"Heç kim bu bəlanın nə vaxt sovuşacağını deyə bilməz" - Vüqar Zifəroğlu

"Yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur"

Son aylar gündəmi zəbt edən əsas mövzulardan biri koronavirusdur. Artıq pandemiya elan olunan bu infeksiya haqqında hər gün yüzlərlə xəbərə rast gəlirik. Əlbəttə, ilk baxışdan hansının düzgün, dəqiq, hansının yoxlanılmamış olduğunu demək çətindir. Bir məqam aydındır ki, istənilən informasiya insanların davranışlarına, qərarlarına təsir edir.
Məsələ ilə bağlı "Sherg.az"la fikirlərini bölüşən BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu indi dünyada ciddi informasiya müharibəsinin getdiyini deyir:



"Əlbəttə, koronavirus məsələsində müəyyən manipulyativ məqamlar da var. Ümumiyyətlə xəstəliyin yayılma səbəbləri barədə versiyalar çoxdur. Bu zaman, müxtəlif dövlətlər, güclər də bu xəstəliklə bağlı məlumatları öz maraqlarına uyğun şəkildə təqdim etməyə çalışırlar.
Məsələn, yanvar və fevral aylarında COVİD-19 bioliji silah elementi kimi qiymətləndirilirdi. İndi isə onun təbii yolla ortaya çıxdığını deyənlərin sayı, daha çoxdur. Hətta ABŞ prezidenti Doland Tramp öz çıxışlarında koronavirusu dəfələrlə "Çin virusu" adlandırmışdı. Koronavirusun yarasadan keçdiyini deyənlər də var. Son vaxtlar bu məsələyə dini- ideoloji baxışdan yanaşanların da sayı artıb. Ümumiyyətlə indi hamı, sahəsindən və peşəkarlığından asılı olmayaraq hər kəs bir fikir söyləyir. Nəticədə informasiya çirkliliyi yaranır və bu da bütün dünyada yersiz ajiotaja və panikaya səbəb olur". 

 V.Zifəroğlu, həmçinin bildirdi ki, indiki dövrdə informasiya təhlükəsizliyini təmin etmək o qədər də asan deyil:

"Sosial şəbəkələr insanlara öz düşüncələrini istədikləri formada ifadə etməyə, yaymağa imkan verir. Ancaq, bu düzgün deyil. Çünki yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur. Məsələ yalnız virusun səhhətimiz üçün bir təhlükə olmasında deyil, həm də dezinformasiyalar və aparilan bilgi çirkliliyi sayəsində bir ümumi ajiotajın yaşanmasındadır ki, bu da təhlükəlidir. Məsələn, ABŞ-da artıq silah satışı ilə ərzaq satışı bərabərləşib. Dünya artıq, sanki təkcə virus pandemiyası ilə deyil, qəsdən ortaya atılmış dezinfornasiya pandemiyası və onun doğura biləcəyi daha vahim nəticələrlə də mübarizə aparmaq məcburiyyətində qalır".

Koronavirusun nəticələri haqqında danışan analitikin sözlərinə görə, bu, dünya dövlətlərinə mənfi təsir göstərəcək:

"Şübhəsiz ki, bu olanların iqtisadi təsirləri olacaq. Burada əsas məqam, informasiya axınına daha ciddi nəzarəti təşkil edə bilməkdir. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə doğru olaraq virusla bağlı sosial mediada yalanlar paylaşan, dezinformasiyalar yayan şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görülür. Heç kim bu bəlanın nə vaxt sovuşacağını deyə bilməz. Əsas doğru bilgiləri paylaşmaq və peşəkarları dinləməkdir. Ümid edək ki, hər şey yaxşı olacaq".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu