RƏZALƏT!- Konyak butulkasına Nizami və Xətainin fotosu vuruldu: “Ayıb olsun!”


Dilavər Əzimli:“Bu işi görənlər millətin bütün şəxsiyyətlərini aşağılamaqla məşğuldurlar. Gəncliyi belə tərbiyə edirik”

“Milli Məclisdə tarixi şəxsiyyətlərlə bağlı qanun qəbul olunmaldır. Onlara qarşı belə hərəkətlərə yol verənlərə ciddi cəza tətbiq edilməlidir”






Dahi şəxsiyyətimiz Nizami Gəncəvi və Şah İsmayıl Xətainin adını konyak üzərinə vuraraq satışa çıxarıblar. “Tovuz Konyakı” adlı şirkətin içkinin üzərinə dahi şəxsiyyətlərimizin adını yazmağı azmış kimi şəkillərini də vurublar. Satışa çıxarılan konyaklar sosial şəbəkələrdə ciddi qınaqlara tuş gəlib. İstifadəçilər baş verənləri xalqımıza, tariximizə vurulan zərbə və hörmətsizlik kimi dəyərləndiriblər.


Mövcud vəziyyətə dair fikirlərini “Sherg.az”la bölüşən tarixçi-alim Dilavər Əzimli bildirib ki, bütün bunlar adı çəkilən şəxsiyyətlərimizə, eyni zamanda millətin tarixinə və onun imicinə böyük zərbədir:

“Belə adamların abır-həyası yoxdur. Əvvala, Nizami Gəncəvi bir şeyx idi. Ona Şeyx Nizami deyirdilər. Həmişə dilində Allah, Məhəmməd (s.ə.s) və Əli (ə) səslənirdi. İndi onun şəklini konyakın üzərinə vururuq. Nizamiyə dünyanın bütün din xadimləri baş əyirdi. Amma bu işi görənlər millətin bütün şəxsiyyətlərini aşağılamaqla məşğuldurlar. Şah İsmayıl Xətai təriqət piri idi. Bir təriqət pirini təhqir etmək nə deməkdir? Xətai bütöv Azərbaycan dövlətini yaratdı, bizə onu qorumağı vəsiyyət etdi.


Dövləti böyüdüb, tarixi ərazilərini bərpa etmək əvəzinə, konyakın üzərinə şəklini vururuq. Gəncliyi belə tərbiyə edirik. Təsəvvür edin ki, konyakı içib, şüşəsini zibilliyə atırlar. Onda böyük Nizaminin, Xətainin şəkillərini zibilliklərdə axtarmalıyıq. Ayıb olsun! Bunu edənlərə ayrı sözüm yoxdur. Qoy onlarla əlaqədar təşkilatlar məşğul olsunlar. Belə insanlarda cəmiyyətimizdə yer olmamalıdır. Millətin əxlaqını pozan adamlar millət qarşısında cavab verməlidirlər. Cəzalanma olmasa, bu insanların ağlı başına gəlməyəcək”. 

Tarixçi bildirib ki, Milli Məclisdə tarixi şəxsiyyətlərlə bağlı qanun qəbul olunmaldır:

“Onlara qarşı belə hərəkətlərə yol verənlərə ciddi cəza tətbiq edilməlidir. Onda ağılları başlarına gələr. Bir də insanların özündə milli hiss olmalıdr. Bir gürcü, bir erməni bunu edərmi? Niyə onlarda belə hallar baş vermir? Məni ağrıdan da məhz budur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu