Tahir Əkbərin həyat yoldaşı: “Kitablarını, ata evini satmağı ona çox təsir etmişdi” - Fotolar

“İki otaqlı mənzilini satıb, bir otaqlı evə köçdü. Kitabları da həmin evin altındakı kitabxanaya verdi. Dedi ki, vaxt gələr dövlət məni fəaliyyətimə görə qiymətləndirər o zaman  kitabxanamı geri qaytararam. Təəssüf buna nail  ola bilmədi” 

“Onun haqqı İkinci Fəxri Xiyabanda  dəfn olunmaq idi”

“Tahir müəllim duruşu , xasiyyəti ilə çox mədəni insan idi. Bunları onun haqqında hamı deyirdi. Amma ailədə işi ilə bağlı biraz çılğın və əsəbi idi”

“Biz ailədə üç nəfər idik. Düşünə bilməzdik ki, birimiz bir gün olmayacaq”

 



Martın 2-si, 2020-ci ildə tanınmış  bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəfatından 2 il keçdi.  Qeyd edək ki, T.Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 
Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada  təhsil alarkən tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 

Özbəkistanda ondan özbək dilində mahnılar bəstələməsini istəsələr də Tahir Əkbər bu tələbi qəbul etmir.Həmin səbəbə görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycan qayıtmaq qərarı alır. Vətənində bəstələrinin sevilməsi, məşhur sənətkarlarla çalışması bir çox həmkarlarını ona düşmən edir.  1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.  Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur. 


“Sherg.az” olaraq mərhum bəstəkarın ömür gün yoldaşı Aybəniz xanımla əlaqə saxlayıb, 
söhbətləşdik.

 -Tahir müəllimin yeri hiss olunurmu, o boşluğu necə doldurursunuz və ya ümumiyyətlə, doldura bilirsinizmi?
 
-Tahir Əkbərin ölümündən sonra heç nə dəyişmədi. Sadəcə qızı Bəhiyyəni  işlə təmin etdilər. Hazırda Əkbərzadə adlı Qızıl Aypara cəmiyyətində  çalışır. Televiziyada, radioda hər gün Tahirin  mahnıları səslənir. Başqa heç bir  yenilik yoxdur. 

-Dövlət Tahir Əkbərin ailəsinə diqqət, qayğı göstərirmi? 



-Tahir rəhmətə gedəndə bütün Azərbaycan durumumuzdan xəbərdar idi. Hamı bilirdi ki, Tahir Əkbər Azərbaycanda yaşamayıb, ev almayıb. O 10 yaşından  34  yaşına qədər Özbəkistanda olub. Atası müfəttiş vəzifəsində çalışıb  və onun işi ilə əlaqədar keçmiş SSRİ-nin müxtəlif  şəhərlərində yaşayıb. Atasının Daşkənddəki evində yaşayırdı. 2015-də beyin əməliyyatı keçirdikdən  sonra maddi  vəziyyəti  pisləşdi. İki otaqlı evimizi sataraq bir otaqlı mənzilə köçdük. Tahir müəllim xəstələnəndə  Azərbaycanın birinci  xanımı Mehriban  Əliyeva  dəstəyini əsirgəmədi.Dörd ay müddətində  özəl klinikalarda müalicə olundu. Vəfat etdikdən sonra Mehriban xanımın  göstərişi  ilə qəbrinin üstü götürüldü. Həmişə  Tahir müəllimin çətin günlərində  yanımızda olduğu üçün Mehriban xanıma təşəkkür edirik.

-Tahir müəllimin məzar yerinin dəyişdirilməsi də müzakirələrə səbəb oldu...
 
- Tahir torpağa  tapşırıldığı  günün  səhəri məzar yerini mən dəyişdirdim. Görünür, anlaşılmazlıq olmuşdu. Çünki Tahir Əkbər Azərbaycan musiqisində artıqlaması ilə böyük işlər görüb. O yalnız mahnı bəstəkarı deyildi. Azərbaycan musiqisinə iki yeni janr gətirdi. Hər bəstəkar bunu bacarmır. "Simfonik rənglər" onun diplom işi olub. O həmin "Simfonik rənglər"lə “SSRİ Lenin Komsomol Mükafatı”na layiq görülüb.Yeganə bəstəkar Tahir Əkbərdir ki ,diplom işi ilə həmin mükafatı alıb. Azərbaycan müğənnilərinin 90 faizi , üç nəsil  onunla işləyib.



-Həmin müğənnilər kimlərdir?
 
-Həmin müğənnilərin içərisində Şövkət Ələkbərova, Flora Kərimova, Mirzə Babayev, Elmira Rəhimova, Nəzakət Teymurova  kimi sənətkarlar var. Onların arxasınca Elton , Eldəniz Məmmədov Tahir Əkbərin mahnılarını oxuyub. Onu da qeyd edim ki, Tahir müəllimin"Amin” əsəri Birliyant Dadaşovanın ifasında Norveçdə “Nobel mükafatı”nın 100 illiyi ilə əlaqədar diskə salınıb və bu disk Avropada yayılıb. Onun əsərini  1979-cu ildə   M.Rostropovic  Moskva konsert zallarında səsləndirib.  Tahir Əkbərin Azərbaycan musiqisinə kifayət qədər töhfələri olub. Bunları danmaq olmaz. Hazırda da Tahir Əkbər gündəmdə olan bəstəkarlardan biridir. Hələ də onun əsərləri radio və televiziyalarda səsləndirilir. Biz də belə bir qərara gəldik ki, ilk məzar yeri Tahir müəllimə layiq deyildi. Onun özü də sağlığında deyərdi: “Əgər mənə Azərbaycan musiqisinə verdiyim töhfələrə  uyğun yer ayrılmasa onda məni atamın məzarında dəfn edərsiniz". Bu məsələdə də bir anlaşılmazlıq olmuşdu. Məzar yeri doğru seçilmədiyinə görə Tahir müəllimi atasının qəbrində dəfn etdik.Mehriban xanımın göstərişi ilə də həmin qəbrin üstü götürüldü. Onun haqqı ən azı ikinci Fəxri Xiyabanda  dəfn olunmaq idi. Azərbaycan musiqisinə gətirdiyi janrlara ,bəstələdiyi mahnılara görə o buna layiq idi.Azərbaycanda dillər əzbəri olan çox əsərləri var. Onun  1989-cu ildə yazdığı "Əzizim" mahnısını  1997-ci ildə Türkiyədə öz adlarına keçirərək oxuyublar. Məsələn "El oğlu, hay ver..." əsəri Aygün İsgəndərlinin ifasında 30 ölkənin içərisində birinci yerə layiq görüldü. O yalnız Azərbaycanda deyil dünyada da məşhur bəstəkar idi.



-Tahir Əkbəri bir həyat yoldaşı, bir ata kimi necə xatırlayırsınız?

- Aydın məsələdir ki, onun birinci evliliyindən qız övladı var. Daşkənddə yaşasa da, Tahir müəllim ona qarşı atalıq öhdəliklərini yerinə yetirib. 

-Bəhiyyədən danışaq...



-Bəhiyyə Azərbaycan Dillər Universitetinin 3-cü kursunda oxuyurdu. O dövrdə təhsil haqqını ödəyə bilmədiyinə görə Tahir müəllim atasından yadigar qalan iki otaqlı evini satdı. Həm də onun böyük kitabxanası var idi. Onun çox sevdikləri arasında  birinci pianosu idi, ikinci isə həmin kitabxana.Orada dünya ədəbiyyatı nümunələri, musiqi nəzəriyyələri hər cür kitab mövcud idi. Tahir Əkbər bir ata kimi öz öhdəliyini yerinə yetirmək üçün iki otaqlı mənzilini sataraq bir otaqlı evə köçdü. Kitabları da həmin evin altındakı kitabxanaya verdi. Dedi ki, vaxt gələr dövlət məni fəaliyyətimə görə qiymətləndirər o zaman  kitabxanamı geri qaytararam. Təəssüf ! Tahir müəllim buna nail  ola bilmədi. O   xəstələndi ,vəfat etdi. Görünür, kitablarını, ata evini satmağı ona çox təsir etdi. O qıraqdan sakit təbiətli insan kimi görünürdü. Tahir müəllim duruşu , xasiyyəti ilə çox mədəni insan idi. Bunları onun haqqında hamı deyirdi. Amma ailədə işi ilə bağlı biraz çılğın və əsəbi idi. Yəni bir az narahat insan idi. Onun narahatlığı da uzağı beş dəqiqə çəkərdi. Sonra yenə həminki kimi  zarafatçıl ,mülayim bir insan olardı. O sənəti ilə bağlı biraz fərqli insan idi.Amma gözəl ata , yaxşı həyat yoldaşı idi. 



-Darıxırsınızmı? 

Əlbəttə, hələ də onun üçün darıxırıq. Ayda bir dəfə qəbrini ziyarət edirik.Üstündəki gülləri dəyişirik bununla da təsəlli tapırıq.  Biz ailədə üç nəfər idik. Düşünə bilməzdik ki, birimiz bir gün olmayacağıq. O xəstələnəndən 4 ay sonra rəhmətə getdi. Biz özümüzü vəziyyətə alışdırdıq. Bəlkə də,  xəstələnən an rəhmətə getsə idi, dözmək daha çətin olardı. O 4 ay ərzində onsuzluğa, ayrılığa öyrənməyə çalışdıq. İndi də onun ölümü ilə barışmırıq. Tahir müəllimin həyatda bizdən başqa heç kimi yox idi. O hələ də bizimlə yaşayır, hər saniyə anılır. Bəhiyyə nə isə etmək istəyəndə deyir: “Atam bunu demişdi ,belə etmişdi”. Mən də həmçinin...


Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu