Mahir Məmmədov: "FIDE-nin qərarına yalnız mən səs verməmişdim, Teymur Rəcəbov isə bir az tələsdi" - MÜSAHİBƏ


Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun “Report”a müsahibəsi

- İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı necə şərh edərdiniz?

- Bu qərar mənim üçün gözlənilən idi. Çünki hadisələr ən pis, ən ucuz “Hollywood” filmlərindəki ssenari ilə inkişaf edir və hər şey çox sürətlə gedirdi. Əlbəttə, FIDE rəhbərliyi fikirləşirdi ki, bütün təhlükəsizlik addımları atılıb, hamı karantində olub, 8 nəfər iki dövrəlik mübarizəni sonadək apara bilər. Amma ötən gün Rusiya prezidenti Vladimir Putinin çıxışından, həmin çıxışa cavab olaraq, hökumətin bütün aviareysləri dayandırmasından və İddiaçılar Turnirində birinci dövrənin başa çatmasından sonra FIDE belə qərara gəldi ki, yarışın ikinci hissəsini qeyri-müəyyən vaxta keçirsin. Mən FIDE-də yeganə şəxs idim ki, Teymur Rəcəbovun Maksim Vaşye-Laqravla əvəzlənməsi barədə qərar verilərkən bitərəf qaldım. Hərçənd, Teymurun ovaxtkı qərarını dəstəkləmirdim. Çünki onun İddiaçılar Turnirində yerini itirməsi ilə razı deyildim. Hadisələrin sonrakı inkişafı Teymurun və eyni zamanda bizim ən pis proqnozlarımızı gerçəkləşdirdi. Bir daha vurğulamaq istəyirəm ki, bu məsələdə bitərəf qalan yeganə insan mən idim. Bu, təkcə Rəcəbovun Azərbaycanı təmsil etməsi ilə bağlı deyil. Həm də bu barədə qərarın belə asanlıqla, böyük müzakirələr olmadan qəbul olunmasını istəmirdim. Buna baxmayaraq, FIDE-nin Teymuru Vaşye-Laqravın əvəzləməsinə dair qərarı böyük üstünlüklə qəbul olundu. Turnirin əvvəlindən iştirakçılar özlərini pis, təzyiq altında hiss etmələri barədə fikirlər səsləndirirdilər. Amma heç kim cürət edib, birmənalı şəkildə etirazını bildirmirdi. Əfsuslar olsun ki, qərar bu gün çıxdı. Hər halda indiki məqamda bu, yeganə düzgün addım idi.

- Bəs, Teymur Rəcəbova vurulan mənəvi zərəri kim ödəyəcək?

- Fikrimcə, Teymurun mənəvi və ya real ziyan barədə hüquqi müstəvidə məsələ qaldırmağa tam haqqı var. Bunu işə hüquqşünasları, AŞF-ni cəlb etməklə də, təkbaşına da etmək olar. Sadəcə, xatırlatmaq istərdim ki, İddiaçılar Turnirində yeri federasiya yox, Teymur Rəcəbov qazanıb. Bu, Teymurun yeri idi. Ona görə də bu məsələdə özünün birbaşa iştirakı ilə mübarizə aparmaq olar. Rəcəbov iştirak etməsə, hər hansı mübarizə və ya addımlardan danışmaq artıqdır.


- Teymur Rəcəbov məhz koronavirusa görə yarışdan imtina etdiyini açıq-aşkar söyləmişdi. FIDE isə rəsmi açıqlamasında onun şəxsi səbəblərdən çəkildiyini göstərmişdi. Belə fərqli açıqlamaları nə ilə əlaqələndirərdiniz?

- Mən FIDE-nin qərarına səs verməmişəm. Bunu qurumda hər kəs bilir. Amma Teymur bu qərarı Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etməmişdən əvvəl vermişdi. Qərar verilmə mexanizmi martın 4-də başlamış və martın 6-da bitmişdi. Həmin vaxt Rusiya daxilində qadağalar yox idi, yarışlar keçirilirdi. Bilirsiniz ki, hətta koronavirus pandemiya elan olunduqdan sonra - 11 - 13 martda UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları keçirildi. Ayrı-ayrı ölkələrin milli çempionatları oynanılırdı. Biz o vaxt da demişdik ki, Teymur bir az tələsib. Hadisələrin inkişafı da bunu göstərdi. İndi isə onun üçün perspektiv yaranıb. Amma bir daha vurğulayıram: özü istəsə.

- Sizcə, İddiaçılar Turnirində geridə qalan ilk dövrənin nəticələri ləğv oluna bilərmi?

- Bilirsiniz, vəziyyət belədir ki, Dinq Liren 2 həftə Rusiyada karantində olmuşdu. Şahmatçılar bu yarışda iştirak etmək üçün məqsədyönlü hazırlıq keçmişdilər. Onlar şəxsi mənəvi əzabları nəzərə almadan oyun taxtasına oturmuşdular. Birinci dövrənin nəticələrinə görə, kimisi cədvəlin yuxarı, kimisi də alt pillələrindədir. Bütün bunlar müxtəlif suallar yaradır. Düşünə bilərlər ki, mən niyə Rusiyada özümü 2 həftəlik karantinə saldım. Nəyə görə sıralamada yuxarı sırada olanda turnir dayandırıldı? Yaxud da aşağı pillələrdə olanlar deyə bilərlər ki, niyə nəticələr sıfırlanmır, bu yerdən davam etdirilir. Çünki yarış dayandırılıb. Turnir başqa vaxtda fərqli şəraitdə olacaq. Bəlkə də yeni bir məkanda keçiriləcək, şahmatçıların digər kondisiyaları olacaq. Bunların hamısı böyük risklər və suallar doğurur və təəssüf ki, böyük məhkəmə perspektivləri yaradır. Bax, belə bir çətinlik var. Allaha şükür, şahmatçılar və təşkilatçılardan xəstələnən olmayıb. Bəziləri deyə bilərlər ki, bunu indi yox, bir-iki həftəyə bilmək olar. Ümidvaram ki, heç kim virusa yoluxmayıb.

- Nədənsə FIDE İddiaçılar Turniri davam etdiyi vaxt Ümumdünya Şahmat Olimpiadasını dayandırdı...

- Şahmat Olimpiadasını saxlamaq barədə qərar martın 24-də qəbul olundu. Artıq hadisələr böyük sürətlə inkişaf etdiyi üçün bu addım atıldı.

Elşən Məmmədov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu