"Dözmək lazımdır, bu bəladan ancaq elliklə qurtula bilərik" - Elçin Şıxlı

"Evdə qalmaq məsələsinə ümumən riayət edirəm, amma ərzaq dalınca çıxmaq lazım gəlir"
 
Yeni Covid-19 infeksiyası hazırda bütün dünyanın mübarizə apardığı, hər gün çoxlu sayda insanın ölümünə səbəb olan ümumbəşəri bir pandemiyadır. 

Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər.
Bununla belə hələ də bəzi  insanlar təhlükənin real olduğunu başa düşmür, hətta infeksiyanın olmadığı iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışırlar.

Başa düşmək lazımdır ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq.  Bu gün ən vacib, yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə çıxış yolu  evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmamaqdır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Sherg.az”-a açıqlamasında  infeksiya ilə mübarizə istiqamətində dövlət tərəfindən görülən tədbirləri müsbət qiymətləndirdiyini deyib və özü də gigiyena və izolyasiya qaydalarına əməl etdiyini bəyan edib:

“Təmizliyə daha çox diqqət yetirirəm. Evdə qalmaq məsələsinə ümumən riayət edirəm, amma ərzaq dalınca çıxmaq lazım gəlir. İşimizi hökümətdən əvvəl online qurmuşuq, ayın 15-dən bu rejimdə çalışırıq. Sadəcə dostlarla canlı ünsiyyətin olmaması adamı darıxdırır. Amma dözmək lazımdır. Bu bəladan ancaq elliklə qurtula bilərik. Sabaha ümidi itirməmək lazımdır! Sabah hər şey daha yaxşı olacaq”.

E. Şıxlı hesab edir ki, vəziyyətin bu qədər təhlükəli olduğu bir vaxtda  pandemiyanı ciddiyə almayanlar dar düşüncəli və məsuliyyətsiz insanlardır:

“Zənnimcə, ağlı başında olan adam, dünya xəbərlərini izləyən kəs bunu özü dərk etməlidir. Təşviş hissi isə təbii bir məqamdır. Sadəcə, savadsızlar təşvişdən sonra qorxudan başlarını itirirlər. Əhali arasında maarifləndirmə tədbirləri gücləndirilməli və hər kəs izolyasiya qaydalarına əməl etməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu