“İndiki durumda jurnalist əməyi xüsusi vurğulanmalıdır”

“Koronavirusla mübarizəyə səfərbər olmuş, hər bir əməksevər peşə sahibinin yanında onun işini ictimaiyyətə çatdıran fədakar jurnalist var”

“Ümumən jurnalistlər bütün ekstremal durumlarda, çətin zamanlarda hər zaman öndə olublar”


"Koronavirusla mübarizə şəraitində hər birimizdən fədakarlıq tələb olunur".
"Sherg.az"ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ rəhbəri həkimlərin fədakar əməyini xüsusi vurğulayıb: 

"Həqiqətən də onlar gecə-gündüz bilmədən çalışırlar. Təbii ki, digər peşə sahibləri də var ki, onlar koronavirus təhlükəsinin aktual olduğu hazırkı şəraitdə iş başındadırlar. Belə peşə sahiblərindən biri də jurnalistlərdir. Hansısa fərqləndirmə aparmaq istəməzdim, amma bu durumda jurnalist əməyi xüsusi vurğulanmalıdır. Media təmsilçilərimiz hər yerdədirlər. Koronavirusla mübarizəyə səfərbər olmuş, hər bir əməksevər peşə sahibinin yanında onun işini ictimaiyyətə çatdıran fədakar jurnalist var. Ümumən jurnalistlər bütün ekstremal durumlarda, çətin zamanlarda hər zaman öndə olublar. Onlar öz yaxınlarını, əzizlərini, doğmalarını düşünmədən peşələrinə sədaqət nümunəsinə çevriliblər. Azərbaycan jurnalistikasının da belə örnək simaları olub. Onların ardıcılları bu günün mübarizə və dirəniş salnaməsini yaradırlar". 



Ə.Amaşov vurğulayıb ki, jurnalistika insanlarımızı yaşamağa, nikbinliyə kökləyən ən başlıca ictimai instrumentdir: 

"Hesab edirəm ki, xəstəxanalar üçün ağ ciyəri hava ilə təmin edən tibbi cihaz nə dərəcədə vacib əhəmiyyət daşıyırsa, hər bir evdəki televizor və ya radio, habelə internet vasitəsilə daxil olduğumuz xəbər saytları da bir o qədər müstəsna önəmə malikdir. Mən xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə yorulmadan çalışaraq cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalist həmkarlarıma minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, jurnalist əməyi müstəsna əməkdir, xüsusi zəhmət tələb edən əməkdir. Koronavirusla mübarizənin ciddiləşdiyi hazırkı vəziyyətdə bu deyimin əyani nümunələrini görürük".

MŞ sədri jurnalistlərə minnətdarlığını bildirib: 

"Özünüzü qoruyun. Uca Tanrı da sizləri qorusun! Allah yar və yardımçınız olsun!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu