“206”nın sürücüsündən ÖZBAŞINALIQ: “Avtobusu qarajda yox, küçədə...” - FOTOLAR

“Son zamanlar ölkəmizdə koronavirusla bağlı təhlükəli hallar yaşanmaqdadır. Belə olan halda bəzi avtobusların dezinfeksiya tədbirlərindən kənar qalması təhlükəli hesab oluna bilər”

Elməddin Muradlı: “Problemə son qoyulması üçün daşıyıcı şirkətlər istehsalat bazasını yaratmalıdırlar”



İctimai nəqliyyatlar gün ərzində təxminən 6-7 min əməliyyatı yerinə yetirirlər. Ona görə avtobuslarda gündəlik dezinfeksiya işlərinin aparılması vacibdir. Məlumdur ki, avtobus sürücüləri iş saatının sonunda maşını qarajda saxlamalıdır. Qarajlarda nəqliyyatın hərtərəfli yoxlanması, təmizlik işləri, texniki kontrollar və növbəti iş gününə hazırlıq üçün işlər görülür.
Buna baxmayaraq, avtobusu qarajda deyil, yaşadığı evin yaxınlığında saxlayan sürücülərə də rast gəlirik. Görünür, belə sürücülər avtobusu qaraja aparıb növbəti iş günü üçün qaraja üz tutmağa ərinirlər. 
Bu günlərdə 206 nömrəli avtobusda oxşar durum yaşanıb. Avtobus sürücüsünün nəqliyyatı “Abşeron” Gənclər Şəhərciyində keçidin altında,  yaşadığı evə yaxın yerdə parklamasına dair görüntülər qeydə alınıb. Bu proses yalnız bir və ya iki gün deyil, ötən həftə boyu davam edib. Son zamanlar ölkəmizdə koronavirusla bağlı təhlükəli hallar yaşanmaqdadır. Belə olan halda bəzi avtobusların dezinfeksiya tədbirlərindən kənar qalması təhlükəli hesab oluna bilər.
 
Hadisəni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirib ki, bəzi daşıyıcı şirkətlərin istehsalat bazası, yəni qarajı olmadığı üçün belə problemlər yaşanmaqdadır. Ekspertin sözlərinə görə, bazası məhdud olan şirkətlər də var. Bu zaman qarajlarda bütün avtobusların yerləşməsi mümkün olmur:


“Ona görə də bəzi sürücülər avtobusu evlərinin yanında saxlayırlar. Bunun qarşısını almaq üçün yollar var. Növbəli şəkildə avtobusları qaraja cəlb etmək olar. Məsələn, qarajda saxlanmayan avtobuslara heç olmasa həftədə bir dəfə qarajda saxlanaraq dezinfeksiyaolunsun. Belə hallarda məsuliyyət mühüm rol oynayır. Kiminsə koronavirusa yoluxmasından sonra heç kim araşdırma apara bilməyəcək ki, bu, adam avtobusda yoluxub yoxsa metroda. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırığına əsasən bütün ictimai nəqliyyat növlərində, hətta taksilərdə dezinfeksiya işləri aparılır. Avtobuslarla bağlı yoxlamalarda iştirak edəndə görmüşəm ki, dezinfeksiya işinə ciddi və məsuliy
yətli yanaşan daşıyıcı şirkətlər var. Belə şirkətlər hər axşam lazımlı tədbirləri görməyə çalışırlar”.



Avtobusların qarajdan kənarda saxlanılmasının hər zaman problem olduğunu deyən E.Muradlı bildirib ki, bu problemə son qoyulması üçün daşıyıcı şirkətlər istehsalat bazasını yaratmalıdırlar:

“Çünki bu gün daşıyıcı şirkət deyəndə hansısa avtobus, məsələn, 30 nömrəli maşrutla bağlı yoxlama aparsaq ,görərik ki, o maşrut xəttində 6 sahibkar var. Həmin sahibkarların hərəsinin də 5 avtobusu var. 6  sahibkarın üçünün imkanı yaxşıdı deyə, haradasa qaraj qurublar. Digər sahibkarların avtobusları isə gecələr küçədə qalır. Problem bundan ibarətdir. Vaxtilə ictimai nəqliyyat xaotik bir vəziyyətdə olub.



Ona görə də BNA bu istiqamətdə müəyyən işlər görür. Ölkə rəhbəri də tapşırıq verib ki, ictimai nəqliyyata gəlir mənbəyi kimi baxılmasın. Çünki ictimai nəqliyyat xidmət növüdür. Keyfiyyətli xidmət göstərən şirkət yaxşı pul qazana bilər. Müəyyən tələblərə cavab verən şirkətlər qalır, cavab verməyənlər isə yavaş-yavaş sıradan çıxır. Fikrimcə, bu məsələlər zamanla öz əksini tapacaq”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu