Tanınmışlardan sorğu: “Karantin müddətini kim, necə keçirir? – “Dünya bizi ovunduracaq”

Nazirlər Kabinetinin verdiyi qərara uyğun olaraq dünən ölkədə xüsusi karantin rejimi elan olundu. Bu qərara əsasən vətəndaşların evdən çıxmaları mümkün qədər məhdudlaşdırılır. Yəni müxtəlif peşə sahibləri bir müddət işlərini evdən idarə etməlidirlər. Maraqlıdır ki, sözügedən məhdudiyyət insanlara nəcə təsir edəcək? Onlar karantin rejimində evdə kim, nə edəcək? 


"Sherg.az" olaraq bu suallarla bağlı öz fəaliyyətlərində seçilən, müsbət mənada fərqlənən müxtəlif peşə sahiblərinin fikirlərini öyrəndik:

“Onlayn rejimdə çalışır, qərarlar qəbul edirik”

Millət vəkili Səməd Seyidov: "Verilən bütün qərarlar, tapşırıq və tövsiyələr yeganə məqsədə- insanların sağlamlıqlarının təmin olunmasına hesablanıb. Odur ki, hər birimiz karantin rejimini anlayışla qarşılamalıyıq. Nazirlər Kabinetinin verdiyi qərarda göstərilir ki, insanlar zərurət olmadığı təqdirdə evdən çölə çıxmamalıdırlar. Hətta biz də millət vəkili olaraq onlayn rejimdə çalışır, qərarlar qəbul edirik. Texnologiyanın inkişafı fəaliyyətimizi davam etdirməyə imkan verir".

"Ədəbiyyat mənə kömək edir"

"525-ci qəzət"in baş redaktoru, AYB-in katibi Rəşad Məcid: "Yaradıcı adam üçün evdə qalmaq problem deyil. Artıq bir neçə gündür ki, çölə çıxmıram. Ədəbiyyat mənə vaxtımı səmərəli keçirməyə kömək edir. Hazırda Firuz Mustafanın "Tanrının kölgəsi" kitabını oxuyuram. Bundan əvvəl isə Kamal Abdullanın "Füzuli xatırlayır", Aqşin Yeniseyin "Tale və tarix", Qabriel Qarsia Markesin "Eşq və başqa cinlər" kitablarını bitirmişəm. Filmlər izləyir, ölkədə və dünyada baş verən hadisələrlə tanış oluram. Tövsiyələrə, məsləhətlərə əməl etməyə çalışıram. İnanıram ki, tezliklə bu vəziyyət sona çatacaq və dünya yenə öz cazibəsi ilə bizi ovunduracaq. Mən həmişə nikbin gələcəyə inanmışam". 

“Yeni dərsliyimi tamamlamaq üzrəyəm”

BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva: "Mən ilk vaxtdan Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü tədbirləri yüksək qiymətləndirirəm. Atılan bütün addımlar, görülən tədbirlər əhalinin təhlükəsizliyinin təmin olunması üçündür. Bu tədbirlərin müsbət nəticələnməsindən ötrü biz də kömək etməli, tapşırıq və tövsiyələrə bigana yanaşmamalıyıq. Faktiki olaraq dərslər dayandırılsa da, tələbələrlə ünsiyyətimiz davam edir. Sosial şəbəkələr vasitəsilə onlara mühazirə mətnlərini təqdim edir, suallarını cavablandırırıq. Eyni zamanda fakültəmizin elmi jurnalının növbəti sayı üzərində işləyirik. Müəllimlərimizə, tələbələrimiz gərək fürsətdən istifadə edib elmi məqalələr yazsınlar, kitablar oxusunlar. Həmçinin buraxılış işlərinin tamamlanması üçün də yaxşı fürsətdir. Onu da deyim ki, yeni dərsliyimi tamamlamaq üzrəyəm. Ümumiyyətlə, vaxtı məhsuldar keçirmək hər birimizin borcudur. Ən əsası isə sağlamlıqdır. Sağlamlıq olmayandan sonra başqa şeylər haqqında düşünməyə dəyməz".

“Araşdırmalar aparıram”

Sosioloq Sahib Altay: "Hazırkı situasiyadan çıxış üçün alternativ yoxdur. Mümkün qədər evdən çölə çıxmamaq ən yaxşı seçimdir. Mən sadəcə yarım iş günü ofisdə oluram. Qalan vaxtımı isə evdə keçirirəm. Kitablar oxuyur, filmlər izləyir, araşdırmalar aparıram. Yaşı 65- dən çoxu olanların evdən çölə çıxmamaları barədə qərar verilib. Ancaq nəzərə almaq lazımdır ki, sağlamlıq naminə təmiz hava da əsas şərtdir. Düşünürəm ki, insanların sosial və maddi rifahının yaxşılaşdırılması üçün müəyyən addımlar atılmalıdır".

“Doktorluq işim üzərində çalışır, yarımçıq qalan hekayələrimi tamamlayıram”

Yazıçı Pərvin: "Karantin insanın əzizlərinə vaxt ayırması üçün fürsətdir. Mən də ailəm, övladımla birlikdə bu imkandan istifadə edirəm. Bununla yanaşı doktorluq işim üzərində çalışır, yarımçıq qalan hekayələrimi tamamlayıram. Beləliklə,  "Evdə qal" kampaniyasına qoşuluram. Özümü mövcud situasiya qarşısında gücsüz hesab etmirəm. Biz bu sınaqdan da uğurla çıxacağıq"

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu