"Dövlət tədbirləri görür, vətəndaşlar da öz sosial məsuliyyətlərini dərk etməlidir" - Millət vəkili

"Kimin virus daşıyıcısı olduğu və kimdən- kimə keçəcəyi bəlli olmadığı üçün yeganə yol özünü izolyasıdır"

Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülür. Bu tədbirlər daim ölkə başçısının  nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir.

Koronavirus pandemiyası haqqında AzTv-yə müsahibəsində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq: “Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq”.

Millət vəkili Tamam Cəfərova da  “Sherg.az”a bildirib ki, Azərbaycan dövləti ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli önləyici tədbirləri görüb və görməkdə davam edir. 


Millət vəkili dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmasını yüksək qiymətləndirib. Hesab edir ki, hər bir Azərbaycan vətəndaşı bu qlobal pandemiyaya qarşı mübarizəyə istər maddi, istərsə də dövlətin tələb və təkliflərinə riayət etməklə dəstək verməlidir: “  Bu həmrəylik məsələsidir. Cənab Prezidentin və hörmətli birinci Vitse-prezidentimizin bir illik əməkhaqlarını fonda ianə etmələri belə bir nümunəni göstəricisidir. Cənab Prezidentin bu mötəbər təşəbbüsünə millət vəkilləri, dövlət qurumları,  dövlət qulluqçuları, müxtəlif şirkətlər, o cümlədən sıravi vətəndaşlar, hətta tələbələr də qoşulur. Bu gün Azərbaycanda pandemiyaya qarşı mübarizədə birlik və həmrəylik nümayiş etdirilir”.

T. Cəfərovanın sözlərinə görə, bu xəstəliyin yayılmaması üçün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da öz sosial məsuliyyətlərini dərk etməli, hökumətin tədbiq etdiyi xüsusi davranış qaydalarına əməl etməlidirlər:

“Artıq virus demək olar ki, bütün dünyaya yayılıb və qurbanlarla bağlı hər gün qorxunc xəbərlər gəlir. Dünya iflic vəziyyətindədir, sərhədlər bağlanır. Ən qorxulusu odur ki, bu virusa qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılmasının və yayılmamasının bu gün üçün yeganə yolu sosial izolyasiya və sanitar-gigiyena tədbirləridir.
Bildiyiniz kimi,  ötən gün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkəmizdə 20 aprel tarixinədək xüsusi karantin rejimi elan edildi.
Qərarda yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi, həmçinin insanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edildi. Bununla yanaşı bir sıra ticarət mərkəzləri bağlandı, ictimai iaşə obyektləri xüsusi iş rejiminə keçirildi.
Yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər”.

“Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq” deyə xanım millət vəkili əlavə edib.

T. Cəfərova qeyd edib ki, dövlət görülməsi vacib hesab edilən bütün addımları atır, burada həmçinin vətəndaş məsuliyyəti də önəmli rol oyanır:

“Çox təəssüf ki, bir qrup vətəndaşlar bu təhlükəyə qeyri-ciddi yanaşırlar və qaydalarını pozurlar. Hər bir vətəndaş bilməlidir ki, o təkcə öz həyatına görə deyil, başqalarının həyatına görə də cavabdehdir. Kimin virus daşıyıcısı olduğu və kimdən- kimə keçəcəyi bəlli olmadığı üçün yeganə yol özünü izolyasıdır. Bütün vətəndaşlarımızı  xüsusi karantin rejiminin və Nazirlər Kabineti yanında Operativ Qərargahın  tələb və təkliflərinə ciddi riayət etməyə səsləyirəm. Ancaq həmrəy olaraq, bu bəlaya qalib gələ bilərik”.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu