb. Aydın  heç kimin yolu ilə getməyib. Onun öz üslubu, öz yolu olub. Bu adam düşüncə və mübarizə şairidir. Hər zaman Aydını  benqal şairi Nəzrül İslamla müqayisə edirəm. 19 yaşında "Qiyamçı" poemasını yazan  Nəzrül İslam  59 yaşında vəfat edib.  
Şair son günlərində belə  Vətəninin azadlığını görə bilmədi, nakam köçdü bu dünyadan.  Halbuki onillər öncə yazdığı "Qiyamçı" poemasında  Banqladeşin  azadlığını ruhu ilə duymuşdu.  Aydın Uluxanlı da hələ 20 il bundan əvvəl Vətənin getdiyi yolu  yazıb. 

Şair təkcə bu gün gördüyü həyat hadisəsini qələmə alıb dramatikləşdirmək üçün deyil. Şairlər onilləri qabaqlamalı, oxucularını agah etməlidir. Azərbaycan poeziyasında isə bunu da ancaq Aydın Uluxanlı bacarır. 
Ona görə deyirəm ki, Aydın Uluxanlı mənim üçün Nəzrül İslamın özüdür. 
Aydın aşıq ədəbiyyatını, folklorumuzu dərindən bilirdi, lakin heç vaxt hansısa əsərin təsirinə düşmürdü. 

 Müəllif "Axşamlar gəlməsin" adlı şeirində isə adaşına xitabən belə yazıb:
 
Sənə soyuq deyilmi, qardaşım,
əlini ver sabahlara uçaq.
Qələmimiz qırılsın, adaş,
Yaman yerdə axşamladıq-
sabahları olmayan axşamlarda.

Qeyd edək ki, Aydın Uluxanlı 1958-ci ildə Qərbi Azərbaycanda doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. “Azərbaycan” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və “Gənclik” nəşriyyatında işləyib. Şeirləri dövrü mətbuatda çap olunub. İlk şeirlər kitabı – “Qırmızı axşamların birində” 1992-ci ildə işıq üzü görüb.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu