“İctimai nəqliyyatla bağlı tövsiyələr insanların sağlamlığı üçündür” - EKSPERT

“Metroda havalandırma sistemi yaxşı olmadığı üçün sərnişinləri yerüstü nəqliyyat vasitələrindən  istifadə etməyə çağırıblar”

“Çünki metro yerin altında olduğu üçün havalandırma sistemi süni aparatlarla reallaşdırılır. Hər birimiz bu qaydalara əməl etməliyik” 



Nazirlər Kabineti Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edib.  
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Xüsusi karantin rejiminə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinə metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etmək tapşırılıb.  Sərnişinlərə tövsiyə edilib ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Dəyişikliyi dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a  xüsusi karantin rejimi ilə bağlı dövlət tərəfindən atılan addımların təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə vətəndaşların qoyulan qadağalara və tövsiyələrə riayət etməsi qaçılmazdır:

“Unutmayaq ki, dövlət bu qərarları əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün qəbul edib. Ola bilsin ki, bəzi insanlar qoyulan qadağalara fərqli yanaşacaq. Bu günə qədər verilən bir sıra qərarlara qeyri-ciddi yanaşmaların şahidi olmuşuq. Düşünürəm ki,  bu ərəfədə vəziyyətin ciddiliyinin fərqinə varmaq lazımdır.  Çünki bu qadağalar tək bizdə deyil. Dünyanın əksər ölkəsində dövlət əhalinin təhlükəsizliyinin qorunması üçün  xüsusi  karantin rejimi yaradıb. Hətta bəzi Avropa ölkələri vaxtında karantin tədbirləri görmədikləri üçün adları  xəstəliyə yoluxma və ölüm hallarına görə siyahıda  lider ölkələr sırasındadır”. 

Metrolar və ictimai nəqliyyatlardan istifadə ilə bağlı vətəndaşlara verilən tövsiyyələrə gəldikdə isə E. Muradlı bu qaydaların heç də düşünülən qədər qəliz olmadığını deyib:

“Metroda havalandırma sistemi yaxşı olmadığı üçün sərnişinlərə minimum istifadə etmək məsləhət görülərək onları yerüstü nəqliyyat vasitələrindən  istifadə etməyə çağırıblar. Çünki metro yerin altında olduğu üçün havalandırma sistemi süni aparatlarla reallaşdırılır. Məncə bu tövsiyyələr insanların sağlamlığı üçün çox vacibdir. Hər birimiz bu qaydalara normal yanaşmalı və onlara əməl etməliyik”.
 
Bakı Nəqliyyat Agentliyinin artıq bu istiqamətdə ciddi addımlar atmağa başladığını vurğulayan ekspertə görə,  müəyyən sayda ekspress avtobuslar xəttə buraxılıb.  Bu avtobuslar metrostansiyalar ilə eyni məsafəni  qət edəcək. Əvvəl Elmlər Akademiyası metrostansiyasından Qara Qarayev metrostansiyasına hərəkət edən marşrut xətti yox idi,  amma ekspress avtobuslar sərnişinlərə bu xətt üzrə hərəkət etməyə imkan yaradır.  BNA ekspress avtobusların sayını artıracaq və sərnişinlərin istədikləri ünvana rahat getməsi təmin ediləcək. 

Ola bilər ki,  bu mərhələdə müəyyən qüsurlar və çatışmazlıqlar qeydə alınsın. Bunu anlayışla qarşılamaq lazımdır. İndi elə bir dövrdür ki hər kəs müəyyən qədər itkilər də verəcək, çətinlik də çəkəcək.  Əvvəlki həyat tərzimizə bir müddət ara verib,  həmrəylik nümayiş etdirsək,  bu pandemiyadan daha az zərərlə çıxarıq”. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu