TƏCİLİ !“Ümummilli Qarabağ konfransı çağırılmalıdır!”- Hərbi əməliyyatlar

Natiq Miri: “Bu konfrans mütəmadi şəkildə fəaliyyətini davam etdirməklə Qarabağ probleminin həlli yönündə milli iradəni ortaya qoymalıdır”

“Belə olduğu təqdirdə heç bir dünya dövləti Azərbaycan hakimiyyətini qınaya bilməz”



 Ötənlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.
Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.



Mövcud durumu “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, belə bir vəziyyətdə Azərbaycan ordusunun sadəcə təxribata qarşı verdiyi  qısamüddətli cavab yetərli deyil. Onun sözlərinə görə, bir neçə nəfər erməni əsgərinin yaralanması və yaxud  öldürülməsi problemin həlli anlamına gəlmir:

“Fikrimcə, belə vəziyyətdə Azərbaycan ordusu məhz Ağdərə bölgəsində erməni ordusuna tutarlı zərbə vurmalıdır. Ən azından həmin bölgədə bir neçə strateji ərazi azad edilməlidir. Ordumuz təkcə təxribat olan bölgələrdə deyil, bütün cəbhə boyu hər an hücuma keçmək hazırlığını özündə saxlamalıdır. Çünki qəfil təxribat hadisələrində Azərbaycan Ordusu əks hücuma keçərsə, bu, erməni ordusunda böyük təlaş yaradar. Beləliklə qısa müddət ərzində böyük ərazilərin asanlıqla təmizlənməsinə imkan yaranar”. 

Politoloq qeyd edib ki, ermənilərlə masa arxasında sülh danışıqlarının aparılmasının nə qədər boş fikir olduğu birmənalı olaraq təsdiqini tapır:

“Ona görə də dövlətimiz siyasi qərar verməlidir. Bu, Azərbaycan hakimiyyəti üçün müəyyən problemlər, ehtiyatlı davranış sərgiləmək təhlükəsi yaradır. Lakin bunun üçün ciddi siyasi iradəyə ehtiyac var. Bütün savaş və müharibə qərarlarında həmişə cəsarətli və azad siyasi iradə tələb olunur. Bu gün Azərbaycan hansısa ölkənin torpaqlarını işğal etməyib. Özünün 20 faiz işğalda olan torpaqlarını azad etmək istəyir. Bu da beynəlxalq hüquqda öz təsbitini tapıb. Həmçinin ölkəmiz BMT-nin üzvüdür. BMT -nin nizamnaməsində  Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi haqqının tanındığı birmənalı təsbit olunub.

Ona görə də artıq Azərbaycan bu yöndə ciddi hazırlıqlara və qısamüddətli hərbi-lokal əməliyyatlara başlamalıdır. Hansısa zəmin yaranırsa, Azərbaycan regional və qlobal güclərdən ehtiyat edirsə, hakimiyyət bunu xalq iradəsinə söykənərək edə bilər. Bunun üçün ümummilli Qarabağ konfransı çağırılmalıdır. Düşünürəm ki, bu konfrans mütəmadi şəkildə fəaliyyətini davam etdirməklə Qarabağ probleminin həlli yönündə milli iradəni ortaya qoymalıdır. Azərbaycanda olan bütün siyasi çevrələrin iştirakı, eyni zamanda Azərbaycan ziyalılarının iştirakına ehtiyac var. Çünki xalqın qəbul etdiyi istənilən qərarın üstündə heç bir legitim qərar yoxdur.

Ona görə də belə bir konfransda həqiqətən də torpaqların azad olunması qərarı çıxarsa, Azərbaycan hakimiyyəti məcburi şəkildə lokal hərbi əməliyyatlara başlaya bilər. Belə olduğu təqdirdə heç bir dünya dövləti Azərbaycan hakimiyyətini qınaya bilməz. Çünki bu xalqın iradəsinin təcəssümü olacaq və xalq iradəsinin üstündə heç bir iradə və hüquq yoxdur. Ona görə də bu məsələ mütləq mənada ümummilli bir iradənin ortaya qoyulması ilə başlamalıdır. Bundan sonra Azərbaycan hakimiyyəti beynəlxalq tribunalardan ultimativ şəkildə Ermənistan üçün müəyyənləşdirməlidir ki, düşmən orudusu  işğal olunmuş ərazilərdən dərhal çəkilsin. Əks təqdirdə Azərbaycan torpaqlarını azad etmək hüququnu özündə saxladığını bəyan etməlidir. Həqiqətən də Azərbaycan hakimiyyətinin başı üzərində Rusiya və dünya gücləri xofu varsa, bunu xalq iradəsinin arxasında gizlənərək etməlidir. Yoxsa Azərbaycanın işğalda olan torpaqlarının azad olunmamasını hakimiyyət xalqa heç  bir formada cavablaya bilməz. Çünki hələ də “Niyə hakimiyyət torpaqları azad etmir ?”sualının cavabı verilməyib. Fikrimcə, xalq bu cavabı gözləyir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu