DƏLƏDUZLUQ ! - Yaşlıları “tor”a salıb, evlərini əllərindən alırlar - Qanun sərtləşsin! 

İradə Cavadova: “Kimsə qohumuna hansısa işin görülməsi üçün etibarnamə verir. Sonra etibarnamənin ləğvi yaddan çıxır, həmin şəxs artıq mülkiyyəti əldən çıxarmış olur”  

“Bəzən məsuliyyətsiz, vicdansız notarius işçiləri qaydalara riayət etmir və ya dələduzla əlbir olurlar”


Son zamanlar şəxsi mülkiyyətin dələduzluqla mənimsənilməsi  halları çoxalıb. Xüsusilə, yaşlı insanlar bu cür arzuolunmaz hallarla üzləşirlər. Qanunvericilikdə müvafiq maddələr öz əksini tapsa da,  bəzi dələduzlar çirkin əməllərindən vaz keçmirlər.

Təəssüf ki, kimsəsiz, yaşlı və ya xəstəliyi olanlar ya ailə üzvləri, qohumları, ya da onlara baxmaq adı ilə özünü təqdim edənlər tərəfindən "tora" salınır. Belə işbazlarla bağlı Cinayət Məcəlləsində xüsusi maddə olsa da, cəzaların sərtləşməsinə ehtiyac var.



Mövzunu dəyərləndirən hüquqşünas İradə Cavadova "Sherg.az"a açıqlamasında bildirib ki, yaşlı insanların aldadılaraq şəxsi mülkiyyətlərinin əlindən alınması bir çox ölkələrdə var. Onun sözlərinə görə, dünya üzrə praktikada bundan istifadə edənlər çoxdur:

"Təbii ki, qanunvericiliyimizdə belə halların qarşısını alınır. Bunun üçün Cinayət Məcəlləsində dələduzluq faktı üzrə 178 maddə öz əksini tapıb. Amma bəzən belə halları sübut etmək çətin olur. Kimsə qohumuna hansısa işin görülməsi üçün etibarnamə verir. Sonra etibarnamənin ləğvi yaddan çıxır, həmin şəxs artıq mülkiyyəti əldən çıxarmış olur.  Amma son zamanlar alqı-satqı zamanı pulun hökmən banka daxil olması məsələsi var. Bu zaman aldadılma çətin olur. Çünki alqı-satqı notariat qaydada olmalıdır. Həmçinin evdə qeydiyyatda olan şəxslər varsa, onlar da razılıq verməlidir. Evdə qeydiyyatda olan şəxslər yoxdursa da, pul banka köçürülməlidir. Məlumdur ki, banklarda video kameralar var. Hətta alqı-satqı kamera vasitəsilə həyata keçirilir. Hansısa şəxs etibarnamə üzrə gəlibsə, ona fikir verilir. Evi olan şəxs notariata gəldiyi zaman notariusda yaşlı adama izah edir ki, onun evi alqı-satqıya və ya bağışlamaya gedir. Yaşlı adamdan bundan xəbərdar olub-olmadığını soruşurlar".

İ.Cavadova bildirib ki, bəzən məsuliyyətsiz, vicdansız notarius işçiləri qaydalara riayət etmir və ya dələduzla əlbir olurlar:

"Qanunvericilikdə bu problemlə bağlı önləyici tədbirlər yer alıb. Amma bəzən görürsən ki, yaşlı insanlar da öz hüquqlarından sui-istifadə edirlər. Doğrudan da alqı-satqı baş verdiyi zaman bir müddət sonra inkar edirlər, aldadıldığını, ona pul verilmədiyini deyirlər. Araşdıranda məlum olur ki, həmin şəxs banka gedib, pul götürüb. Təbii ki, həqiqətən aldanan yaşlı insanlar da var. Bəzi kimsəsiz yaşlılar və yaşlı olmayan fiziki məhdudiyyətili şəxslər var ki, mülkiyyətlərini tək idarə edirlər. Onlar tək olduqları üçün ehtiyat edirlər. Yaxşı olar ki, icra hakimiyyəti orqanları, həmin şəxsləri siyahıya alsın. Məsələn. həmin kimsəsiz insana qulluq etmək istəyən şəxslər var. Bu şəxslər göstərdikləri xidmət qarşılığında evin onlara vəsiyyət edilməsini istəyirlər. Yaxud da yaşlı adam evi həmin şəxsin adına keçirir, amma şərt bağlayır ki, ömrünün axırına qədər ona qulluq etsin. Qanunvericilikdə bu məsələ öz əksini daha ciddi tapmalıdır ki, insanlar güvənli olsun. Bilsin ki, evi olan adam kimsəsizdir və ona qulluq edəcək. Qarşılığında isə həmin adamın evini alacaq". 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu