Dezinformasiyaların qarşısı alınıb - Qərargah  vəziyyəti normallaşdırdı

"Azərbaycan KİV-nin indiki davranışı normaldır və demək olar ki, əvvəlki çaşqınlıqlar aradan qalxıb"


Milli Məclisin 17 mart tarixində keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilərək qəbul olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənədə təklif olunan dəyişikliklə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Yəni insanların həyat və sağlamlığına ziyan vurulmasına, əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi sürətdə pozulmasına, həyat təminatı obyektlərin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.

Plenar iclasda vurğulanıb ki, dezinformasiya doğrudan da istənilən epidemiyadan, o cümlədən koronavirusdan qat-qat təhlükəlidir. Ona görə də indiki həssas məqamda hər kəs ehtiyatlı olmalıdır. Xəbər saytları və sosial şəbəkələr üzərindən sensasiya xatirinə, “like” yığmaq xatirinə yalan məlumatlar, feyk-xəbərlər yaymaq olmaz. O səbəbdən hüquqi məsuliyyətlə bərabər, hər birimiz mənəvi məsuliyyətimizi də dərk etməliyik. 

Millət vəkili, İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bu gün əhalini təşvişə salan əsas məsələlərdən biri xəstəxanalar, tibb müəssisələri, prokurorluq orqanlarını gözdən salmaq üçün yayılan yalan informasiyalardır. Deputatın sözlərinə görə, dünyanın hər yerində bu cür informasiyaların qarşısını almaq üçün filtrlər tətbiq edilir: “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər qətiyyən azad mediaya qarşı addımlar deyil. İnformasiya aləmində informasiya viruslarını ifadə etmək üçün yeni terminlər meydana çıxıb. Bu problemin aradan qaldırılması üçün kriminallaşdırma ilə bağlı tədbirlər mövcuddur”. 

Millət vəkili Qənirə Paşayeva da bildirib ki, dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq:

“Reytinq xatirinə hansısa başlıqlarla doğru olmayan məlumatları qoymaq, daha çox izləyici yığmaq vaxtı deyil. Ona görə, xahiş edirəm ki, hər kəs bu mövzuda yalan informasiyalar yaymaqdan qaçsın. Bu problemlərin bir çoxunun yayılma qaynağı Azərbaycan sərhədlərindən kənardadır. Bir məlumat yayıldı ki, bir rayona çoxlu sayda ambulans maşın cəlb edilib. Mən vaxtımın böyük hissəsini həmin rayonun sakinlərindən bu məlumatların dəqiqləşdirilməsinə sərf etdim. Sosial şəbəkələrdə yayılan məlumatlara vaxtında reaksiya verilməlidir. Bu məlumatların geniş şəkildə ölkə daxilində yayılmasının qarşısı alınmalıdır. Sosial şəbəkələrdə yayılan məlumatların nəzarətdə saxlanılması üçün operativ quruma ehtiyac var. Bu gün informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsinə çox böyük ehtiyac var, müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırıram”.

Millət vəkili Musa Qasımlı da əlavə edib ki, bu, çox ciddi məsələdir:

“İnformasiya təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin təməl prinsiplərindən biridir. Bu, klassik anlamda da, müasir anlamda da belədir. Azərbaycanda indi senzura yoxdur. Kim nə istəyir, yazır. Amma informasiyanı yazan şəxs yazdığına məsuliyyət daşımalıdır. Mən baxışıma görə demokratikəm və nəzarətin əleyhinəyəm. Amma bəzi şeyləri tənzimləməliyik. Bu gün bütün sosial şəbəkələrdə gedən proseslərin arxasında Azərbaycanda dövlətçiliyin təməlini sarsıdacaq meyil dayanır. Birincisi, radikalizm, ikincisi, anarxiya və dövlət hakimiyyətinə inamsızlıq. Biz informasiya məkanını boş buraxmamalıyıq. Bu gün bizim informasiya təhlükəsizliyimizdə boşluqlar var”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, informasiya təhlükəsizliyini təhdid edən mənbə sosial şəbəkələrdir:


“Bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var. Düşünürəm ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu nədən ibarətdir?! Misal üçün, Bakıdan 100 km kənarda radio efir dalğaları pozulur. Bəzən qısa məsafələrdə də bu, belə olur. Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğalarına qulaq asmalı oluruq. Düşünürəm ki, həm virtual məkanda, həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.

Millət vəkili Erkin Qədirli bildirib ki, qanuna təklif edilən dəyişikliyi dəstəkləyir: “Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır”. 

 Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, ənənəvi KİV qurumlarının böyük əksəriyyəti bu prinsiplərə əməl edirlər:

“Ümumiyyətlə, koronavirus infeksiyası hələ təzə başlayanda bunun ətrafında çox ciddi şəkildə panika yaradılmışdı. Sosial şəbəkələrdə həmin panikanı yayan qurumlardan biri kimi çıxış edirlər. Çox təəssüf ki, bəzən bizim ənənəvi KİV qurumları da həmin sosial şəbəkələrin təsirinə düşərək panika yaradıcı informasiyaları yayırdılar. Amma bizim dövlət qurumlarının operativ tədbirlərindən sonra yəni Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılandan sonra onların müraciətləri oldu. Eyni zamanda ölkənin jurnalist təşkilatlarının, digər hüquq-mühafizə orqanlarının müraciəti oldu ki, media bu cür panika yaradan hallardan qaçsın və ancaq rəsmi qurumların materiallarını versin. İndi Mətbuat Şurasının apardığı monitorinqlər göstərir ki, bizim ənənəvi KİV qurumlarının böyük əksəriyyəti bu prinsiplərə əməl edirlər. Çalışırlar ki, panika yaradan xəbərlər yox, normal rəsmi xəbərləri yaysınlar. Bu yaxşı haldır və demək olar ki, KİV qurumlarının əksəriyyəti bu prinsiplərə əməl edirlər. İndi bir məsələ var ki, bu koronavirus pandemiyası getdikcə şiddətlənir və hələ ki bunun qarşısını almaq mümkün olmayıb. Bunun da bir səbəbi ondan ibarətdir ki, adamlar özləri koronavirusdan yayınmaq üçün lazım olan təlimatlara düzgün əməl etmirlər. Yəni onlar bu virusun mahiyyətini tam dəqiq başa düşmürlər. Baxmayaraq ki, dövlətlər çox ciddi önləyici addımlar atırlar, amma adamların buna reaksiyası bir az normal deyil. Hazırda virusun yayılmasının əsas səbəblərindən biri kimi də budur”.

M.Ələsgərlərinin fikrincə, bu cür halın aradan qaldırılmasında da indi medianın üzərinə müəyyən məsuliyyət düşür:

“Nəzərə almaq lazımdır ki, media həm də bir məlumatdırma işi aparmalıdır. Yəni insanlar virusdan qorunmaq üçün nə etməlidirlər? Addımlarını necə tənzimləməlidirlər? Mən özüm bu yaxınlarda xaricdə səfərdə oldum. Səfərdə olduğum Avropa ölkələrində belə bir hal müşahidə etdim ki, orada insanlar özləri dövlətdən daha çox çalışırlar. Onlar ən əsası təhlükəsizlik qaydalarına riayət edirlər. Bir-birlərinə bir metrdən artıq məsafədə yaxınlaşmırlar, əllə görüşmürlər, canlı ünsiyyətdən bir qədər yayınmağa çalışırlar və s. Bu gün Azərbaycan KİV-nin indiki davranışı normaldır və demək olar ki, əvvəlki çaşqınlıqlar aradan qalxıb”. 

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da vurğulayıb ki, sosial şəbəkələr vasitəsi ilə ölkəmizdə koronavirusla bağlı həqiqəti əks etdirməyən əsassız xəbərlərin yayılması narahatedici məqamlardan biridir:


“Belə xəbərlər cəmiyyətimizdə narahatlıq yaradır. İnsanlar arasında təşvişə yol açaraq düzgün olmayan təsəvvür formalaşdırır. Sözügedən istiqamətdə də daha operativ tədbirlər görülməlidir. İnsanların dolğun və reallığa əsaslanan məlumatlarla informasiya tələbatının ödənilməsi üçün cavabdeh qurumlar medianın sorğularına, cəmiyyəti narahat edən məsələlərə çevik reaksiya verməlidir. KİV vasitəsi ilə insanların koronavirusa qarşı mübarizə, özlərini qoruması ilə bağlı maarifləndirici materialların, sosial çarxların yayımı da genişləndirilməlidir”. 

Baş redaktor bildirib ki, Azərbaycanda koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Onun sözlərinə görə, görülən işlər Azərbaycanda koronavirusun daha geniş spektrdə yayılmasını önləyir:

“Müvafiq qurumlar tərəfindən insanların daha çox cəmləşdiyi, istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. İctimai nəqliyyatda, dayanacaqlarda, piyada keçidlərində və s. hər gün qabaqlayıcı tədbirlər görülür. Ölkəmizdə koronavivus təhlükəsinin yayılmasının əsas mənbəyi hesab edilən İranla dövlət sərhədləri bağlanıldı və bu qərarın müddəti daha 2 həftə uzadıldı. Virusun yayıldığı ərazilərdən ölkəmizə gələn şəxslər təcili olaraq karantinə alınıb müşahidə altında saxlanılır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə ictimai-iaşə obyektlərində bir sıra məhdudiyyətlər tətbiq edilir. Görülən tədbirlər Azərbaycanda koronavirusun daha geniş spektrdə yayılmasını önləyir. Məqsəd insanların sağlamlığını qorumaqdı". 

S.Seyidova hesab edir ki, görülən tədbirlərlə yanaşı, bəzi düşündürücü məqamlar da yox deyil. Məsələn, tədris prosesinə ara verilsə də, hələ də bəzi valideynlər uşaqlarını əyləncə mərkəzlərinə, insanların sıx toplaşdığı məkanlara aparırlar. Bu isə dövlətin uşaqları qorumaq məqsədi ilə atdığı addımların effektliyini azaldır.

Bu cür halların qarşısının alınması istiqamətində də müəyyən addımlar atılır. Uşaq əyləncə mərkəzlərinə, müəyyən müddət çərçivəsində kitabxanalar, muzeylər kimi ictimai obyektlərə məhdudiyyətlərin qoyulması zəruridir. Bu təcrübənin tətbiqi hələ də təhlükənin mahiyyətini dərk etməyən valideynlərə yönələn bir ismarıc ola bilər. Hazırda Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu digər ünvanlar ASAN Xidmət mərkəzləri, DOST Agentlikləridir. Aparılan müşahidələr göstərir ki, hər gün sıxlıq müşahidə edilən bu xidmət mərkəzlərində də insanlar bir-birləri ilə sıx təmasdadır. Burada çalışan işçilərin sağlamlığının qorunması, həmçinin vətəndaşların tibbi-gigiyenik qaydalara əməl etməli olduğunu  xatırlatmaq üçün işçi personalının qoruyucu maskalardan istifadəsi barədə qərar qəbul edilə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu