"Heç vaxt şeytan insana şeir yazdıra bilməz" - MÜSAHİBƏ


Fərid Kərimov: "Şair Tanrının istədiyi adam olmalıdır"

"Ayrılıq haqqında şeir səsləndirəndə də, gülməyim təsadüfi deyil. Çünki ayrılığa belə pozitiv yanaşır, ona müsbət pafos verməyə çalışıram"




Şeir yazmaq heç də hər insana nəsib olmur. Çoxlarına “şair” deyilir, fəqət bəziləri insanı düşündürməyi, oxucunun hisslərinə toxunmağı bacarır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Fərid Kərimov hələ gənc olsa da, öz istedadı ilə kifayət qədər böyük auditoriya qazanıb. Onun “Sevmək və sevilmək ən gözəl hissdir”, “Ən əsası odur, hər an gülə bil, dərdləri özümdən boşamışam mən” misraları, az qala, dillər əzbəridir. “Xalqın şairi” verilişi ilə tanınan və özünün də dediyi kimi istedadını kəşf edən gənc şairlə görüşüb həmsöhbət olduq:

- Ədəbiyyat aləminə gəlişin necə oldu?

- Mən uşaq vaxtımdan şeir yazıram. Ancaq ilk dəfə “Xalqın şairi” telelayihəsi zamanı efirə çıxdım. Düzü, bunu heç istəmirdim. Atamın təhriki ilə yarışmaya qatıldım. Hətta atam mənim yerimə proqrama zəng vurub qeydiyyatdan keçmişdi. Ondan gənc şairlərdən kimi tanıdıqlarını soruşmuşdular. Atam da Nizaminin, Füzulinin adını çəkmişdi (gülür). Elə bilmişdilər ki, zarafat edir. Məcbur olub bir neçə müasir şairin adını pıçıldamışdım atama. Beləliklə, yarışmaya qatıldım. Bir də baxdım ki, artıq məni tanıyanlar artır. Dostlarım şeir səsləndirməyimi xahiş edərək videolar şəkib, sosial şəbəkələrdə paylaşmağa başladılar. Tədricən başqa verilişlərdən də dəvət aldım. 



- Şeirlərin gənclər arasında çox sevilir...

- Ola bilər. Amma mən özümə hələ “şair” deyə bilmirəm. Mən şairəmsə onda Azərbaycan ədəbiyyatında məktəb yaradanlar kimlərdir? Şair olmaq bu qədər asan deyil. Bu ada layiq olmaq üçün gərək şair kimi yaşayasan. Şairanə həyat sürməsən əsl şair olmaq mümkün deyil. Bəlkə də, mən konkret bir anda, məsələn, hansısa şeirimi yazanda şair olmuşam. Lakin müvəqqəti. 

- Əsl şair necə olmalıdır ki?

- İlk növbədə onu deyim ki, üç cür şair var: başqasına baxıb həvəslənənlər, istedadı olanlar və bacarıqla yanaşı, həm də nəzəriyyəni bilənlər. Əlbəttə, ən güclü şairlər nəzəriyyəni də bilənlərdir. Lakin bəzən bu da kifayət etmir. Çünki insan şeiri həmişə pak, müqəddəs hisslərlə yazır. Heç vaxt şeytan insana şeir yazdıra bilməz. Əsl şair odur ki, şeir yazanda hansı hissləri keçirirsə, bütün ömrünü elə yaşasın - saf və pak. Şair Tanrının istədiyi adam olmalıdır. Hardan gəlib, hara gedəcəyini bilməlidir. Hara gedəcəyini bilməyən insan şair ola bilməz.
 
- Niyə belə düşünürsən?

- Çünki şairlər digər insanlardan fərqlənir, bəzən onların düşüncəsinə təsir edir. Hansısa şairin bir misrası milyonlar üçün həyat düsturu ola bilər. Həmin insanlar şairə inanıb, onun arxasınca getmək istəyəcəklər. Bəs şair özü hara gedəcəyini, sonuncu mənzilin harda olacağını bilmirsə, necə o qədər insanı arxasınca apara bilər? Şair nəfsinə qalib gəlməyi bacarmalı, özünü və İlahi qüvvəni tanımalıdır. Ağlın ürəyə nisbəti evin içindəki çıraq kimidir. Ürək ev, ağıl isə çıraqdır. Yəni ağıl ürəyi idarə etməlidir. Ürəyin hər istədiyini etmək olmaz. Xüsusilə də şairlər üçün. 

- Nəsrdə özünü sınamısan?

- Sınamışam. Bəlkə gələcəkdə onları da nəşr etdirdim. Nəzm nəsrdən daha güclüdür. Bunu bir dəfə bir müəllimimiz də deyib. Mövzumuz “Eşq konsepsiyası” idi. Tribunaya çıxdım 40 dəqiqə danışdım. Müəllim dedi ki, bir şeir də desən, sənə “10” yazacam. Təxminən iki dəqiqə davam edən bir şeir söylədim. Müəllimin reaksiyasına təəccübləndim: “Bu şeir bayaqdan bəri danışdıqlarına bərabərdir”. Amma bütün hissləri, düşüncələri də nəzmlə ifadə etmək olmur. 



- Müasir ədəbiyyatda kimləri bəyənirsən?

- İndi hamı özünü dahi hesab edir. Reallıq isə başqadır. Heç də hər insan Salam Sarvan, Ramiz Rövşən ola bilməz. Mən Salam Sarvanı o qədər oxuyuram ki, bu, üslubumda da hiss olunur. Tələbə yoldaşlarım da deyirlər ki, səndə Salam Sarvanın dəsti-xətti  var. Bir dəfə müəllifin “Bir vaxt Tanrı gəlirdin, indi tanış gəlirsən” misrasını sosial şəbəkə hesabımda paylaşmışdım. Elə bilmişdilər, mən yazmışam. Ramiz Rövşəni də çox bəyənirəm. O, sərbəst vəzndə gözəl əsərlər yaradır. Adam da var ki, adi bir mətni misralarla təqdim edir, deyir ki, mən sərbəst vəzndə yazmışam. Belələrinə qarşı ictimai tənqid olmalıdır. Əks halda vəziyyət düzəlməyəcək. Nizami yazırdı: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Gərək hamı öz bacardığı işlə məşğul olsun. 

- Bəs klassik ədəbiyyata münasibətin necədi?

- Klassik ədəbiyyatı daha çox sevirəm. Nizami, Füzuli, Nəsimi, doğrudan da, dahi  idilər. İndi “Da vinçi” şifrəsindən danışırlar, amma Füzulinin qəzəlləri başdan-ayağa şifrə ilə doludur. Yaxud da hürufiliyin əsasını qoyan Nəsimi insanları hərflərlə müqayisə edirdi.  Çünki ovaxtkı təhsil indikindən fərqli idi. Həmin vaxt mədrəsə təhsili var idi. İnsanlar Quranı oxuyurdular. Ədəb-ərkan ayrıca fənn kimi tədris olunurdu. İndi biz ədəb-ərkana səthi yanaşırıq. 

- Kitablar insanın həyatını dəyişməyə qadirdirlər. Sənin həyatını dəyişən kitab olub? 

- Mənə təsir edən əsərlər olub. Məsələn, məşhur türk yazıçısı Elif Şəfəqin “Eşq”i bu qəbildəndir. Əsərdə fani sevgidən yox, ilahi eşqdən söhbət gedir. 

- Fərid, doğrudan da, bəzən sərbəst vəznə münasibət birmənalı olmur. Bu haqda nə düşünürsən?

- Bu, üslub məsələsidir. Bəziləri əruz, bəziləri heca, bəziləri də sərbəst vəzndə fikrini daha yaxşı, sərbəst çatdırır. Sərbəst vəznlə mətn arasında böyük fərqlər var. Bu vəzndə o qədər möhtəşəm əsərlər yaradılır ki... Hansısa şairi sərbəst vəzndə yazdığına görə ittiham etmək olmaz. Azərbaycanda barmaqla sayılası qədər az adam əruz vəznini mükəmməl bilir. Belə çıxır ki, qalanları şair deyil? Əlbəttə, səhv düşüncədir. Sadəcə heca vəzni bizim millətə, xalqa doğmadır. Deyilənə görə, Aşıq Ələsgər adını yaza bilmirdi. Lakin onun o qədər bayatıları, gəraylıları var... Bir də ki, Aşıq Ələsgər adını yaza bilməsə də, təhsil alıb. Onun da sözdən yerli-yerində istifadə etməyi öyrəndiyi ustadı olub. Ümumiyyətlə, ədəbiyyat təhsilinin olması da vacib məqamdır. 

- Sənin Filologiya fakültəsində təhsil almağın yaradıcılığına necə təsir edib? 

- Həmişə Filologiya fakültəsində oxumağı, gələcəkdə Azərbaycan dili-ədəbiyyat müəllimi kimi çalışmağı arzulamışam. Bu, ədəbiyyata olan marağımdan irəli gəlirdi. Məni fikrimdən döndərmək üçün çox çalışırdılar. Nəhayət, arzuma çatdım. Demirəm, əla oxumuşam. Əksinə, qəliz tələbə olduğumu etiraf edirəm. Amma müəllimlərimdən öyrənməyə çalışmışam. Bəlkə də, bu fakültədə oxumasa idim, indi məndən müsahibə almazdınız (gülür). Ali təhsilin magistratura pilləsini də elə Filologiya fakültəsində davam etdirmək istəyirəm. 

- İndiyə kimi yazdığın şeirləri toplayıb gələcəkdə kitab kimi nəşr etmək haqqında nə düşünürsən?
 
- Əlbəttə, arzumdur. Bir neçə dəfə buna cəhd etmişəm. Bilmirəm, qismətdənmi, ya nədəndirsə alınmayıb. Lakin söz vermişəm ki, nə olur olsun, bu ayın axırına kimi ilk kitabımı çıxaracam. Əks halda yetmiş yaşıma kimi həmin şeirləri yadıma salmayacam. Çünki ilk kitab üçün nəzərdə tutduğum şeirləri 18-19 yaşımda yaşımda yazmışam. 24-25 yaşımda onları nəşr etdirməyim düzgün olmaz. Əgər bu dəfə də alınmasa başqa kitablar çıxararam, amma ilk şeirlərimə qayıtmaram. Bir də qocalanda, bəlkə, bu barədə düşünürəm. 

- “Xalqın şairi” verilişində çıxışların digər iştirakçıların çıxışlarından fərqlənirdi...

- Ola bilər. Çünki jest və mimikalardan çox istifadə edirəm. Bunu müəllimlərim də deyiblər. Bir də ki, çox gülürəm. Hətta ayrılıq haqqında şeir səsləndirəndə də. Lakin gülməyim təsadüfi deyil. Çünki ayrılığa belə pozitiv yanaşır, ona müsbət pafos verməyə çalışıram. 



- Sənə ilham verən nədir? 

- (Düşünür) Əgər bu sualı mənə əvvəlki illərdə versə idiniz, cavabım fərqi olardı. İndi verəcəyim cavabla bir növ onlara xəyanət etmiş olacam. 

- İndiki yaşındakı cavabın nədir?

- Pilləkən. Məcnun Leylidən pilləkən kimi istifadə etsə də, onu öz yanına çəkmişdi... 

- Şeirlərinin əksəriyyəti sevgi mövzusundadır. Yəqin, təsadüf olmaz...

- Şeirimdə də dediyim kimi, sevmək və sevilmək ən gözəl hissdir. Insan fani sevgini yaşamasa, ilahi sevgini başa düşməz və ona çatmaz.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu