“Strateji qərarların icrası üçün makroiqtisadi stabillik şərtdir” - EKSPERT

“İşçi qrupları kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik potensial zərərin qarşılanması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması ilə yanaşı sosial stabilliyin təmininə fokuslanıb”



2020-ci il özü ilə birlikdə qlobal bir problemi- koronavirusu gətirdi. Bu infeksiya insanların sağlamlığını təhlükə altında qoymaqla yanaşı, həm də beynəlxalq münasibətlərə, iqtisadi məsələlərə təsir göstərir. Azərbaycanda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah  ehtimal edilən təhlükələri aradan qaldırmaq üçün ilk gündən etibarən məqsədyönlü addımlar atır. Şübhəsiz, qarşıda duran əsas məqsədlərdən biri iqtisadi təsiri aradan qaldırmaq, həmçinin iqtisadi sabitliyə nail olmaqdır.

Məsələ ilə bağlı "Sherg.az" a danışan  Sosial Tədqiqatlar Mərkəzi, Sosial-iqtisadi təhlil departamentinin rəhbəri, iqtisadçı Seymur Əliyev koronavirusun beynəlxalq iqtisadiyyatı təhdid etdiyini deyib:

“Dünya Səhiyyə Təşkilatı tərəfindən elan edilən pandemiya (covid19) istər lokal, istərsə də qlobal konteksdə ictimai həyatın bütün sferalarını “iflic” vəziyyətinə salıb. Statistik olaraq qlobal iqtisadiyyata dəymiş zərərin trilyon dollarlarla ölçülməsi bu istiqamətdə real vəziyyətin əhəmiyyətini ön plana çıxarır. Düşünürəm ki, “COVID - 19” un təhdidi növbəti qlobal iqtisadi böhran üçün təsirli katalizator  kimi dəyərləndirilməlidir. Nəticə etibarilə ayrı-ayrı milli iqtisadiyyatların preventiv strategiyalarında iqtisadi tədbirlər xüsusi həssaslığı ilə fərqlənir. Belə ki, cari iqtisadi təhdidləri minimumlaşdırmaqla yanaşı post-epidemiya dövrü də diqqət mərkəzində saxlanılmalıdır"

Ekspertin sözlərinə görə, koronavirusun ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün ciddi addımlar atılır:

"Azərbaycan hökumətinin böhran menecmenti çərçivəsində reallaşdırdığı addımları tamamlayıcı və yerində verilmiş qərarlar kimi dəyərləndirə bilərik. Burada xüsusilə sosial-iqtisadi blokun mobilizə edilməsi vurğulanmalıdır.  Hesab edirik ki, makroiqtisadi stabilliyin və yaxud dayanıqlığın təmini çərçivəsində hökumət tərəfindən yaradılmış işçi qrupları təhdidlərin optimal qiymətləndirilməsi və daha spesifik strateji qərarların reallaşdırılmasını təmin edəcəkdir. Sözügedən işçi qrupları pandemiyanın ümumi iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik potensial zərərin qarşılanması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması ilə yanaşı sosial və makroiqtisadi stabilliyin təmininə fokuslanıb. Nazirlər Kabinetinin infeksiyanın yayılması təhlükəsini minimumlaşdırmaq istiqamətində  gerçəkləşdirdiyi "özünütəcrid" tədbirləri xüsusilə xidmətlər sektoru üçün məxsusi tənzimləyici tədbirlər tələb edir. Bu və digər istiqamətlər üzrə dövlət büdcəsində ayrılan 1 milyardlıq maliyyə vəsaiti və müvafiq dəstək fondunun yaradılması zərərlərin qarşılanması istiqamətində indiki halda məqbul qiymətləndirilməlidir”.

 Departament rəhbəri vətəndaşların ÜST-nın və NK yanında Operativ Qərargahın tövsiyə və qərarlarına əməl etmələrini mühüm hesab etdiyini vurğulayıb:

“Eyni zamanda böhranın idarəedilməsi sahəsində hökümətin region ölkələri ilə müqayisədə daha çevik strateji davranışları nəticə etibarilə pandemik epidemiya statistikalarının müqayisəli təhlilində də özünü göstərir”
                 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu