Konfederasiya, yoxsa yeni imperiya istəyi ? - Jirinovskinin təklifində PƏRDƏARXASI...


Elxan Şahinoğlu:“Putin imperiya arzusundan əl çəkməyib. O düşünür ki, imperiya alınmırsa, heç olmazsa konfederasiya ideyası ortaya atılsın”

“Jirinovskinin “konfederasiya üzvləri” kimi sadaladıqları dövlətlərdən- Qazaxıstan, Mərkəzin Asiya ölkələri, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstan heç biri öz xoşu ilə yeni imperiyaya qatılmaq istəməyəcək” 

“Rusiyanın isə keçmiş zamanlarda olduğu kimi imperiya yaratmaq üçün qonşuluqdakı hər dövlətə ordu yeritmək gücü yoxdur"


Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Rusiya Konfederasiyasının yaradılmasına ehtiyac olduğunu söyləyib. Jirinovski "konfederasiya"da "Qazaxıstan, Mərkəzin Asiya ölkələri, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstan"ı görmək istədiyini deyib. Duma üzvü yeni "konfederasiyanın” Türkiyə, İran, Suriya və İraqla sıx əlaqələr qurmasının da vacib olduğunu bildirib. Jironivski bu ölkələri “konfederasiyaya” üzv etməyi planlaşdırmasa da, onlarla tərəfdaşlıq əlaqələri qurmağa çağırıb. 

Bu barədə "Sherg.az"a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Jirinovskinin bu açıqlamasını növbəti sərsəmləmə kimi qiymətləndirib fikir verməmək olardı. Ancaq bir neçə amil bu açıqlamaya diqqət yetirməyi lazım bilir.
Ekspertə görə, Jirinovski Kremlin danışan dilidir: 



"Kreml sahiblərinin deyə bilmədiklərini Jirinovski səsləndirir. Məsələn, Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində demişdi ki, SSRİ-nin süqutu böyük faciə idi. Yəni Putin SSRİ-nin xiffətini çəkir, ancaq imperiyanı bərpa etmək onun gücü xaricindədir. Buna baxmayaraq, o imperiya arzusundan əl çəkməyib. İmperiya alınmırsa, heç olmazsa konfederasiya ideyası ortaya atılsın. Jirinovskinin sərsəm açıqlamalarının sayı hesabı olmasa da, o bəzən onluğa vurur. Məsələn, 20 il əvvəl Jirinovski “Krımı güc yoluyla Ukraynadan qoparıb Rusiyaya birləşdirmək lazımdır” deyəndə hətta Kremlin dəhlizlərində bu açıqlamaya gülüşlə yanaşırdılar. Ancaq illər sonra Jirinovskinin arzusu yerinə yetirildi. Digər tərəfdən Jirinovski “konfederasiya” ilə bağlı açıqlamasının sonunda vacib cümlə işlədib: “Rusiya Konfederasiyasının yaradılması üçün münbit zəmin var”. Jirinovski “münbit zəmin” deyərkən koronavirusun dünyada yaylmasını və bu virusdan böyük dövlətlərin ağır vəziyyətə düşdüyünü nəzərdə tutur. Yəni Jirinovski və onu bu açıqlamaya vadar edənlərin fikrincə, hazırda Qərb dövlətlərinin başları özlərinə qarışıb və bu vəziyyət bir neçə ay davam edəcək. Fürsətdən yararlanıb Rusiyanın başçılığı ilə yeni imperiyanı formalaşdırmaq olar".

Analitik vurğulayıb ki, virus yalnız Qərb dövlətlərini vurmayıb: 

"Rusiyada da yoluxanların sayı hər keçən gün artır. Moskvanın meri Sobyanin artıq həyəcan təbili çalır. Qərb durğunluğa sürüklənən iqtisadiyyatını hərəkətə gətirmək üçün bir yol tapacaq. Rusiya isə qiyməti azalan neftin və işlərini dayandıran müəssisələrin fonunda iqtisadiyyatını çətin ərpa edəcək. Ona görə də rusiyalı siyasətçilər “konfederasiya” haqqında düşüncələrə qərq olmaqdansa, “Rusiyanın iqtisadiyyatını necə xilas edəcəyik” sualı üzərində qara-qara düşünsələr yaxşı olar. Bir də ki, Jirinovskinin “konfederasiya üzvləri” kimi sadaladıqları dövlətlərdən heç biri öz xoşu ilə yeni imperiyaya qatılmaq istəməyəcək. Rusiyanın isə keçmiş zamanlarda olduğu kimi imperiya yaratmaq üçün qonşuluqdakı hər dövlətə ordu yeritmək gücü yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu