“Koronavirusa qarşı birgə mübarizə aparmalıyıq” – Millət vəkili 

“Ən əsas məsələ odur ki, Operativ Qərargahın qərarlarına və həkim tövsiyələrinə əməl edək”



Bu gün Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı təbrik nitqində ictimaiyyəti maraqlandıran, qayğılandıran  bir neçə mühüm məsələyə toxunub. Prezident qeyd edib ki, koronavirus sınağından şərəflə və az itkilərlə çıxmaq üçün bütün cəmiyyət  həmrəylik, məsuliyyət, birlik  nümayiş etdirməlidir:
“Koronavirusun geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Koronavirus sınağından şərəflə və az itkilərlə çıxmaq üçün bütün cəmiyyət  həmrəylik, məsuliyyət, birlik  nümayiş etdirməlidir. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir. Kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”


Prezidentin tövsiyə və tələblərini yüksək qiymətləndirən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, siyasi baxışından asılı olmayaraq insanlar eyni mövqedə dayanmalıdırlar: 
“Planetdə yayılan koronavirus çox ciddi təhlükə və sınaqdır. Azərbaycan koronavirus əleyhinə çox ciddi addımlar atıb. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə tibbi ləvazimatlar gətirilib. Müşahidələr göstərir ki, məsələyə səthi yanaşan ölkələrdə, o cümlədən İranda vəziyyət daha ağırdır. Biz də hökumətin gördüyü işlərə dəstək olmalı, koronavirusa qarşı birgə mübarizə aparmalıyıq. Ən əsas məsələ odur ki, Operativ Qərargahın qərarlarına və həkim tövsiyələrinə əməl edək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu