Güzəşt olmalıdır: Vəziyyət ciddiləşsə, vətəndaşlar kreditləri verə bilməyəcəklər

Millət vəkili Naqif Həmzəyev ölkədə fəaliyyət göstərən bank sektoruna müraciət edib. Deputat bildirib ki, ölkədə hökm sürən vəziyyətlə bağlı banklarda ödənişlər dondurulsun.

“Azərbaycanda fəaliyyət göstərən banklar kreditlərin ödənişini ən azı 3 ay müddətinə dondurmalıdırlar. Həmçinin gecikmələrə görə cərimələr bu müddət ərzində ləğv edilməlidir. Bilirik ki, çoxlu sayda insanlar var ki, banklara borcları var və bu gün əksər yerlərdə işlər dayandırılıb. Böyük ehtimalla mövcud vəziyyət aprel ayının sonunadək davam edəcək.
Günəmuzd çalışan insanlar var ki, indiki halda kreditlərin qaytarılmasında problemlərlə üzləşə bilərlər. Banklar vətəndaşlara güzəşt etməlidir.
Mart, aprel, may ayında kredit ödənişləri dondurulsun və yaxud gecikmələrə görə cərimələr tətbiq olunmasın”.

Deputatın təklifini müsbət dəyərləndirdiyini deyən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda dünyanın bir sıra ölkəsində belə təkliflər səsləndirilir.


“Amma bu proses bütün ölkələrdə yerinə yetirilmir. Ümumilikdə banklara ödənişlərin dayandırılmasını təklif etmək olar. Lakin dövlət bunu banklardan tələb edə bilməz. Çünki bankların da öz öhdəlikləri və borcları var. Məsələn, əmanətçi gedib bankdan pulunu istəyir və bank ona vaxtlı-vaxtında faiz ödəməlidir. Gərək kredit üzrə ödənişlər olunsun ki, bank da öz xərclərini ödəyə bilsin. Hesab edirəm ki, dövlət bu məsələdə banklara müəyyən yardım edə bilər”. 

İqtisadçı bildirib ki, mövcud vəziyyətdən zərər çəkənlər daha çox sahibkarlardır:

“Amma bütün sahibkarlar yox, onların bir qismi zərər çəkir. Məsələn, mehmanxana və turizm biznesi, ictimai iaşə, yəni kafe və restoranlara çoxlu zərər dəyib. Amma hələlik vətəndaşlarda elə də ciddi problem yoxdur. Hələlik koronavirus onların kreditlərinə hansısa yolla təsir etməyib. Əlbəttə, vəziyyət ciddiləşsə, vətəndaşlar kreditləri verə bilməyəcəklər. Bu zaman  müəyyən güzəştlər keçərli ola bilər”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu