Kənd təsərrüfatına TƏHLÜKƏ:“Çəyirtkələr sahələrə ciddi ziyan vura bilər”


Vahid Məhərrəmov:"Çəyirtkələr o qədər sürətli və dinamikdir ki, bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər”




Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.  Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb.

 Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Sherg.az”a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə  hücumunun mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, belə hal bir neçə dəfə baş verib: 

 "Çəyirtkələrin  digər ölkələrdən Azərbaycana axını 2-3 ildən bir təkrar olunur. Azərbaycanın kənd təsərrüfatına, xüsusən də taxıl sahələrinə  ciddi ziyan vuran bu həşəratlara qarşı əvvəlcədən mübarizə tədbirləri aparmaq mümkündür. Bu üsullar kimyəvi və zəhərli maddələrdən istifadə etməklə yanaşı, bioloji və mexaniki vasitələrlə həyata keçirilə bilər.

Profilaktik tədbirlər keçirməklə çəyirtkələrin hansı rayonlarda daha çox yayılacağını müəyyənləşdirib qabaqlayıcı önləmlər almaq olardı. Düzdür, çəyirtkələrin hücumunun tam şəkildə qarşısını almaq mümkün deyil.  Onlar sürətlə çoxalır, sürətlə hərəkət edib yayılır, digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratların vurduğu ziyanın ölçüsü böyük olduğundan  müəyyən tədbirlərlə həmin fəsadların faizini aşağı salmaq olardı.  Ən azından vaxtlı-vaxtında mübarizə tədbirləri görmək lazım idi.

Lakin təəssüflə qeyd edim ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində  heç vaxt xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik addımlar atılmır. 
Tədbirlər görülməlidir ki,  çəyirtkələr hücum etsə belə, onlar nəsilartırma fazasına qədər yaşaya bilməsinlər.  Dediyim kimi bizdə belə  bir mübarizə tədbirləri aparılmır. Ona görə də kənd təsərrüfatı sahəsini çox ciddi təhlükə gözləyir. Əkin sahələrini tamamilə məhv etmək qüdrətində olmasalar da, fəsadları böyük olacaq".

Çəyirtkələrin sayının göstərilən qədər olmadığını düşünən V.Məhərrəmov rəqəmlərin şişirdildiyini güman edir:

 "Çəyirtkələr o qədər sürətli və dinamikdir ki, bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Düşünmürəm ki hamısı dəstə şəklində Azərbaycana keçsin. Bir hissəsi digər qonşu regionlara da  yayılacaqlar. Bir hissəsi isə məhv olacaq".  
Şəymən 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu